BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “2020-ci ilin 10 noyabr bəyanatı Azərbaycan dövlətinin, xalqının, Prezidentinin gücünü bir daha ortaya qoydu”

“10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanat Azərbaycan dövlətinin, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbənin nəticəsidir. Bu bəyanat Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol paşinyan, Rusiyanın Prezidenti Vladimir Putinin iştirakı ilə imzalanmışdı. Sənəd Azərbaycan dövlətinin, xalqının, Prezidentinin gücünü bir daha ortaya qoydu. Bununla da Vətən müharibəsi nəticəsində Ermənistan ordusu haqqında yaranmış mifi tamamilə darmadağın etdik. Azərbaycan bu müharibədən sonra ərazi bütövlüyünü bərpa etdi. Üçtərəfli bəyanat Ermənistan tərəfindən kapitulyasiya aktını imzalamaq kimi qiymətləndirilməlidir. Çünki həmin vaxt və ondan sonrakı müddətdə istər hərb meydanında, istər siyasi aləmdə, informasiya cəbhəsində diktə edən tərəf məhz Azərbaycan idi”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

 

Deputat bildirib ki, müharibə nəticəsində, demək olar, Azərbaycan işğal altında olan bütün torpaqlarını geri qaytara bilib: “Bəyanatda göstərilir ki, Azərbaycanın ərazisi tamamilə Azərbaycan Respublikasının nəzarətindədir. Bu gün istər İranla, istər Ermənistanla sərhədlərdə görürük ki, Azərbaycanın Dövlət Sərhəd Xidməti öz xidməti vəzifəsini icra edir, həmin sərhədlərdə üçrəngli bayrağımız dalğalanır. Bütün bunlar Azərbaycanın qələbə qazandıqdan sonra əldə etdiyi nəticələrdir. Biz müharibə dövründə və üçtərəfli bəyanatı imzalamaqla həm də Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı muxtar vilayətin olmadığını, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu, Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını qəbul edəcəkləri halda Azərbaycan dövləti tərəfindən onların təhlükəsizliklərinə zəmanət veriləcəyini, eyni zamanda Şərqi Zəngəzurun Azərbaycanın qədim torpağı olduğunu bir daha təsdiq etmiş olduq. Ermənistan bu bəyanatı imzaladıqdan sonra öhdəlik götürdü ki, Laçın, Kəlbəcər və Ağdam rayonu ermənilərin silahlı birləşmələri tərəfindən tamamilə təmizlənməlidir. Bir güllə atılmadan sözügedən rayonlar erməni işğalçılarından tamamilə təmizləndi. Deməli, 44 günlük müharibədə Müzəffər Ali Baş Komandanın rəhbərliyi, şəhidlərimizin qanı, qazilərimizin canı hesabına Azərbaycan xalqı və Azərbaycan Ordusu vahid “dəmir yumruq” şəklində birləşərək Ermənistan tərəfini belə bir kapitulyasiya aktını imzalamağa məcbur edə bildi. Üçtərəfli bəyanat əslində Azərbaycanın, Azərbaycan xalqının qələbəsini, Şərqi Zəngəzurun və Qarabağın erməni işğalçılarından təmizlənməsini özündə ehtiva edirdi. Ermənistan tərəfi bu sənədi imzalamaqla öz məğlubiyyətini, kapitulyasiyasını etiraf etmiş oldu. Beləliklə, Ermənistan bütün platformalarda Azərbaycana uduzmuş oldu. Bu bəyanatı imzalamaqla biz həm də illərlə Ermənistan tərəfinin 30 il müddətində heç nə əldə edə bilmədiyini ortaya qoyduq, “böyük Ermənistan” planını fiyaskoya uğratdıq. “Dağlıq Qarabağ”ın “status”unun müəyyən edilməsi məsələsi artıq arxivə getdi. Ermənistan və havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planlarının tamamilə altını üstünə çevirdik. Bundan sonrakı müddətdə regionda Azərbaycan maraqlarını özündə ifadə edən reallıqlar yarada bildik”.

 

Aytəkin Qardaşova

Tarix: 10 Noyabr 2022, 19:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin