BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “İran səfirimizi XİN-ə çağırırsa, səfirimizin də İrana deyəcəyi çox məsələlər var”

“İran anlamalıdır ki, Azərbaycan heç vaxt prinsipial mövqeyindən geri dönməyəcək. İran Azərbaycana qarşı nə edirsə, Azərbaycan da onu İrana qarşı edir. İran istəmirsə Azərbaycana qarşı səsləndirdiyi fikirlər bu formada qarşılansın, onda belə fikirlər səsləndirməsin, təxribatlara son qoysun. İran bunun əvəzinə  Azərbaycan səfirini Xarici İşlər Nazirliyinə çağırırsa, səfirin də İrana deyəcəyi çox məsələlər var. İran aydınlıq gətirsin ki, niyə Zəngəzur dəhlizinə maneə olur? Aydınlıq gətirsin ki, nə üçün sərhəddə təlimlər keçirir, Qafanda konsulluq açır, müsəlman ölkəsi İran nə üçün əli Azərbaycanın qanına batmış Ermənistanın cinayətkar rejiminin üzvləri, liderləri ilə qucaqlaşıb-öpüşür? Nə üçün bu addımları atır? İran bu suallara aydınlıq gətirməlidir. İstəmirsə Azərbaycan belə reaksiya versin, o zaman normal qonşuluq münasibəti nümayiş etdirsin. Etməyəcəksə, cavabını alacaq. Bunu bilsin! Azərbaycan bölgədə yeni reallıq yaradıb, güclü, müstəqil dövlətdir və öz prinsipiallığını, qətiyyətini cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hər zaman qoruyacaq”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

 

Deputatın sözlərinə görə, uzun illərdir, İran mediasında Azərbaycana qarşı təxribatlar davam edir: “Azərbaycan müstəqilliyini əldə etdiyi dövrdən başlayaraq İranın media orqanları, televiziyaları Azərbaycanın ünvanına müxtəlif ittihamlar, hədyanlar səsləndiriblər. İran bunu 30 ildir, davam etdirir. 30 ildə davamlı olaraq Ermənistana dəstək verdi, onun yanında oldu. Vətən müharibəsində qazandığımız qələbədən sonra cənab Prezident Cəbrayıl səfəri zamanı əlini Xudafərin körpüsünə uzadaraq bu körpünün dostluq körpüsü olduğunu dedi. Bununla İrana mesaj vermək istədik ki, münasibətləri sizinlə normallaşdırmaq istəyirik, keçmişdə etdiyiniz əməlləri kənara qoyun. Biz isə tam əksini gördük. İran təbliğatını davam etdirdi, Azərbaycanın ünvanına hədyanlar səsləndirdi. Belə olan halda, Azərbaycan uzatdığı dostluq əlinin İran tərəfindən geri çevrildiyini görür. Zəngəzur dəhlizinə maneəçilik törədilir, Ermənistana dəstək verir, mediasında Azərbaycana qarşı təbliğat və təxribat törədir, hərbi təlimlər keçirir... Belə olan halda İran Azərbaycandan nə gözləyirdi? İstəyirdi ki, təxribatlarına davam etsin, insanların beynini yusun, cavabında heç bir reaksiya verilməsin? Bu, mümkün deyil!”

 

Aytəkin Qardaşova

Tarix: 11 Noyabr 2022, 11:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin