BURADA REKLAMINIZ OLA
BİLƏR

Səməd Seyidov: “Birinci vitse-prezident Mehriban Əliyevanın addımı göstərir ki, Fransa özü-özünü regiondan və dünyadan təcrid etdi”

“Birinci vitse-prezident Mehriban xanım Əliyeva çox düzgün, düşünülmüş, milli maraqlarımıza uyğun, ağıllı, cəsarətli bir addım atdı. Bu addım Parisdə, YUNESKO-nun mənzil qərargahında əyləşən insanlara bir mesajdır. Düşünməyə vadar edən məsələ kimi qiymətləndirilməlidir. Mehriban xanımın YUNESKO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verməsi Birinci vitse-prezidentə heç bir problem yaratmır. Mehriban xanım İSESKO-nun üzvüdür, dünyada tanınmış siyasətçidir, mədəniyyətin, incəsənətin, Azərbaycan xalqının mədəni irsinin qorunması istiqamətində bundan öncə də böyük işlər görüb, indi də görür, bundan sonra da görəcək. Amma YUNESKO itirdi. Belə bir nüfuzlu şəxsi, bu cür əlaqələrə, nüfuza malik olan siyasi xadimi, dünyada tanınmış, sivilizasiyalar arasında körpü qurmaq iqtidarına malik olan siyasətçini, xanımı, görkəmli şəxsiyyəti itirdi. Kim qazandı? Heç kim. YUNESKO çox pis vəziyyətdə qaldı”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

 

S.Seyidov bildirib ki, bundan sonra YUNESKO-nun hər hansı formada Azərbaycanla əlaqələri normal şəkildə qura biləcəyinə inanmır: “Üzü olmayacaq. O cümlədən Fransa, Qərb sivilizasiyası itirdi. Ona görə də Fransadakılar düşünməlidirlər: Fransaya qarşı işləyirlərsə, öz işləridir, qoy davam etsinlər, ancaq gəlib burada erməni lobbisinin maraqlarını bizə təbliğ etməsinlər. Erməni lobbisinin işlərinə 30 il dözdük, səbirlə münasibətlərimizi danışıqlar prosesində göstərdik. Sonra isə özümüz taleyimizi həll etmişik. Və heç kimə də imkan verməyəcəyik ki, yaranmış reallığa, vəziyyətə hansısa başqa gözlə baxsın, müdaxilə etsin”.

 

Deputat vurğulayıb ki, YUNESKO-nun xoşməramlı səfiri çox məsuliyyətli bir işdir, vacib məsələdir: “Ancaq baxın, görün, beynəlxalq təşkilatlar Qərbdə, xüsusilə Fransada nə səviyyədədir ki, bu vacib təşkilatı faktiki beynəlxalq səviyyədə reytinqdə, demək olar, heçə endiriblər. Niyə? Ona görə ki tərəf tutur. Kim? Yenə də erməni lobbisinin maraqlarını əks etdirən şəxslər… Son zamanlar Fransada biz Fransanın milli maraqlarını deyil, sanki erməni lobbisinin maraqlarının fransız maraqları kimi təqdim edilməsinin şahidi oluruq. Birincisi, bu, Fransanın Avropa İttifaqı içərisində aparıcı dövlət olduğu halda, buna şübhələr yaradır. İkincisi, Fransanın Avropa İttifaqının məsuliyyətli və ən böyük ölkələrindən biri kimi vasitəçilik missiyalarının yerinə yetirilməsinə böyük sual işarəsi qoyur. Axı söhbət yalnız YUNESKO-dan getmir. Söhbət, o cümlədən bu günlərdə Fransa Senatında Azərbaycana qarşı hazırlanmış və qəbul edilmək ərəfəsində olan qanun layihəsindən, qətnamədən gedir. Eyni zamanda Azərbaycan Prezidentinin Fransa Prezidentinə “obyektiv ol, tərəf tutma, Fransa danışıqlarda iştirak edirsə, neytrallığı qorumalıdır” sözləri bunu çox gözəl sübut edir. Deməli, Fransada “virtual Qarabağ”, gəlir gətirən, istədikləri məqsədlərə nail olmaq üçün bir alətə çevrilmiş “Qarabağ” yaradıblar və bu, real olmayan, “virtual Qarabağ”ın regionda mövcud, əzəli torpağımız olan Qarabağa heç bir aidiyyatı yoxdur. Hətta daha artıq deyərdim. Burada yaşayan nə azərbaycanlılara, nə ermənilərə aidiyyatı olmayan, onların maraqlarını əks etdirməyən, dırnaqarası qurum kimi özləri tərəfindən istifadə olunan bir “Qarabağ”dır. Bu “Qarabağ” vasitəsilə onlar vəzifələr tutur, tədbirlər keçirirlər, deputatlığa namizədliklərini irəli sürür, hansısa dividendlər əldə edir, özlərini yazıq, vurulmuş göstərir, hansısa məqsədlərə nail olurlar və s. Bunun regionda gedən proseslərə heç bir aidiyyatı yoxdur. Mehriban xanımın addımı bir daha göstərir ki, biz yox, Fransa özü-özünü regiondan və dünyadan təcrid etdi. Niyə dünyadan və regiondan? Çünki Fransa belə davranışlarla regionda vasitəçi ola bilməz. İkincisi, regionda gedən proseslər ümumdünya prosesləridir. Bu proseslərə Avropa İttifaqı, ABŞ, Rusiya, Türkiyə və başqa dövlətlər daxildir. Onlar hamısı regionda davamlı sülhün və xalqlararası münasibətlərin normal şəkildə cərəyan olunmasında maraqlıdırlar. Fransa isə bu kimi addımlarla, yəni öz maraqlarını kənara qoyub, dünya proseslərindən özünü kənarlaşdıraraq erməni lobbisinin gündəliyi, təqvimi ilə işləyəcəksə, özü-özünü təcrid edəcək”.

 

S.Seyidov Birinci vitse-prezident Mehriban Əliyevanın YUNESKO-nun baş direktoruna ünvanladığı məktubunda “Ermənistanın işğalı nəticəsində Azərbaycanın mədəni irsinə dəyən zərərin qiymətləndirilməsi məqsədilə işğaldan azad olunmuş ərazilərə YUNESKO missiyasının tezliklə təşkilinə ümid edirik” mesajını isə belə şərh edib: “Etməyəcəklərsə, özlərini daha da pis vəziyyətə salacaqlar. Edəcəklərsə, deməli, özlərinə hansısa formada bəraət qazandırmaq cəhdlərini göstərəcəklər. Hər iki halda onlar hansısa bir hərəkət etməlidirlər. Çünki YUNESKO-nu Mehriban xanım zənginləşdirirdi. Onun səviyyəsi YUNESKO-ya töhfələr verirdi. İndi isə onların növbəsidir. Hansı addımlar atacaqlarsa, müşahidə edib, baxacağıq. Bizə və dünyaya uyğundursa, lap yaxşı. Deyilsə, özlərini daha da dərin quyuya salacaqlar. Necə ki sabah, bəlkə də, bu gün Fransa Senatı özünü bu quyuya salmaq istəyir. Bu yaxınlarda orda başqa böyük bir qalmaqal da baş verdi. Qara dərili fransalı sentorlardan biri çıxış edərkən zalda ona “sənin burada nə işin var, get Afrikada işlə” deyib, etiraz etdilər. Bax, Fransa parlamenti bu səviyyədədir. Nə qədər çox belə addımlar atacaqlar, bir o qədər çox özlərini pis vəziyyətə salacaqlar. Əsl YUNESKO-nun maraqları nöqteyi-nəzərindən Mehriban xanımın addımı düzgün addımdır. Vaxt çatacaq, düzgün YUNESKO onsuz da formalaşdırılacaq. İkiüzlülüklə fəaliyyət göstərən YUNESKO gündəmdən mütləq çıxacaq”.

 

Aytəkin Qardaşova

Tarix: 15 Noyabr 2022, 16:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin