BURADA REKLAMINIZ OLA
BİLƏR

AYDA-nın vəzifəli şəxslərini şantaj edənə AĞIR CƏZA

Ali Məhkəmədə hədə-qorxu ilə tələb etmədə ittiham olunan Fəzail Rəhimovun (şərti) barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Belə ki, qərar dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

 

İttihama görə, 1990-cı il təvəllüdlü Fəzail Rəhimov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) şirkətlərindən birinin 6 nömrəli tərəzi nəzarət məntəqəsində baş mütəxəssis vəzifəsində işləyən R.Məmmədova (şərti) 2020-ci ilin yanvar ayının ortalarında Sabirabad rayonu ərazisində olarkən zəng edib. Bildirib ki, o, guya həmin şəxsin bir neçə vətəndaşlardan rüşvət almaları ilə bağlı faktları əks etdirən səsyazısı və videogörüntü materiallarına malikdir. Həmin rüsvayedici məlumatları ictimailəşdirib yayacağı ilə R.Məmmədovu hədələməklə ondan 3 000 manat məbləğində pul tələb edib.

 

Bundan başqa, Fəzail Rəhimov həmin şirkətin 8 nömrəli rəisi vəzifəsində işləyən S.Quliyevə (şərti) 2020-ci ilin yanvar ayında Sabirabad rayonu ərazisində olarkən zəng edib. Deyib ki, o, guya həmin şəxsin bir neçə vətəndaşlardan rüşvət almaları ilə bağlı faktları əks etdirən səsyazısı və videogörüntü materiallarına malikdir. Həmin rüsvayedici məlumatları ictimailəşdirib yayacağı ilə S.Quliyevu hədələməklə ondan 3 000 manat məbləğində pul tələb edib.

 

Daha sonra Fəzail Rəhimov həmin şəxsləri bir neçə dəfə şantaj edərək müxtəlif məbləğdə pul alıb.

 

Şirkət əməkdaşlarının şikayəti əsasında saxlanılan Fəzail Rəhimov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə ittiham irəli sürülüb.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkum bu hökmdən narazı qalıb və apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Daha sonra Fəzail Rəhimov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

 

Kamal Məmmədov

Tarix: 15 Noyabr 2022, 16:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin