BURADA REKLAMINIZ OLA
BİLƏR

Elşad Miri: ““Siğə”də qadın “kirayə götürülmüş” olur, İslamdakı ailə modelinə ləkədir”

““Siğə” İslamdakı ailə modelinə ləkədir. Allah tərəfindən qəti olaraq haram buyrulan, adı dəyişdirilmiş zinadır. İslamda, “Quran”da “siğə” yoxdur. İnsanların ailə qurmaları üçün yeganə yol nikahdır. Bu yolun alternativi yoxdur. Buna baxmayaraq, bəziləri sonluğu “nikah” sözü ilə bitən müxtəlif adlarla qədim “peşə”ni yaşatmağa çalışırlar. Hətta buna dini don geyindirərək leqallaşdırmağa cəhd göstərirlər. Əslində bəzi ifadələr kimi “siğə” sözü də Azərbaycan dilinə fars dilindən keçib. Məsələn, fars dilindəki “siğiyyə” sözü müvəqqəti evlənmək mənasında işlədilir”.

 

Bu sözləri Pravda.az-a ilahiyyatçı Elşad Miri son günlər yenidən müzakirələrə səbəb olan “siğə” məsələsi barədə danışarkən deyib.

 

O bildirib ki, Azərbaycan dilinin izahlı lüğətində “siğə” çoxarvadlılığın bir növü kimi təqdim olunur, müvəqqəti nikah olduğu bildirilir: “Bu söz əslində ərəb dilində “muta”dır. “Muta” zövq almaq mənasını verən “təməttu” sözündən əmələ gəlib. “Təməttu” isə faydalanmaq, xeyir əldə etmək deməkdir. “Siğə” terminologiyada müəyyən məbləğ qarşılığında, müəyyən müddətə həyata keçirilən nikah kimi istifadə olunur. Kişi arasında nikah maneəsi olmayan qadına “bu qədər məbləğ qarşılığında səndən cinsi baxımdan faydalanım”, yaxud “bu qədər məbləğ qarşılığında məni cinsi cəhətdən faydalandır” deyərək təklif etsə və qadın bunu qəbul etsə, “siğə”nin həyata keçirildiyinə inanırlar. İslamın gəlişindən əvvəl ərəblər arasında nikah adı altında müxtəlif qadın-kişi münasibətləri mövcud idi. “Siğə” də əslində bunlardan biri olub. Müvəqqəti qurulan münasibətlərdən daha çox uzaq səfərlərə gedən kişilərin ehtiraslarını təmin etməsi, həm də əşyalarını saxlayacaq yer əldə etmək üçün istifadə olunurdu. Belə münasibətlərə dini don geyindirilməsi bunun leqallaşdırılmasına, yaxud həvəsləndirilməsinə təsir edir. “Siğə”nin halal olduğunu iddia edənlər bu cür nikah bağlamayan möminin kamil olmayacağını iddia edirlər. İslam Peyğəmbərinin “siğə”ni haram, yaxud halal etdiyini deməyin özü də Allahın elçisinə böhtan atmaqdır. Allahdan başqa heç kimin nəyisə halal etmək, yaxud haram qoymaq səlahiyyəti yoxdur. Bilməliyik ki, Peyğəmbərin haram qoymaq səlahiyyəti və ixtiyarı olmayıb. Allahın elçisinin vəzifəsi yalnız və yalnız təbliğ idi. Bunun üçün “Quran”da müvafiq ayələrə baxmaq kifayətdir”.

 

E.Miri deyib ki, “siğə”nin halal olduğuna inanlar bunun etibarlı olması üçün 4 şərt qoşurlar: “Hər iki tərəfin razılığı olmalı, şifahi olaraq bəyan edilməli, müəyyən məbləğ ödənilməli, müəyyən vaxt verilməlidir. Guya bu şərtlərdən biri həyata keçməsə, “siğə” etibarlı hesab edilmir. Məbləğin az, yaxud çox olması ilə bağlı heç bir məhdudiyyət yoxdur. Əsas məsələ hər iki tərəfin həmin məbləğə razı olmaları, qəbul etmələridir. Maraqlı məqamlardan biri vaxt məsələsidir. “Siğə”nin halallığını iddia edənlər onun minimum vaxtını da müəyyənləşdiriblər. “Siğə”nin ən az vaxtı bir dəfə cinsi münasibətdə olacaq qədərdir. Müəyyən vaxt bitəndən sonra kişi yenə başqa bir qadınla “siğə” edə bilər, yəni məhdudiyyət yoxdur. Eyni qadınla dəfələrlə “siğə” bağlayıb, münasibət qurula bilir. Həddi-büluğa çatmayan qızlar valideynləri tərəfindən “siğə” etdirilir. Qadının evli olub-olmadığını araşdırmaq zəruri deyil. Bu, bilinsə, “siğə” qüvvədən düşür, qadın məbləğdən məhrum olur. Müsəlman kişi yəhudi, yaxud xristian qadınla “siğə” edə bilər. “Siğə”də gizlilik əsas xüsusiyyətdir”.

 

E.Miri vurğulayıb ki, daimi nikahla müvəqqəti “siğə” arasındakı fərqi bilənlər “siğə” haqqında qərarlarını asanlıqla verəcəklər: “Nikahda vaxtdan söhbət getmir, daimidir, şahid şərti var, eyni qadınla boşandıqdan sonra ikinci dəfə ailə qurula bilər, yetkinlik tələb olunur, mənəvi rahatlıq, nəsil artırmaq düşüncələri var, şərt qoşulub-qoşulmadığı halda belə miras hüququ əksini  tapır, ailəli qadınla evlənmək qəti qadağandır, qohumluq münasibətlərində müəyyən məhrəmliklər yaranır, hər iki tərəf hakimə müraciət edib boşanma tələb edə bilir. Nikah aşkardır, gizli deyil. Qadın kişinin xanımı, zövcəsi adlanır. Siğədə isə qadın “kirayə götürülmüş qadın” olur...”

 

Aytəkin Qardaşova

Tarix: 16 Noyabr 2022, 08:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin