BURADA REKLAMINIZ OLA
BİLƏR

Kriminal avtoritet “Seymur Naxçıvanski” yenidən məhkəmə qarşısında

Ali Məhkəmədə quldurluq etməkdə ittiham olunan Firuddin İsmayılov, Kənan Müzəffərli, Kamran Abdullov və Dilbər Hacıyevanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası 2023-cü il yanvarın 12-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 9 il azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 2021-ci il aprelin 26-da Nizami rayon ərazisində yerləşən binaların birində qeydə alınıb.

 

Həmin binada yaşayan S.S (ad şərtidir) Nizami Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, yaşadığı mənzildə tək olan zaman bir nəfər qadın mənzilin qapısını döyərək qonşu olduğunu və onlara Ramazan ayı münasibəti ilə sovqat gətirdiyini deyib. Ev sahibi qapını açandan dərhal sonra pusquda dayanan 2 nəfər naməlum şəxs mənzilə daxil olub.

 

Həmin şəxslər zərərçəkənin üzünə yumruqla zərbə endirərək əllərində olan bıçaqla hədələyiblər. Ev sahibindən pul və qızıl-zinət əşyaları tələb ediblər. Qadın evdə pul olmadığını bildirəndən sonra isə həmin şəxslər evdən dəyəri 1000 manat olan qızıl-zinət əşyaları götürərək hadisə yerindən qaçıblar.

 

Qadının şikayəti üzrə hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən Kənan Müzəffərli və Dilbər Hacıyevanı saxlayıb.

Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri hadisə yerinə Kənan Müzəffərlinin avtomobili ilə gediblər. O, yolda müşahidə kameralarından yayınmaq üçün idarə etdiyi avtomobilin 90-PZ-465 dövlət qeydiyyat nişanındakı “P” hərfini xüsusi vasitələrlə “R” ilə əvəzləyib. Dilbər Hacıyeva isə ilkin ifadəsində hadisədən əvvəl həm ev sahibini qapını açmağa inandırmaq, həm də ki, kameralardan yayınmaq üçün baş örtüyündən istifadə etdiyini bildirib.

 

Təqsirləndirilən şəxslərin ifadələrindən və binanın kamera görüntülərindən məlum olub ki, onlarla birlikdə daha iki nəfər şəxsin bu cinayətdə əli var. Onlardan Kamran Abdulov axtarış zamanı tutulub. Cinayət işinin materiallarından görünür ki, bu işin əsas təşkilatçısı Seymur adlı şəxsdir.

 

Onun kimliyinin müəyyənləşdirilməsi istiqamətində aparılan araşdırmalar zamanı məlum olub ki, həmin şəxs dəfələrlə məhkumluq həyatı yaşayan Firudin İsmayılovdur.

 

Qeyd edək ki, Firudin İsmayılov Bakıda kriminal aləmdə “Seymur Naxçıvanski” ləqəbli avtoritet kimi tanınıb. Azərbaycanda dəfələrlə məhkumluq həyatı yaşadıqdan sonra Türkiyənin İstanbul şəhərinə köçüb. Törətdiyi əməlləri də orada davam edib. Orda da iki dəfə məhkumluq həyatı yaşayıb. Bir müddət əvvəl Türkiyədən Bakıya qayıdıb.

 

Firudin İsmayılovun saxlanması istiqamətində aparılan əməliyyat axtarış tədbirləri nəticəsində o, Azərbaycan sərhədindən Rusiyaya keçmək istəyərkən tutularaq istintaqa təhvil verilib və barəsində Nizami Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

 

Saxlanılan hər 4 şəxsə Cinayət Məcəlləsinin 181.2.1-ci (əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

 

Kamal Məmmədov

Tarix: 18 Noyabr 2022, 08:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin