BURADA REKLAMINIZ OLA
BİLƏR

Adambaşına 250 manat birdəfəlik yardım edilməlidir

Azərbaycan – Doğma məmləkət haqqında mənə yazmaq həm çox asandır. Həm də çox çətin və üzücü – asandır ona görə ki, iqtisadiyyatımızın “anatomiyasını” pis bilmirəm, çətindir ona görə ki, illərdir bu hökumətə dediklərimizə qulaq asmadılar, primitiv iqtisadi modeldən əl çəkmədilər deyə, ölkəni virus və postvirus dövründə ciddi iqtisadi problemlər gözləyir. Söhbət tək neft qiymətlərinin çökməsindən və hələ uzun zaman aşağı qalması ehtimalından getmir – bəli, bu əsas faktorlardan birincisidir və böyük təsirə malikdir, amma söhbət həm də ondan gedir ki, iqtisadiyyatımız və idarəetməmiz institutlaşmayıb deyə yardım imkanları və sxemləri çox məhduddur. Məsələn, dünya ölkələrinin Mərkəzi Bankları iqtisadiyyata pul səpir ki, ayaqda qala bilsinlər, amma bunun bəlli mexanizmləri var – qiymətli kağızlar bazarı, birjalar, otutuşmuş şirkətlər, banklar, investisiya fondları, onlara dəstək verməklə iqtisadiyyatı ayaqda tutmağa çalışırlar. Bizim Mərkəzi Bankın belə bir alətləri yoxdur – MB-ın heç böyük maliyyə ehtiyatı da yoxdur, amma tutalım, dəstək olmaq istəyir, hansı mexanizmlərlə?! Uçot dərəcəsini lap 1%-ə salsın, bu nə dəyişəcək ki?! Ölkə iqtisadiyyatı o qədər primitivdir ki, mürəkkəb və iqtisadi dəstək mexanizmləri yaratmaq mümkün deyil. MB uçot dərəcəsini 1%-ə salsa Banklar aşağı faizlə götürdükləri likvid vəsaitə həmən dollar alacaqlar, çünki YATIRIM ETMƏYƏ başqa qiymətli kağız yoxdur!

Gələk əmək bazarının strukturuna: 1) Turizm sektorunda rəsmi rəqəmlərə görə 23 min insan çalışır, sektor çöküb, amma bu sahədə çalışanların sayı daha çox idi - ən azı bu rəqəmi 2,5-ə vurmaq lazımdı, demli ölkədə turizm sahəsində 60 minə yaxın insan çalışırdı, onlar indi işsiz qalıb, yardım mexanizmi də yoxdur. Amma turizmin yap təsirləri də var idi axı – məsələn, Bakıdan Qəbələyə ərəb turistini daşıyan sürücü, yolda onlara səhər yeməyi verən kafe, təkəri buraxanda İsmayillida təkərini yamayan usta da qazancsız, vəsaitsiz qalıb, 2) Qeyri-ərzaq ticarəti və xidmət sektoru da çöküb – rəsmi rəqəmlərə görə ticarət və xidmət sahəsində 300 minə yaxın insan çalışırdı, bu rəqəmi də vurun 2,5-ə, ölkədə bu sahələrdə 700-750 min insan çalışır (Şadlıq Sarayları, kafelər, restoranlar, çayçılar, qeyri-ərzaq ticarəti və s.) – bəs onların aqibəti nə olacaq?! Gəlir yoxdusa necə dolanacaqlar?! Bu şəxslərə yardım mexanizmi də yoxdur, 3) Sosial məsələlər – ölkədə nə qədər insanın kirayədə qaldığı, nə qədər obyektin icarə ödədiyi məlum deyil. Çünki hökumət icarədən gələn vəsaitə 14% vergi qoyub, heç kim doğru-düzgün müqavilə bağlamayıb, müqvilələr ya heç yoxdur. Ya da çox aşağı qiymətlərlə rəsmiləşdirilib. Tutalım, hökumət qərar verdi ki, vətəndaşın və sahibkarın icarə pulunu ödəyəcək – hanı bunun mexanizmi?! Necə həl olunacaq bu məsələ?! Bəs illərdir demirdikmi ki, “kölgə iqtisadiyyatı”, qeydiyyatsız iş yerləri və icarə müqavilələri ciddi məsələdir, bəs nədən qulaq asmırdınız?! Deyirdik axı ki, icarədən vergini 2%-ə salın, hamı rəsmi müqavilə bağlasın, bu zaman indikindən hətta daha çox vəsait büdcəyə daxil olacaq – dinləmirdiniz, ona görə də indi yardım mexanizmləri yaratmaq müşkilə çevrilib, 4) İdarəetmə problemləri – Ölkədə idarəetmə də primitiv vertikala söykənib. Əslində mərkəzi hökumətin verdiyi qərarlarda olan boşluqları Mer institutu, Mer institutunun boşluqlarını yerli Bələdiyyələr qapatmalı, bunlardan qalan boşluqları isə Sivil Toplum tamamlamalı idi. Vətəndaş Cəmiyyəti belə durumlarda hökumətin əsas köməkçisinə çevrilməli idi – bizdə Mer institutu yox, Bələdiyyələr “ölü doğulub”, Sivil Toplum isə məhv edilib – indi bunun ciddi fəsadlarını yaşayırıq.

Siyanı uzatmadan yekuna keçim: Ölkəmiz çox ciddi iqtisadi problemlər va çağırışlar yaşayacaq, ÜDM kəskin azalacaq, iş yerləri qapanacaq, xarici ticarətdə mənfi saldo yaranacaq, manata basqılar artacaq – bu gün durub da qəliz və institutsional həll yolları tapa bilməyəcəyik, çünki bu hökumət 27 il itirib, 27 ilə edilməyəni 27 günə etmək mümkün deyil, amma bu bizə dərs olmalı, nəticələr çıxarılmalıdır. Bəs təcili nə etməli: 1) Kommunal xərclərə 3 aylıq tətil verilməlidir, tam pulsuz olmalıdır, 2) İstehlak və biznes kreditləri üzrə faiz hesablamaları təcili durdurulmalıdır, 3) Adambaşına minimum əmək haqqı səviyyəsində - 250 manat birdəfəlik yardım edilməlidir, 4) Kiçik və orta biznesə 6 aylıq vergi tətili verilməlidir, 5) Banklara da vergi güzəşti olmalıdır ki, faiz hesablamasınlar, 6) Təcili İnvestisiya Bankı qurulmalı, postvirus dövründə həmən həmin Bank kişik və orta biznesə çox aşağı faizlə və azı 3 il müddətinə kreditlər verməyə başlamaıdır. Amma ancaq real biznes layihələrinə pul ayrılmalıdır, 7) Bütün bunların bədəli kimi manat hələlik 20% devalvasiyaya uğramalıdır ki, həm dollar ehtiyatlarına qənaət rejiminə keçək, həm də sosial xərcləri ödəmək üçün mənbəə yaransın. Bir çox insan deyir ki, hamı evdə otursa dollara təlabat da azalar - əvvəla yanlış fikirdir, ikincisi isə ziyanlıdır, xaricdən mal gətirilməsi kəskin azalsa bu yaxşı hal deyil, deməli biznes daha dərin quyuya yuvarlanacaq. Ona görə də tələbi, istehlakı da canlı tutmaq lazımdı ki, heç olmasa nəfəs alsın, tam ölməsin...

 

Natiq Cəfərli

 

İqtisadçı

Tarix: 27 Mart 2020, 22:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin