BURADA REKLAMINIZ OLA
BİLƏR

Natiq Cəfərli: “Belə ayıb olmasın, 102 günə tuman, 78 günə isə corab dözməz”

“2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib. “Yaşayış minimumu haqqında” qanunun 4-cü maddəsinə görə məbləğın  hesablanması İstehlak səbətinə daxil olan ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlər orta bazar qiymətləri (tarifləri) ilə müəyyən edilir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

 

N.Cəfərli qeyd edib ki, istehlak səbətinin tərkibi və normaları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 182 nömrəli qərarı ilə təsdiq edilib: Əsl tragikomediya da minimum istehlak səbətinin tərkibinə baxanda üzə çıxır, əmək qabiliyyətli insanlar üçün istehlak səbəti hesablanarkən aşağıdakı normalar qəbul edilib:

 

- Çörək və çörək məhsulları – il ərzində 136 kq 800 qr, yəni, günə 375 qram (niyə bu qədər çox – çünki kalori norması da dolmalıdır deyə ən ucuz, amma ən çox kalori verən çörəyi bu qədər yüksək götürüblər),

 

- Kartof – il ərzaində 54 kq 800 qr, yəni, günə 150 qram (bu da ucuz, amma kalorisi çox olduğu üçündür),

 

- Ət və ət məhsulları (quş əti də daxil) – ilə 32 kq 900 qr, yəni, günə 90 qram,

 

- Kərə yağı – ilə 7 kq, yəni, günə 19 qram,

- Balıq və balıq məhsulları – ilə 7 kq 700 qr, yəni, günə 21 qram,

 

- Bitki yağı, marqarin və digər piylər – ilə 10 kq 900 qr, yəni, günə 29 qram.

 

Bu normalarla əmək qabiliyyətli insan dolana, normal qidalana bilərmi?!

 

İndi gələk qeyri-ərzaq məhsullarına:

 

- Palto tipli üst geyimləri qrupu – 8 ilə 3 ədəd (2,5 ilə 1 ədəd)

 

- Alt geyimləri – 2,5 ilə 9 ədəd (102 günə bir tuman düşür)

 

- Corab məmulatları – 1,5 ilə 7 cüt (78 günə bir corab)

 

- Ayaqqabı – 3,5 ilə 6 ədəd (213 günə bir cüt)

 

- İnternet xidmətlərindən istifadə haqqı 1 ailə üçün gündə 1 saat götürülməklə müəyyənləşdirilir.

 

Belə ayıb olmasın, 102 günə tuman, 78 günə isə corab dözməz, belə kriteriyalar qoyaraq istehlak səbətini hesablayırlar, sonra da yaşayış minimumu ölkə üzrə 246 manat müəyyən edirlər. Niyə belə aşağı hesablayırlar?! Onun da cavabı var: statistika siyasi ritorikaya xidmət edir, əgər yuxarı rəqəm, yəni, normal hesablamalar aparsalar, o zaman ölkədə yoxsulluq həddində yaşayan insanları sayı kəskin arta bilər, bizdə isə rəsmi rəqəmlərdə bu say əhalinin 5%-dən də aşağıdır. Eksperiment üçün istənilən məmura bir aya 246 manat pul verək (ərzaq, geyim, kommunal xidmət, dərmanlar və s. daxil 1 aya ehtiyaclarını ödəmək üçün), günün 24 saatını da online izləmək şansı yaradaq, əminəm ki, belə bir “reality show”-nu ölkə əhalinin tamamı maraqla izləyər, ən baxımlı şou-proqram olar...”

Tarix: 18 Noyabr 2022, 14:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin