BURADA REKLAMINIZ OLA
BİLƏR

Əkrəm Həsənov: “Azərbaycanda maliyyə amnistiyası işləməyəcək, çünki…”

“Azərbaycan kimi dövlətdə maliyyə amnistiyasını bir addımda həyata keçirmək olmaz. Çünki ölkədə qanunçuluq, normal məhkəmə sistemi yoxdur. İndi maliyyə amnistiyası elan olunsa, heç kim gəlib əmlakını bəyan etməyəcək. Deyəcək “nə olsun qanunda yazıblar, sabah buna məhkəmələr necə qiymət verəcək?” Bizdə məhkəmələrin əksər hallarda işi-peşəsi budur ki, qanunu ancaq sərf edəndə təfsir edirlər. Ona görə də maliyyə amnistiyası bu gün işləməyəcək. Əvvəlcə ölkədə qanunçuluq mühitini yaratmaq, qanunları təkmilləşdirmək, normal, müstəqil, savadlı, dürüst məhkəmə sistemi, məhkəmə qərarlarının icrası sistemini qurmaq lazımdır. Bundan sonra maliyyə amnistiyasından danışmaq olar”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında ekspert Əkrəm Həsənov deyib.

 

O bildirib ki, maliyyə amnistiyası bütövlükdə yaxşı addımdır: “Bu barədə mən də dəfələrlə təklif vermişəm. İstənilən dövlət yarananda ilkin kapital oğurluqdur, qanunsuzdur. Bu gün Azərbaycanda varlı insanların, bizneslərin ən az 90%-i korrupsiya, rüşvətlə, oğurluqla, talanma ilə formalaşıb. Bütün ölkələr bu yolu keçiblər. ABŞ gedib hindu tayfalarını qırıb, qızıl karvanları ilə məşğul olub, bir-birilərini öldürüblər, canilər, quldurlar bunun hesabına varlanıblar. Bizdə də elə. Hamı təklikdə pulu oğruladığı üçün gizlədir, oğurlayıb xaricə çıxarır. Burda öz adına keçirmir, qorxur ki, pulun hardan gəldiyini soruşacaqlar. Dövlətin inkişafının müəyyən mərhələsində ehtiyac var ki, elan etsin “kimin nəyi varsa, gətirsin öz adına çıxarsın, biz ondan bunu hardan əldə etdiyini soruşmayacağıq”. Varlı məmur, biznesmen də dövlət büdcəsinə qazandığının, məsələn, 10%-ni ödəyəcək və qanuni yolla həmin pulu istifadə edə biləcəklər. Amma bundan sonra kimsə korrupsiyaya yol versə, rüşvət alsa, dövlət onu qanunauyğun cəzalandıracaq. Bu gün Azərbaycanda məmurlar, biznesmenlər əksər hallarda pullarını öz adlarına keçirmirlər. Bu da onlar üçün problemdir. Öləndən sonra həmin biznesin, varidatın, əmlakın onların ailələrinə çatmasında problem yarana, yaxud onların yerinə gələn adam, hüquq-mühafizə orqanları hamısını əllərindən ala bilər. Bizdə qanunsuzluq çoxdur. Buna görə də belə adamlar maliyyə aministiyasının olmasında maraqlıdırlar, onlara sərf edir. Tutaq ki, bu illər ərzində 30-50 milyon qazanmışam, 10%-ni verirəm dövlətə, yerdə qalanını mənim adıma tanıyırlar. Dövlət üçün də maraqlıdır ki, həm qazanacaq, vergi alacaq, eyni zamanda həmin əmlak bundan sonra tam şəffaf ölkə üçün işləyəcək”.

 

Aytəkin Qardaşova

Tarix: 21 Noyabr 2022, 11:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin