BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Əllərində olsa, dərimi soyub məni asardılar”

"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun məhkəməsi yekunlaşmaq üzrədir.

 

Ötən prosesdə prokuror onun 15 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi. Bundan başqa, dövlət ittihamçısı iş adamına və onun yaxınlarına məxsus üzərinə həbs qoyulmuş 70 milyon manat dəyərindəki əmlakların da müsadirəsini tələb etmişdi.

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə iş adamının vəkilləri istintaqın yenilənməsi ilə bağlı vəsatət veriblər. Belə ki, Rasim Məmmədov onunla bağlı məhkəmə araşdırmalarından narazı qaldığını deyib: “İstintaq dövründə mənə əmlaklarımı, hətta atamın evini satdırıb 22 milyon manat ödətdirdilər. Hələ də mənə məlum deyil ki, 22 milyonu niyə ödəmişəm? Prokuror deyir ki, guya 185 milyon pul yemişəm. Siz təsəvvür edirsiniz, hansı rəqəmdən söhbət gedir? Bu, mümkün deyil. İnsanı onun çəkisinə uyğun ittiham edərlər. Yazırlar ki, xarici satışdan 60 milyon pul qazanmışam. Olmayıb axı... Məni bu dərəcəyə gətirməkdə məqsəd nədir?”

 

Vəkillər Zibeydə Sadıqova və Pərviz Məmmədov məhkəmə istintaqının yekunlaşmasına etiraz ediblər. Onlar qeyd edib ki, bir çox vacib məsələ araşdırılmayıb, bu halda, məhkəmə istintaqını yekunlaşdırmaq olmaz. Müdafiəçilər iş materiallarında olan iki fləşkarta və Rasim Məmmədovun qeyd dəftərçəsinə məhkəmədə baxış keçirilməsini istəyib: “Fləşkartlarda və dəftərdə çox vacib məlumatlar, o cümlədən “Baku Steel Company”nin gəlirlərinin hara və kimlərə verilməsi haqda qeydlər var. Məsələn, 2021-ci il yanvarın 28-də tutulan Rasim Məmmədov yanvarın 6-da dəftərinə onu həbs eləmək istədiklərini qeyd edib. Sözügedən dəftərçə cinayət işinin materiallarına əlavə olunub. Bu işdə nə qədər şirkətlərin adları çəkilir. Məhkəmə araşdırmadı ki, belə şirkətlər var, yoxsa yox, onların nizamnamələrində nə yazılıb...”

Ətraflı

 

Vəkillərin məhkəmə istintaqının yenilənməsi haqda vəsatətinə münasibət bildirən R.Məmmədov deyib ki, istintaq zamanı 19 ay ərzində onu dindirib bir çox məsələləri aydınlaşdırmayıblar: “Məni niyə Prezidentin gözündən salmalıdılar? Gec-tez hər şey açılacaq. Sübut edəcəyəm ki, mən oğru deyiləm. Nə vaxtsa sənədlər ortaya çıxanda cənab Prezident hər şeyi biləcək. Mən Azərbaycanın düşməni deyiləm. Vətən Müharibəsində, pandemiya dövründə - nə vaxt kömək lazım olub, eləmişəm. Vəsatətlərimizi, sənədlərimizi qəbul eləmirsiz, bəs mən günahsızlığımı necə sübut edim? Hər şeyim satılıb, özümə də 15 il həbs cəzası verilsin. Əcəb ədalətdir. Əllərində olsa, mənim dərimi soyub asardılar, yaxşı ki, belə cəza yoxdur”.

 

Prokuror isə məhkəmə istintaqının yenilənməsinə ehtiyac görməyib. Deyib ki, yeni hallar üzə çıxmadığına görə buna əsas yoxdur. Hakim vəsatəti təmin etməyib.

 

Növbəti proses dekabrın 5-nə təyin olunub. İş adamının vəkilləri növbəti prosesdə müdafiə çıxışı edəcəklər. Daha sonra Rasim Məmmədovun son söz deyəcəyi, ardınca isə ona hökm oxunacağı gözlənilir.

 

Xatırladaq ki, R.Məmmədov 2021-ci ildə DTX-nin keçirdiyi əməliyyatla həbs olunub. O, 185 milyon manatlıq yeyintidə ittiham olunur./Qafqazinfo

Tarix: 28 Noyabr 2022, 14:48   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin