BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan Ordusu anti-terror əməliyyatı keçirərək qeyri-qanuni erməni silahlılarını məhv edə bilər”

“Qarabağda yerləşən silahlı ermənilər qanunsuz sayılır, onların adları terrorçudur. Deməli, Azərbaycanın anti-terror əməliyyatı ilə bağlı məsələni gündəmə gətirməyə hüquqi haqqı var. Bu, hansı formada ola biləcək? Bu gün Azərbaycan Ordusu müasir, dəqiq silahlarla silahlanıb. Belə bir yanaşmanın ola biləcəyini istisna etmirəm: Rusiya sülhməramlı qüvvələri onlara verilən zaman çərçivəsində 10 noyabr bəyannaməsindəki 4-cü bəndi yerinə yetirmirlərsə, Azərbaycan ərazisində yerləşən qanunsuz erməni hərbi birləşmələri, texnika legitim hərbi hədəfə çevrilir. Əməliyyat şəraiti Azərbaycan Ordusunun nəzarəti altındadır. Hər tərəfdən mövqelərimiz var. Rus sülhməramlılarına və orada yaşayan dinc ermənilərə xələl yetirmədən dəqiq silahlardan atəş açaraq həmin texnikaları, döyüş sursatını darmadağın edə bilərik. Azərbaycan çox səbir göstərir, ancaq bu gün artıq dövlət səviyyəsində məsələyə narahatlıq bildirilirsə, Müdafiə Nazirliyi və digər qurumlar tərəfindən rus sülhməramlılarına iradlar tutulursa, cavab əməliyyatlarının olacağı istisna edilmir…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Polkovnik bildirib ki, Azərbaycan Ordusu anti-terror əməliyyatı həyata keçirərək təslim olan qeyri-qanuni erməni silahlılarını tərki-silah edə, təslim olmayanları məhv edə bilər: “Dünyada terrorçularla heç bir danışıq aparılmır. Belə halda bəyannamənin 4-cü bəndi Azərbaycan tərəfindən təmin edilmiş olacaq. 30 il ərzində də 4 qətnamə yerinə yetirilmirdi. Bizə deyirdilər ki, həlli yolu yoxdur. Ancaq Azərbaycan dövləti göstərdi ki, Azərbaycan maraqlarını hansı vasitələrlə olursa-olsun qoruyacaq. Bizim niyyətimiz sülhə, əmin-amanlığa doğrudur. Hər hansı terrorçunun ərazimizdə qalmasına yol vermərik. Kim bu terrorçuları istəyirsə, yığıb aparsın, öz ərazisində terror yuvası kimi saxlasın. Azərbaycan Ordusu cənab Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə qadirdir və bunu realda göstərə bilib. Azərbaycan öz ərazisində bütün təhlükəsilik tədbirlərini görməyə qadirdir. Azərbaycan Ordusu 30 il müdafiədə durmuş, silahlanmış erməni işğalçılarını darmadağın edərək 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi və öz gücünü həm Azərbaycan xalqına, həm də xaricdəki ermənipərəst qüvvələrə göstərdi. 2020-ci ilin 10 noyabr bəyannaməsinə görə, Azərbaycan, Rusiya və Ermənistan müəyyən öhdəliklər götürüb. Lakin sülh müqaviləsi bağlanmayıb, sərhədlər tanınmayıb. Buna görə də müharibə davam edir, sadəcə, atəşkəs elan olunub. Şükürlər olsun, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ərazi bütövlüyümüzü bərpa etmişik, dövlət sərhədində xidmətimizi aparırıq”.

 

Ş.Ramaldanov deyib ki, rus sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazi Azərbaycan ərazisidir: “Beynəlxalq qurumlar da bunu Azərbaycan ərazisi kimi tanıyır. Cənab Prezidentin dediyi kimi, bizim sözümüz də imzamız kimi etibarlıdır. Biz etibarlı tərəf kimi üçtərəfli bəyannamənin şərtlərinə əməl edir, üzərimizə düşən öhdəlikləri yerinə yetiririk. Lakin “əmma”sı da var. Əmması budur ki, artıq iki il keçib. Bu gün də cəmiyyəti haqlı olaraq narahat edən, Azərbaycan dövləti ilə razılaşdırılmayan hallar baş verir. Bunun arxasında həm revanşist, həm xaricdəki ermənipərəst qüvvələr, həm də sülhməramlı qüvvələr – Rusiya dayanır deyə bilərik. Sülhməramlıların vəzifəsi Qarabağda sülhü qorumaq, bərqərar etmək, Azərbaycan ərazisində yaşayan ermənilərin müəyyən şəkildə Azərbaycan xalqına inteqrasiyasına nail olmaqdır. Bununla bağlı işlər aparılmalı idi. Yavaş-yavaş ermənilər də bilməli idilər ki, Azərbaycan tərəfdən onlar üçün heç bir təhlükə yoxdur, onlar Azərbaycan vətəndaşlığını qəbul edərlərsə, Azərbaycan dövləti onları qoruyacaq. Biz isə bu gün başqa bir mənzərə görürük - qeyri-qanuni erməni silahlıları ağır texnika ilə hələ də Qarabağ ərazisindədirlər. Nə tərki-silah ediliblər, nə də Azərbaycan ərazisindən çıxarılmayıblar. Bütün dünyada bunların adı terrorçudur. Rus hərbi kontingentinin yerləşdiyi ərazidə erməni silahlıları rus sülhməramlılarının icazəsi ilə Azərbaycanın yaşayış məntəqələri və oradakı dinc əhali üçün təhlükə yaradır. Əvvəl daha çox Kəlbəcər ərazisində atəşkəsin pozulduğu barədə məlumat alırdıqsa, bu gün rus sülhməramlılarının yerləşdikləri ərazilərdən Azərbaycana tərəf atəş açılması barədə məlumatlara daha çox rast gəlirik. Cənab Prezident bu məsələ ilə bağlı ciddi işlər aparır. Laçın dəhlizini nəzarətdə saxlamaq, Laçın dəhlizinin yalnız humanitar məsələlər üçün istifadəsi istiqamətində nəzarət mexanizmini gücləndirmək məqsədilə böyük işlər görülür. Qarabağdakı qeyri-qanuni erməni silahlı qruplaşmalarının çıxarılması məsələsi hazırda gündəmdədir. Azərbaycan dövləti çox sərt şəkildə məsələni qoyub. Düzdür, Rusiyanın indiki vəziyyəti o qədər də ürəkaçan deyil. Ukraynada gedən döyüşlərin nəticələrinə görə Rusiyanın beynəlxalq imici aşağı düşür. Ermənilərin bundan istifadə edib Rusiyanın bazalarına qarşı qərbpərəst mövqe tutaraq Rusiya əleyhinə müəyyən addımlar atacaqlarını biləcəyik və Rusiya bunu göz önünə alır. Bilirik ki, indi Qarabağdakı rus sülhməramlılarının əsas heyəti Ukraynada döyüşür, bəzi məlumatlara görə, onların yerinə hətta ermənilər xidmət aparırlar. Belə olan halda, Rusiya əsas səbəblərinə görə hazırda konkret addım atmır, yaxud ata bilmirsə, üçtərəfli bəyanatda 4-cü bənd var…”

 

Aytəkin Qardaşova

Tarix: 28 Noyabr 2022, 16:50   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin