BURADA REKLAMINIZ OLA
BİLƏR

“Konstitusiya Məhkəməsinin qənaətinə görə, kişilərin rolu yoxdur, qadınlar təkbaşına uşaq doğur”

“Konstitusiya Məhkəməsi “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.13-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin II və III hissələrinə, 38-ci maddəsinin I və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair Qərar qəbul (https://constcourt.gov.az/az/decision/1325) edib. Deməli, Ombudsman Məhkəməyə sorğu vermişdi ki, “Sosial müavinətlər haqqında” Qanunun 4.0.1.13-cü maddəsi beşdən çox uşağı olan qadınlara müavinət nəzərdə tutub. Amma beşdən çox uşağı təkbaşına böyüdən kişilərə münasibətdə həmin müavinətin ödənilməsi nəzərdə tutulmayıb. Halbuki, Konstitusiyanın 25-ci maddəsinə əsasən kişi ilə qadının eyni hüquqları və azadlıqları var, dövlət cinsindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir, insan və vətəndaş hüquqlarını və azadlıqlarını cinsi mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Konstitusiyanın 38-ci maddəsinə görə isə hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla nəzərdə tutulmuş hallarda sosial təminat hüququna malikdir. Yeri gəlmişkən, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun 15.2-ci maddəsində də deyilir ki, dövlət kişi və qadınların sosial təminat hüququnun həyata keçirilməsində, ünvanlı dövlət sosial yardımının və digər sosial güzəştlərin alınmasında bərabər imkanların yaradılmasına təminat verir. Konstitusiyanın 149-cu maddəsinə əsasən normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Beləliklə, “Sosial müavinətlər haqqında” Qanun Konstitusiyaya ziddir. Kişilərə də analoji müavinət verilməlidir. Lakin Konstitusiya Məhkəməsi gender bərabərliyinin vacibliyini vurğulasa da, hətta Avropa təcrübəsindən buna tam uyğun misallar gətirsə də, yekunda belə nəticəyə gəlib ki, adıgedən Qanun Konstitusiyaya zidd deyil”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib.

 

“Düzdür, Milli Məclisə tövsiyə edib ki, Konstitusiyaya uyğunluğu (zidd deyilsə, hansı uyğunluqdan söhbət gedir?) təmin etmək üçün Qanunda kişilər üçün də analoji müavinəti nəzərdə tutsun. Amma əvvəlki təcrübədən bilirik ki, Milli Məclis demək olar ki, heç vaxt Konstitusiya Məhkəməsinin tövsiyələrini nəzərə almır. Çünki tövsiyə əsl ünvanı üzrə verilmir: axı qanun layihələri parlamentdə hazırlanmır! Deməli, Məhkəmə mövqeyini belə əsaslandırıb: “Burada qanunvericinin məqsədi beşdən çox uşağı doğan anaya uşaqların tərbiyəsində və böyüdülməsində maddi yardım göstərməklə yanaşı, demoqrafik inkişafın təmin edilməsi məqsədi ilə qadınları övlad dünyaya gətirməyə stimullaşdırmaqdır.” Yəni Konstitusiya Məhkəməsinin qənaətinə görə demoqrafik inkişafın təmin edilməsində kişilərin rolu yoxdur, qadınlar təkbaşına uşaq doğur. Özü də fikir verin. Deməli, qadın beşdən çox uşağı əri ilə birgə böyüdürsə belə (böyütməsə belə, alimenti alır), ona müavinət düşür. Amma təkbaşına bu qədər uşağı böyüdən kişiyə düşmür. Əlbəttə, normal hüquq sisteminə malik ölkədə Konstitusiya Məhkəməsi birmənalı olaraq deyərdi ki, belə qanun cinsi bərabərliyi pozur. Amma bu dəfə məsələ yalnız hüquqi yanaşma problemi deyil. Biz Roma papasından daha çox katolik olmuşuq. Bizdə matriarxat daha güclüdür. Məsələn, alimenti ödəməyən kişiləri hətta həbs də edirlər. Lakin məhkəmə qərarına baxmayaraq ataları ilə uşaqlarının görüşməsinə imkan verməyən boşanmış qadına qarşı heç bir tədbir görülmür...” – Ə.Həsənov qeyd edib.

Tarix: 29 Noyabr 2022, 22:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin