BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir Kərimli “Siyasi partiyalar haqqında” qanun layihəsindən danışdı: “Beş min imza toplamaq ağırdır, amma…”

““Siyasi patiyalar haqqında” qanun layihəsinə dəyişiklik edilməsi məsələsi parlamentdə təmsil olunan partiyaların hamısının rəyi əsasında qərara alınıb. Qanun anti-demokratik hesab olunursa, təkliflər vermək lazımdır. Təklif vermirsən, ehtimal edirsənsə ki, anti-demokratikdir, nə deyək? Belə çıxır ki, sən elə anti-demokratik olmasını istəyirsən. Təkliflər verərdin, keçməsəydi, onda bunu deyərdin. Məsələn, 10 min üzv, 20 min oturaqlıq senzi, hər rayonda 200 nəfərdən artıq üzvünün olması və s. Bu kimi təkliflər var idi, aradan qalxıb. İndi bu qanun xeyli dərəcədə loyallaşıb”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

 

Deputat bildirib ki, qanunla bağlı 50-yə yaxın siyasi partiya 250-dən çox təklif verib: “Bizim də təkliflərimiz olub. Milli Məclisdə son çıxışımda 20-dən artıq təklif və düzəlişlərimi səsləndirmişəm. Növbəti dəfə də bir neçəsini səsləndirəcəyəm. “Normativ hüquqi aktlar haqqında” qanun qəbul olunandan sonra vacibdir ki, yeni qanun qəbul edilsin, buna uyğunlaşdırılsın. Gizlətmək nəyə lazımdır? Qeydiyyatdan keçmiş 58 partiya var. Bunların mütləq əksəriyyətini heç kim tanımır, heç bir fəaliyyətləri də yoxdur. Ona görə də “Siyasi partiyalar haqqında” qanun qəbul edilir ki, normal fəaliyyət göstərən, özünü təsdiq edən partiyalar qeydiyyatda olsunlar, siyasi proseslərdə iştirak etsinlər. İslahatlar davam etsə, gələcəkdə proporsional seçki sisteminin bərpası da mümkündür. Sədri olduğum Vəhdət Partiyası üçün də, əlbəttə, ağırdır, çətindir ki, gedib yenidən 5 min imza toplayasan. Amma biz bunu etməliyik, özümüzü sınamalı, xalqa tanıtdırmalıyıq”.

 

T.Kərimli deyib ki, Azərbaycan dövlət qurulucuğunda yeni bir mərhələ başlayır: “Həqiqi mənada çoxpartiyalı sistemə keçmək. Nə gizləyək, bu günə kimi təkpartiyalı sistem idi. Yeni Azərbaycan Partiyası hakim partiya kimi fəaliyyət göstərir, digər partiyaların isə fəaliyyətləri çox zəifdir. AXCP və Müsavatın müəyyən qədər potensialının qalması onların hünərli olmaları ilə bağlı deyil ki. Sadəcə, Müsavat Partiyası əski Müsavatın – Rəsulzadənin varisi olduğuna görə ona müəyyən maraq qalıb. Bilirsiniz ki, AXCP də AXC-nin “baqajı”nı mənimsəyib. Ona görə də müəyyən qədər o xətt gəlir”.

 

Deputat yeni qanun layihəsinin beynəlxalq təşkilatlarla razılaşdırılmaması barədə səslənən fikirlərə də münasibət bildirib: “Bu, Avropa partiyalarında da var. Finlandiya bizdən iki dəfə kiçikdir, orda da 5 min nəfər üzv mütləqdir. Əlbəttə, nə yaxşı olar ki, rahatlıqla fəaliyyət göstərəsən, başın ağrımaya, köhnə qaydada gedəsən. Amma belə deyil axı. Zamanın tələbidir, hamımız özümüzü cəmiyyətə siyasi qüvvə kimi yenidən təqdim etməliyik. Bir halda ki, çoxluq yeni qanun layihəsinin qəbulu barədə qərara gəlib, qəbul etmək lazımdır. Kimlərsə ancaq tənqid edib, faktlar göstərmirsə, daha nə deyək? Kaş o faktlar göstəriləydi, biz də müzakirə edərdik, bəlkə, razılaşacaqdıq?”

 

Aytəkin Qardaşova

Tarix: 30 Noyabr 2022, 13:19   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin