BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Fransa ilə diplomatik əlaqələri tam kəsməyə tələsməmək olar”

“Bir müddət öncə Fransa Senatı da Azərbaycana qarşı qərəzli qətnamə qəbul etdi. Bu qətnamənin qəbul olunması hələ məsələnin görünən tərəfidir, yəni nəticədir. Sonradan parlamentdə qətnamə ətrafında aparılan müzakirələri görəndə, orda Azərbaycanın əleyhinə səsləndirilən əsassız ittihamları oxuyanda çox böyük təəssüf hissi keçirdim. Yəni bir ölkənin parlamenti bu dərəcədə hansısa prosesin oyuncağına çevrilə bilərmi? Həqiqətən, hiss olunurdu ki, Fransa parlamenti elə erməni diasporunun birbaşa diktəsini səsləndirir. Aşkar qərəzli mövqe, əsası olmayan ittihamlar... Orda həm də çox təhlükəli çağırışlar var idi. O çağırışlar ki, Azərbaycan kimi kifayət qədər çəkili bir dövlətlə münasibətləri qırılma həddinə gətirə bilərdi. Bu, bütövlükdə Fransanın özü üçün yaxşı heç nə vəd etmir…”

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Fransa Milli Assambleyasında Azərbaycan əleyhinə qəbul edilən qətnamə barədə danışarkən deyib.

 

Deputat bildirib ki, Senatdan sonra Fransa Milli Assambleyasında da qərəzli qətnamənin qəbul olunması Fransanın onsuz da bəlli olan mövqeyini bir daha göstərmiş oldu: “Artıq heç bir şübhəmiz yoxdur ki, Fransa ATƏT-in Minsk Qrupunda özünün həmsədrliyini məqsədli şəkildə, vaxtında təmin edib ki, münaqişə vəziyyətində təcavüzkar, işğalçı Ermənistanı dəstəkləsin, Azərbaycan ərazisində hər zaman separatizmi alovlandırsın. Qətnamənin qəbul olunması sübut edir ki, Fransa bütövlükdə Cənubi Qafqaz regionuna düşmən mövqe bəsləyir. Çünki Azərbaycanın təşəbbüsləri Cənubi Qafqazda təhlükəsilik arxitekturasının qurulmasına xidmət edir. Hansı ki, tarix boyu bu istiqamətdə cəhdlər ediblər, amma heç bir nəticə olmayıb”.

 

E.Mirbəşiroğlu vurğulayıb ki, Fransa Milli Assambleyasında qəbul edilmiş növbəti qərəzli qətnamə elə Fransanın rəsmi mövqeyidir: “Çünki qətnamənin müəllifi Prezident Emmanuel Makronun partiyasıdır. Bu gün Makron çıxıb desə ki, qətnamə Fransanın rəsmi mövqeyi deyil, onda bu, o deməkdir ki, Makron öz partiyasında gedən proseslərdən bixəbərdir, nəzarət edə bilmir. Necə ola bilər ki, hakimiyyətdə təmsil olunan iqtidar partiyasının mövqeyi ilə partiyanın hakimiyyətdə olduğu dövlətin rəsmi mövqeyi arasında belə kəskin fərq var? Fransa növbəti dəfə olduqca qeyri-səmimi, destruktiv mövqeyini nümayiş etdirdi. Fransada oturuşmuş, heç kimin şübhə etmədiyi bir reallıqdır ki, müdafiə, təhlükəsizlik, xarici siyasət məsələləri ilə bağlı hansısa bir qərar mütləq şəkildə Prezident Administrasiyasında filtirasiya olunur. Yəni PA-da razılşadırılır. Hesab edirəm, bu qərəzli qətnamənin də elə təşəbbüskarı rolunda Fransanın Prezident Administrasiyası dayanır. İndiki məqamda Fransa intensiv şəkildə belə destruktiv mövqe sərgiləməklə Cənubi Qafqaz regionunda vəziyyəti gərginləşdirməyə çalışır. Sözdə deyirlər ki, bu qətnamələrin hər hansı hüquqi qüvvəsi yoxdur, amma bu qətnamələr bir dövlətin rəsmi mövqeyini ortaya qoyursa, o dövlətin növbəti mərhələlərdə atacağı anti-Azərbaycan, praktiki addımlar ciddi narahatlıq yaradır. Ona görə də Azərbaycan Fransa ilə bağlı çox açıq mövqe səsləndirdi. Bildirdi ki, Fransanın iştirakı ilə dekabrın 7-də planlaşdırılan görüşdə Azərbaycan iştirak etmir, bu görüş baş tutmayacaq. Azərbaycan parlamenti Fransa Senatının qəbul etdiyi qərəzli qətnaməyə cavab olaraq yaydığı bəyanatda hökumətə çağırış etdi. O çağırışlara uyğun olaraq artıq real praktiki addımların atılması vacibdir. Yəni Fransa heç bir diplomatik-siyasi etiket göstərmədən bu dərəcədə aşkar şəkildə əadlətsiz mövqe sərgiləyirsə, biz də artıq sərt üzümüzü göstərməliyik. Bu gün Avropa İttifaqı Azərbaycanla hərtərəfli əməkdaşlığı təşviq edir, bu əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində addım atır, amma İttifaqın aparıcı ölkələrindən biri olan Fransa mövqeyi ilə Avropanın təhlükəsizlik məsələlərinə ciddi xələl gətirir. Çünki bu gün Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın əlahiddə rolu var. Hesab edirəm, biz elə İttifaqın digər ölkələrinə çağırış etməliyik ki, onlar da Fransa ilə bağlı öz mövqelərini bildirsinlər. Avropadakı vəziyyət, təbii ki, Fransadakı ümumi vəziyyətdən kənar deyildi. Yəni Fransa Avropa İttifaqının aparıcı dövləti, Avropa ailəsinin bir üzvü olmaqla Avropanın maraqları kontekstində də çıxış etməlidir. Yəni bu kontekstdə biz onun Azərbaycanın maraqlarına uyğun deyil, ədalətli mövqe sərgiləməsini istəyirik. Azərbaycan keçmiş münaqişə vəziyyətində haqlı idi. Fransanın da məhz ədalətli mövqe tutması, mahiyyət etibarilə, bizim üçün daha çox uyğun olardı. Amma təəssüf ki, Fransa aşkar qərəzli mövqe tutur və onun mövqeyi həm öz milli təhlükəsizliyi üçün, həm də Avropa üçün hazırda prioritet olan məsələlərə çox ciddi təhdid yaradır”.

 

Deputat Azərbaycanın Fransa ilə diplomatik əlaqələri kəsməsi, Fransaya sanksiyalar tətbiq etməsi barədə təklifləri belə dəyərləndirib: “Təbii ki, praktiki addımlara keçmək çox vacibdir. Amma diplomatik əlaqələri tam kəsməyə tələsməmək olar. Çünki siyasi təmkin göstərməyi bacaran bir dövlətik və bu, Azərbaycan dövlətinin xarici siyasətinin xarakterinə uyğun olan addımdır. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesindən Fransanın tam kənar tutulması üçün qəti siyasi iradə ortaya qoymaq lazımdır. Bunu da cənab Prezident edir. Digər praktiki addımların da atılması mümkündür. Avropa İttifaqına üzv olan ölkələrə məsələyə münasibət bildrmələri üçün çağırış edə bilərik. Sanksiya özündə nəyi ehtiva edir? Sanksiya iqtisadi, diplomatik, siyasi, hərbi əməkdaşlıqların məhdudlaşdırılması deməkdir. Mahiyyət etibarilə, sözügedən istiqamətdə addımların atılması ümumi sanksiyanın müəyyən elemetlərini təyin edir. Azərbaycan parlamentinin çağırışlarında onsuz da sankskiya elementləri var. Məsələn, Fransa rəsmilərinin aktivləri aşkar olunarsa, onlar dondurulsun, Fransa ilə iqtisadi əməkdaşlığa yenidən baxılsın. Konkret olaraq, Azərbaycan parlametinin çağırışlarına əsasən, Fransa ilə iqtisadi əməkdaşlığı məhdudlaşdırmaq vacibdir. Bu zaman Fransa üçün mühüm əhəmiyyət kəsb edən xüsusi sahələr üzrə məhdudlaşdırmalara getmək olar…”

 

Aytəkin Qardaşova

Tarix: 1 Dekabr 2022, 13:01   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin