BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Yalnız yaltaqların irəli getdiyini demək düzgün deyil, Əlisa Nicat gərək vaxtında müəyyən mövqe qazanardı...”

“Azərbaycanda yalnız yaltaqların irəli getdiyini demək düzgün deyil. Bizdə nə qədər insanlar var ki, kasıb ailədən çıxıb, amma bu gün vəzifədədir, müəyyən titular qazanıb, görkəmli alimdir, yazıçıdır. Bilirsiniz, mövqe məsələsi önəmlidir. Əlisa Nicata bir yazıçı kimi mənim də böyük hörmətim var. Amma onu “yaltaq deyil”, “kiməsə yaltaqlıq etməyib, ona görə maddi durumu aşağıdır” kimi xarakterizə edirlər. Xeyr. Əlisa Nicat gərək vaxtında müəyyən mövqe qazanardı, əlaqələri olardı. Ola bilsin, özü buna təşəbbüs göstərməyib. Təşəbbüs olmayandan sonra kimisə vəzifəyə zorla gətirib qoymaq olmaz…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Tahir Rzayev deyib.

 

“Elə insan var, deyirsən ki, gəl, vaxtında irəli çəkək, o isə deyir “yox, istəmirəm, sərbəst olmaq istəyirəm”. Lakin adam da var, karyerasını qurmaqdan ötrü özü təşəbbüs göstərir, yazır, müraciət edir. Görünür, bu, Əlisa Nicatda olmayıb. Digər tərəfdən, o, yazıları ilə məşğul idi. Yazıları oxunaqlı olub. İndi də yaşlanıb. Ancaq belə bir vaxtda onun müəyyən yazıçılar, Azərbaycan Yazıçılar Birliyinin qurultayı haqqında mənfi fikirlər söyləməsinin tərəfdarı deyiləm. Çünki bu, onun yaşına uyğun deyil. Əlisa Nicat artıq elə yaşdadır ki, ağıllı məsləhətlər, nəsihətlər verməlidir, müəyyən problemlər varsa, dialoq, mülahizələr yolu ilə aradan qaldırmağa çalışmalıdır. Amma o deyir ki, qurultay saxta keçirilib, qurultaya yaltaqlar yığışıblar. Bu, adamı qıcıqlandırır və ağsaqqala hörməti azaldır. Belə olmamalıdır. Sən özün tələb et ki, maddi vəziyyətim çətindir, yaxşı olar ki, AYB dəstək olsun, imkanlı yazıçılar varsa, səhhətim, yaşayışım üçün kömək etsinlər. Dövlətə müraciət etmək olar. Lap deputatlara müraciət edə bilər. Milli Məclisin deputatları tərəfindən nə qədər yazıçılar, müəyyən insanlar haqqında fikir yürüdülür, reaksiya verilir və həmin insanlara köməklik göstərilir. Ancaq durub dövlət, yazıçılar, AYB haqqında belə xoşagəlməz, uydurma, bəzi cavanların sözlərinə əsaslanaraq fikirlər söyləmək yazıçıya yaraşmır”, - o qeyd edib.

 

T.Rzayev Əlisa Nicatın maddi durumundan daha xəbəri olub-olmadığı barədə sualı belə cavablandırıb: “Xeyr, mən mətbuatda oxudum. Pis oldum. Nəinki Əlisa Nicat, Azərbaycan xalqının hər bir nümayəndəsi bizim üçün əzizdir. İmkan daxilində hər kəs kimsə ağır vəziyyətdədirsə, ona kömək əlini uzatmalıdır. Görürsünüz, bəzi televiziya verilişlərində insanlara maddi baxımdan kömək göstərilir. Mən bunu alqışlayıram. Biz də gizli şəkildə köməklik edirik. Rayonlara gedəndə imkansız şəxslərə əl tuturuq, maddi yardım edir, qayğısına qalırıq. Bunu aşkar şəkildə elan etmək düzgün deyil. Əlisa Nicat da müraciət etməli idi. Ölkəmizin rəhbəri, o cümlədən Birinci vitse-prezident Mehriban Əliyeva nə qədər imkansızlara əl tutub, yazıçıları müalicəyə göndərib, incəsənət xadimlərinə dəstək olub. Belə şeylər qeybətdən, qərəzdən uzaq olmalıdır. Bu, insanın alçalması demək deyil. Əlisa Nicat özü müraciət etsə, hamı dəstək olar…”

 

Aytəkin Qardaşova

Tarix: 2 Dekabr 2022, 11:48   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin