BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Aqil Abbas: “Çingiz Abdullayevin, Ramiz Rövşənin kiməsə yaltaqlanmağını eşitmisiniz?”

“Əlisa Nicatı yaxşı tanıyıram. Bəli, təkəbbürlü, öz sözünü deyən adamdır. Bir yerdə on il işləmişik. Çox savadlı, mütaliəli adamdır. Onun haqqında çox söz deyə bilərəm. Amma “kim yaltaqlanmırsa, irəli gedə bilmir” fikri nomal fikir deyil, yerində səslənməyib. Necə yəni yaltaqlanmır, irəli gedə bilmir, filan etmir... İnsanların bir-birinə xoş, ya da pis münasibəti ola bilər. Məsələn, Çingiz Abdullayevin kiməsə yaltaqlanmağını eşitmisiniz? Amma Çingiz Abdullayev Xalq yazıçısıdır, kitabları neçə ölkədə çap olunur, Azərbaycan Yazıçılar Birliyinin də birinci katibidir. Bəs Ramiz Rövşənin kiməsə yaltaqlandığını eşitmisiniz? Yox! Müxalifətdə olub, həmişə iqtidarı da tənqid edib. Amma Ramiz Rövşən Xalq şairidir, hökumət ona ev də bağışlayıb…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, yazıçı Aqil Abbas deyib.

 

Deputat yazıçı Əlisa Nicat və onun kimi insanların maddi durumunun aşağı olma səbəbini neft gəlirlərinin ədalətli bölüşdürülməməsində görənlərə isə belə cavab verib: “Neft pulunu gətirib mənə verəcəklər? Neft pulunu müharibəyə, iqtisadiyyatın müəyyən sahələrinə xərcləsinlər, aztəminatlı ailələrə yardım etsinlər. Mən yazıçıyam, gətirib, mənə verməlidirlər ki, sağ ol? Yazıçısan, yazmısan, qonorarını almısan, kitabın çıxıb. Sadəcə, bizdə kitab satışı yaxşı təşkil olunmayıb. Vaxtilə baza var idi, rayonlara kitab göndərirdi, indi heç rayonlarda kitab mağazaları da yoxdur. Heç birində! Bütün rayonlarda oluram, gəzirəm, görürəm. Hə, tutaq ki, Qazaxda şair, yazıçı çoxdur deyə, Ədəbiyyat Muzeyi də var, kitab satışı da. Bəs başqa rayonlarda niyə yoxdur? Bununla maraqlanan varmı? Təkcə Bakıdakı kitab mağzaları ilə iş olar? Əsas məsələ budur. Əlisa Nicatı sevirsənsə, get, kitabını al. Əlisa Nicat olmasın, başqa yazıçı olsun. Kimi sevirsən, get, kitabını al, adam ol də. Kitab insanı adam edir. Kitab oxumayan adam çətin məsələdir.... Bir maraqlanın, görün, Əlisa Nicatın kitablarını çap edən nəşriyyatlar ona qonorar verirlər? Yox... Cüzi bir şey verirlər. Bəs kitablarının satışı məsələsini həll edə biliblər? Yox... Mətbuatda oxumuşdum, Xan Nəşriyyatıdır nədir, ya deyəsən, Kitabevim.az idi, deyir ki, beş yüz kitabını çap etmişik, hələ indiyəcən yüz əlli yeddisini sata bilmişik. Oxucu yardım etmək istəyirsə, Əlisa Nicatın kitabını alsın. Mən onun, demək olar, kitablarının hamısını almışam. Həm özündən, həm də kitab sərgilərinə gedəndə almışam. Mənim üçün maraqlı adamdır. Yazıçı olmağımda da rolu olub. Əlisa Nicat mütaliəmdə də vaxtilə böyük rol oynayıb. Bir yerdə işləyəndə tapılmayan qiymətli kitablar gətirirdi, mənə oxutdururdu. Deyirdim oxumuşam. O isə oxutdurandan sonra imtahan edirdi. İmtahandan qiymət alsam, tapılmayan ayrı kitab da verirdi. Kitabları 500 tirajla çap edilib, oxucu oxumur, sonra da deyir ki, niyə Əlisa Nicata yardım etmirlər. Sən elə də yardım, oxucusan...”

 

Aytəkin Qardaşova

Tarix: 3 Dekabr 2022, 08:45   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin