BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Baba Vəziroğlu: “Kimsə hardansa nəsə alır, harasa işləyirsə, bunun mənə nə dəxli var ki?”

“Bütün dırnaqarası qınaqlara cavab verməmək də olardı. Milçək böyük bir şey deyil, amma ürək bulandırır. Təbii ki, bu ürəkbulandırıcı rəylər, düşünülmüş şəkildə, xəbiscəsinə deyilən böhtanlar mənim heç vecimə də deyil. Məhəbbət şairiyəm, qürub çağı günəşin batmasından, nakam sevgi hekayəsindən tutmuş, qəlbində sevgisi, məhəbbəti olan hər kəsə ünvanladığım şeirlərin hamısı səmimidir, ürəyimdən gəlir. Hər biri konnekturadan, kampaniyaçılıqdan uzaqdır. Şair vəsf edir də. “Nəsimi” filmində də deyilir “vəsf eylə məni, şair...” Amma mən “vəsf zamanı deyil” demirəm. Mirzə Ələkbər demişkən, “şairəm, vəzifəm budur, şeir yazım...” Məmur deyiləm ki, rəislərimə şeir yazam, biznesmen deyiləm ki, inzibati orqanlardan çəkinim, onları tərifləyim. Mən ürəyimin sözünü deyirəm. Ulu öndər Heydər Əliyevə “Sən elə bir zirvəsən” mahnısını yazmışam. O, uzun illərin sevgisi, məhəbbəti, ehtiramı idi ki, birdən-birə gözəl şeirə, nəğməyə, Heydər Əliyev ömrü haqqında bir himnə çevrildi…”

 

Bu sözləri Pravda.az-a Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu Prezident İlham Əliyevə tərif səsləndirdiyi üçün qınanması bağlı danışarkən deyib.

 

O bildirib ki, “Cənab Ali Baş Komandan” şeiri müharibənin ilk günlərində yazılıb: “Yəni 10 milyon insan, sərhəddən kənardan olan azərbaycanlılar kimi mən də baxırdım, qürurumdan yerə-göyə sığımırdım. Bəs həmin məqamda nə yazmalı idim? Öz də müharibənin ilk günündən bilirdim ki, qələbə bizimdir. Çünki İlham Əliyev inamla, Azərbaycan xalqına güvənərək elə danışırdı ki, bilirdim, gec-tez xalqımız qələbə çalacaq. 44 gün olacağını, düzü, güman etmirdim. Ordunu məğlub etmək olar, amma ayağa qalxmış 10 milyon xalqı - özü də İlham Əliyevin sərkərdəliyi ilə - məğlub etmək mümkün deyil. Söhbət bundan gedirsə, mənim mövqeyim belədir. Normal işi-gücü olan adam, belə şeylərlə məşğul olmaz. Mən həmişə həqiqəti yazıram. İstər bu həqiqət Kəmaləddin Heydərova aid olsun, istər başqa bir məmura. Keçən dəfə iki icra başçısını da tərifləmişəm, amma həm də demişəm ki, başçıların 70%-ni dama basmaq lazımdır. Doğrudan da, həmin icra başçılarını görmüşəm, xalqın arasında seçilmirlər, qapılarında mühafizəçi yox, əlində “lapatka” gedir, təmizliyə baxır, rayonda yaşayan 70 min əhalinin sadə, siravi üzvüdür. Bəs mən bunu deməyim? Bu həqiqəti qələmə almayım? Yaxşıya yaxşı, yamana yaman deyirəm, burda nə var ki? Azərbaycan ziyalısının mövqeyi, məncə, belə də olmalıdır. Kimsə hardansa nəsə alır, harasa işləyirsə, bunun mənə nə dəxli var ki? Cənab Prezident haqqında, yaxud başqa vicdanlı bir məmur haqqında xoş bir söz deyiləndə rus demişkən “çest”lərinə toxunur. Toxunsun də. Yel qayadan nə aparar? Bu frazanı cənab Prezidentə də aid edə bilərəm – Sən elə bir zirvəsən, küləklər neyləyəcək?  Bunlar külək də deyillər, heç meh də... Ventilyator fırlanıb süni, yalançı bir yel qoparır, bax, onlar da elədir. Çox baş qoşmaq lazım deyil…”

 

B.Vəziroğlu Prezidentin pişiklə fotosunu müzakirə edənlərə isə belə münasibət bildirib: “Bu barədə danışmaq, sadəcə, ayıbdır. Hər kəs özünü güzgünün qabağına qoyub, baxmalıdır ki, mən nə danışıram? Dünyada, bəlkə də, Allahın insana verdiyi ən böyük sevgi heyvana qarşıdır. Çünki heyvan dilsiz-ağızsızdır, dərdini, ağrısını deyə bilmir. Heyvanlar həmişə insanlardan mərhəmət umurlar. İnsanlardan o istiliyi, hərarəti görəndə... Bəlkə, heyvanların da bir xeyir-duası var, çünki Allahın yaratdığı canlılardır. Bəlkə, bizim işlərimizin, uğurlarımızın belə olmasında onların xeyir-duası, ruzisi var. İnsanın heyvana münasibətini qınamaq, bunu dilə gətirmək olar? Buna, sadəcə, söz tapmıram. Allah o insanları bədbəxt yaradıb ki, görün, nəyi insana çox görürlər. Yaxşı, psixoloji problemləri olan bir adam pişiyi öldürəndə, kimsə küçədə heyvanı maşınla vuranda bütün millət onun üstünə düşür. Bir qəssab pişiyin ayağını kəsmişdi, millət onu qınadı, linç etdi. Bəs nə oldu, indi mərhəmət göstərəndə, heyvana xoş münasibət olanda həmin adamların bir hissəsi 180 dərəcə bu tərəfə döndü? Anlaya bilmirəm. Təbii ki, bunlar hamısı süni şəkildə dövlətimizə, dövlətçiliyimizə kölgə salmaq, heç bir böyük səbəb tapa bilməyəndə belə xırda bir detallardan yapışan, özü də Allahsızcasına yapışan adamlardır. Boğulan saman çöpündən yapışdığı kimi, bunların da son variantları budur. Böyük Tolstoy demişkən, “vətənpərvərlik” əclafların son sığınacaq yeridir. Görür ki, əməldə, həyatda heç nəyə nail ola bilmir, ona görə də son vasitə kimi yalançı vətənpərvərliyə əl atmağa və boş-boş şüarlar söyləməyə başlayır. Kimimiz vətən üçün şüarlar söylədik, kimimiz öldük... Mən həmin şeirləri vətən üçün ölənlərə, mübarizə aparanlara yazıram, vətən üçün şüarlar deyənlərə yox...”

 

Aytəkin Qardaşova

Tarix: 5 Dekabr 2022, 18:10   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin