BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycan Dəmir Yolları"nın qətl törədən sabiq əməkdaşı ilə bağlı QƏRAR

Sumqayıt Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Xanəhməd Rüstəmovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrlik etdiyi prosesdə qərar elan olunub.

 

Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Rüstəmova 19 il müddətinə həbs cəzası verilib.

 

İttihama görə, Xanəhməd Rüstəmov quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürüb, yəni digər şəxsi qəsdən həyatdan məhrum edib, yaşayış sahəsinə qanunsuz olaraq girib silah qismində istifadə edilən əşya tətbiq edib zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluq edib.

 

Hadisə 2021-ci ilin noyabrında Sumqayıt şəhərində qeydə alınıb.

 

Belə ki, Sumqayıt şəhər sakini X.Rüstəmov oğurluq məqsədilə 1945-ci il təvəllüdlü Züleyxa Osmanovanın evinə daxil olub. O, Z.Osmanovanın evdə olduğunu bildikdə daş parçası ilə onun baş nahiyəsinə xəsarətlər yetirib, daha sonra isə boğaraq öldürüb.

 

Xanəhməd Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.11-ci (Qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (Quldurluq) maddələri ilə ittiham irəli sürülüb.

 

Qeyd: Xanəhməd Rüstəmov "Azərbaycan Dəmir Yolları" QSC-nin Mühafizə Departamentinin Hacı Zeynallabdin Tağıyev yüklərin və obyektlərin mühafizə komandasının atıcısı işləyib.

 

O ifadəsində bildirib ki, müxtəlif banklara və lombarda ümumilikdə 6300 manat borcu olduğu üçün çıxılmaz vəziyyətdə qalıb. Həmin borcları qaytara bilmədiyi üçün oğurluq etməyi düşünüb, daha sonra belə bir cinayətə əl atıb.

 

Kamal Məmmədov

Tarix: 7 Dekabr 2022, 08:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin