BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Ələsgər Məmmədli: “Azərbaycan 10 noyabr bəyanatından çəkilib, qaldığı yerdən davam etməlidir…”

“Son hadisələr göstərir ki, Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilən xüsusi təyinatlı birlikləri sülhməramlı missiya yox, işğalçı siyasət yerinə yetirir, Azərbaycanın suveren ərazilərində birmənalı olaraq özlərinin qeyri-qanuni hakimiyyətini formalaşdırır. Azərbaycan jurnalistlərinin bölgəyə buraxılmaması, onlara qarşı zorakı tədbirlər görülməsi, maneə yaradılması Azərbaycanın suveren ərazisində və informasiya dəyəri olan mühitdə jurnalistlərimizin işləməsinə qanunsuz məhdudiyyətdir. Bu, birbaşa suverenliyimizi təhdid etmək, pozmaqdır. Azərbaycan tərəfi artıq 2020-ci il 10 noyabr bəyanatının işləmədiyini aydın şəkildə görməli, bununla bağlı zəruri addımlar atmalıdır…”

 

Bu sözləri Pravda.az-a hüquqşünas Ələsgər Məmmədli İctimai TV və Real TV çəkiliş qrupunun Rusiyanın sülhməramlı kontingenti tərəfindən Azərbaycanın suveren torpaqlarına buraxılmaması barədə danışarkən deyib.

 

O, 10 noyabr bəyanatını üç aspektdən səciyyələndirib: “Birinci aspekt bu idi ki, müharibə dayansın və ərazilərimiz boşaldılsın. İki tərəf üçün konkret öhdəlik var idi. Azərbaycan müharibəni dayandırdı. Üç rayonun ərazisi, biri istisna olmaqla, tam azad olundu. İkinci aspekt - Azərbaycan Laçın dəhlizinin, Ermənistan da Zəngəzur dəhlizinin təhlükəsizliyinə təminat verməklə dəhlizi digər tərəfin istifadəsinə açmalıdır. Azərbaycan dərhal bunu reallaşdırdı. Hətta əlavə yol da çəkdi, onların istifadəsinə verdi. Amma bu günə qədər Zəngəzur məsələsi həll olunmayıb. Üçüncü aspekt – qeyri-qanuni erməni silahlı birləşmələri çıxarılaraq yerinə rus sülhməramlıları gəlməli idi. Amma ermənilər çıxmadan sülhməramlılar gəldi. Yəni bu anlaşmada faktiki olaraq Azərbaycan tərəfinin leyhinə üç məqam var və Azərbaycan bunun üçünü də yerinə yetirib. Ermənistan isə yalnız Ağdam, Laçın və Kəlbəcəri boşaldıb. Sülhməramlılar sistemli şəkildə Qarabağda mandatlarına zidd başqa işlərlə məşğul olurlar, bölgəyə silah daşınmasını təmin edirlər, bölgəni sivil dəhliz deyil, hərbi sursatdaşıma dəhlizinə çevirirlər. Son olaraq, İranın xüsusi şəbəkəsinin ora gəlməsi Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü təhdid edən məsələlərdir. Ona görə də Azərbaycan tərəfi ləngimədən sülhməramlı missiyanın mandatına zidd hərəkətini səbəb gətirib, 10 noyabr bəyanatından çəkildiyini bəyan etməlidir, vaxt verərək bunun üçün şərt qoymalıdır. Qeyd-şərtsiz, ən qısa müddətdə erməni silahlı birləşmələri tamamilə ərazilərimizdən çıxarılmalı, rus sülhməramlıları yalnız sülhməramlı missiya icra etməli, Azərbaycanın suveren hüquqlarının reallaşmasına, medianın fəaliyyətinə, ekologiyanın təhlükəziliyinə əngəl törətməməlidir. Üçünücüsü, Zəngəzur dəhlizi açılmalıdır. Bunlar olmursa, 10 noyabr bəyanatında qalmağın mənası yoxdur. Azərbaycan bəyanatdan çəkilib, qaldığı yerdən davam etməlidir…”

 

Aytəkin Qardaşova

Tarix: 7 Dekabr 2022, 17:36   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin