BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Elman Məmmədov: “Ruslara sülhməramlı mandatını kim verib?”

“Görüntüləri bir neçə dəfə izlədim. İctimai televiziyanın jurnalistinə təşəkkürümü bildirirəm. O, rus sülhməramlılarının əyani şəkildə iç üzünü, satqınlığını, cinayətkarlığını açıb, ortaya qoydu. Kadrlarda baş verənləri biz iki ildir, müşahidə edirik, danışırıq, ancaq heç bir nəticəsi yoxdur. Sülhməramlıların nəzarət etdiyi Azərbaycan ərazisindən İran, Gürcüstan maşınları keçirdi. Təbii ki, Gürcüstana məxsus avtomobilin sükanı arxasında oturan gürcü deyil, ermənidir - orada yaşayan ermənilərdir, sərbəst gəlib-gedirlər. Belə çıxır ki, Azərbaycan ərazisinə Azərbaycan vətəndaşlarından başqa hamı gəlib-gedə bilər – bütün cinayətkarlar, terrorçular, Azərbaycanın düşmənləri... Bunların hamısı üçün sülhməramlıların şlaqbaumu açıqdır, yolu hazırdır, amma azərbaycanlılara olmaz. Bu, bizə deməyə əsas verir ki, sülhməramlılar ərazilərimizə gəldikləri gündən həmin əraziləri sanki özününküləşdiriblər. Yəqin, bunlara belə tapşırıq verilib, Moskvadan deyilib ki, “Qarabağ bizim ərazimizdir, hər şey bizim nəzarətimizdədir, bizsiz heç kim orda hərəkət edə, iş görə bilməz...””

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

 

Deputat bildirib ki,  sühməramlıların hərəkətləri, mövqeyi hamısı göz qabağındadır: “Onlar bu mövqelərindən geri çəkilmək fikrində deyillər. Sülhməramlıların komandanının kim olmasının heç bir əhəmiyyəti yoxdur. Sabah başqası gəlsə, yenə eyni şey olacaq. Çünki mövqe Moskvanındır, tapşırığı Moskva verir ki, İrandan gələn terror qruplaşmaları, erməni quldurları üçün silah-sursatı, erməni cinayətkarlarını, Avropa ölkələrindən gələn ermənipərəst, cinayətkar siyasətçiləri, iti-qurdu buraxın, amma azərbaycanlıları həmin əraziyə buraxmayın. Bax, buna görə də məsələni belə qoymalıyıq – həmin yolda Azərbaycanın sərhəd buraxılış məntəqəsi, Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Təhlükəsizliyi Xidmətinin postu qurulmalıdır. Bilsinlər ki, “bura mənim ərazimdir, bu yola mən nəzarət edəcəyəm, sən sülhməramlısan, mandatına yazılıb ki, orada gediş-gəlişin təhlükəsizliyini təmin etməlisən, yazılmayıb ki, sən sərhədçisən, ya gömrükçü...” Açıq-aydın görünür ki, sən kimsən – sən terrorçular, separatçılar, quldurlarla əlbir olan, sıradan bir cinayətkarsan - Vitali Balasanyanla, Vardanyanla, Araik Artyunyanla oturub-duran cinayətkar! Onların pulu ilə yallanan cinayətkar! Budur sənin iç üzün...”

 

E.Məmmədov sülhəmarlıların yaxasında “Z”, postun üzərində isə “V” işarəsinin olması, eyni zamanda sülhməramlılar arasında müqavilə ilə gələn 20 yaşlı təcrübəsiz əsgərlərin çoxluq təşkil etməsinə isə belə münasibət bildirib: “Sülhməramlı qüvvələr haqqında BMT-nin müvafiq qayda-qanunu var. Ruslara kim sülhməramlı mandatını verib? Bunlar özləri özlərinə sülhməramlı mandatı veriblər. Guya bunlar sülhməramlıdırlar. Axı sülhməramlı deyillər, erməniməramlı, sülənənməramlıdırlar. Gəldikləri gündən əməkdaşlıq etdikləri, oturub-durduqları adamlar kimlərdir? Soyqırımı,  dinc əhalimizə qarşı qırğınlar törədənlər, cinayətkarlar, separatçılar. Axı bunlardan sülhməramlı olmaz. Bunlar Rusiya Federasiyasına məxsus hərbi kontingentdir. Ərazimizə daxil olublar, gələn gündən də Azərbaycan qanunlarını kobudcasına, saymazcasına pozaraq istədiklərini edirlər. Ərazimizdən çıxmalarını tezləşdirmək daha məqsədəuyğun olar”.

 

Deputat Azərbaycanın 2020-ci il 10 noyabr bəyanatından çəkilməsi təklifini isə belə dəyərləndirib: “Azərbaycan bəyanatdan çəkilməyəcək. Azərbaycan öz öhdəliklərini yerinə yetirib, yetirməyə də davam edir. Azərbaycan tərəf kimi, qalib dövlət kimi həm Rusiyadan, həm Ermənistandan tələb edir ki, imzanıza hörmət edin, bu sənədin altında sizin imzanız var, götürdüyünüz öhdəliyi yerinə yetirin. Əks halda, necə ki BMT-nin 4 qətnaməsi 28 il ərzində icra olunmadı, qeyri-beynəlxalq qurumların dedikləri qərarlar, qətnamələr icra olunmadı. Azərbaycan özü beynəlxalq hüquqa əsaslanaraq, hərbi gücü ilə 44 gündə o qətnamələri icra etdi. Yaxşı, sən Azərbaycanın Qarabağ bölgəsində yaşayan 30-40 min erməni üçün təhlükəsiz yol, Ermənistanla əlaqə istədin, biz bunu verdik. Mən də Zəngəzur dəhlizini istəyirəm. İki ildən çox müddət keçib. Axı sən bu günə qədər heç nə etməmisən. Etmək fikrində də deyilsən. Onda mən sənə niyə yol verməliyəm? Naxçıvanda Qarabağdakı ermənilərin sayından on-iyirmi dəfə çox əhali yaşayır. Onların Zəngəzur vasitəsilə Azərbaycanla niyə əlaqəsi yoxdur? Ermənilər “Qırmızı Kitab”a düşüb? Yol çəkib, verməliyik ki, bu cinayətkarlar, terrorçular da silah-sursat daşısınlar? Fransadan, İrandan terror qrupları dəstə-dəstə gəlsinlər? Azərbaycanın təhlükəsizliyinə qarşı təhdid yaratsınlar? İndi Azərbaycan onların qarışısında bu şərti qoyur ki, siz götürdüyünüz öhdəliyi yerinə yetirmirsinizsə, məcburam, sizin öhdəliklərinizi özüm yerinə yetirəm. Azərbaycan bu tələbi qoymalıdır, qoyur da...”

 

Aytəkin Qardaşova

Tarix: 8 Dekabr 2022, 12:16   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin