BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Fəzail Ağamalıdan sensasion müsahibə: “Nə həbsdən qorxuram, nə ölümdən çəkinirəm”

Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Güney Azərbaycan mövzusunda, həmçinin İran-Azərbaycan münasibətləri, perspektiv gözləntilər, dövlət və xalq olaraq atmalı olduğumuz addımlarla bağlı Musavat.com-a çox maraqlı müsahibə verib. Son zamanlar davamlı şəkildə parlament tribunasından Güneyə dəstək məzmunlu faydalı çağırışlar edən millət vəkili ilə söhbətimizi dəyərli oxucularımızın diqqətinə təqdim edirik:

 

- Fəzail bəy, Azərbaycan Prezidenti İranda yaşayan soydaşlarımızın haqq və hüquqları ilə bağlı kifayət qədər ciddi və tarixi əhəmiyyətə malik olan mövqe ortaya qoydu. Sizə elə gəlmirmi ki, dövlət başçısı Güney mövzusuna münasibətdə də ictimai-siyasi qüvvələrdən, vətəndaş cəmiyyəti təşkilatlarından, hüquq müdafiəçilərindən və digər sahələrdə çalışan, güneylə əlaqəli məşğul olan çevrələrdən çox irəlidədir? Bu məsələdə cəmiyyət olaraq aktivləşməyimizə ehtiyac olduğunu düşünürsünüzmü?

 

- Tamamilə doğru yanaşırsınız. Cənab prezidentin fikirləri hər birimiz üçün istiqamətverici və hədəfi bəlli olan yol xəritəsi mahiyyəti daşıyır. Ölkə prezidentinin bu cür yanaşması əslində Güneydəki hadisələrin inkişafına olduqca müsbət təsir göstərib. Hətta orda cənab prezidentin şəkilləri paylanılır, ayrı-ayrı yerlərə vurulur, bayrağımız asılır, deyilir ki, cənab prezident, biz sizinlə bərabərik! Baxın, orda tamamilə ciddi proseslər cərəyan etdiyi halda, mən təəssüf edirəm ki, Quzey Azərbaycanda bu, köklənmiş bir prosesə çevrilməyib. Əslində cənab prezidentin bu çağırışından, fikirlərindən sonra Quzey Azərbaycanda da 7-dən 77-yə qədər hər kəs öz fikirlərini, düşüncələrini, imkanlarını bu istiqamətdə səfərbərliyə almalıdır. Siz parlamentdə də müşahidə edirsiniz, Güneylə bağlı məsələlər əlbəttə, bizim millət vəkilləri tərəfindən bütövlükdə geniş şəkildə diqqətə alınır, bununla bağlı fikirlər, çağırışlar kütləvi mahiyyət daşımır. Eyni zamanda, cəmiyyətin digər seqmentlərində də bu, özünü ifadə etmir. Hardadır bizim yazıçılarımız, şairlərimiz, ictimai xadimlərimiz, siyasi partiyalar, insan haqları ilə məşğul olan QHT-lər? Bunların fəallığı niyə görünmür? Bu gün onlardan daha çox fəallıq tələb olunur. Çünki bu, milli məsələdir, bu, bizim vəfa borcumuzdur. Bunu illərlə düşünərək, özünün həyat amalına çevirmiş bizim çoxsaylı aydınlarımız dünyasını dəyişib. İndi onların ruhu da narahatdır, həmin ruhların qarşısında da bizim hər birimizin borcu var – vətəndaşlıq borcu. Bu tarixi şansda bəhrələnmək və güneyli soydaşlarımızın da azadlıq mübarizəsinə ciddi töhfələr vermək zamanıdır.

 

- Siz Milli Məclisin ötən iclaslarında bu barədə danışdınız və olduqca faydalı təkliflər irəli sürdünüz...

 

- Bəli, mən Milli Məclisdə QHT-lərə çağırış etdim, sizin dediyiniz kimi...Fars-molla rejimi xalq tərəfindən ciddi şəkildə sıxışdırıldıqca və onun atmış olduğu bu və ya digər addımlar nəticə vermədikcə daha da aqressivləşir. Bizim tarixi torpaqlarımızda bütün soydaşlarımızın ayağa qalxdığı yerlərdə fars rejimi çox geniş şəkildə repressiya aparatını işə salıb. Öldürülənlər, yaralananlar, həbsə salınanların sayı bilinmir. İnsanlar həbsxanalara salınaraq təhqir olunur, işgəncələrə məruz qalır, namusları tapdanır. Bütün bunları edən fars-molla rejimidir. Fars-molla rejiminin türklərə qarşı tarixin uzun, dərin qatlarından gələn aqressiv münasibəti, nəsildən-nəslə ötürülən düşmənçiliyi var. Nəyə görə bizdə fəaliyyət göstərən, insan haqları ilə məşğul olan QHT-lərin səsi gəlmir? Niyə onlar bu proseslərə göz yumurlar? Niyə xaricdə olan həmkarları ilə əlaqə qurub, fars-molla rejimini bu baxımdan ittiham etmir, ona qarşı xüsusi cəbhə açmırlar? Nəyi və kimi gözləyirlər? Bəli, burada qrant yoxdur, amma burada milli qeyrət var, milli təəssübkeşlik, milli oyanış var. Bizim, güneyli-quzeyli milli ləyaqətimiz var və bu gün milli ləyaqətimiz tapdanır. Ona görə də sizin qəzetin vasitəsilə mən onlara da müraciət edirəm ki, bu məsələyə xüsusi diqqət yetirsinlər! Orada insanların nəinki fundamental hüquqları, eyni zamanda milli hüquqları tapdanır, buna qarşı öz münasibətlərini bildirsinlər. Bütün ziyalılarımız, yazıçılarımız, şairlərimiz, alimlərimiz, siyasi partiyalar, QHT-lərimiz vahid bir yumruqda birləşməlidir. 44 günlük müharibədə olduğu kimi, bu gün biz birləşib, güneyli soydaşlarımızın yanında olmalıyıq, onlarla bərabər olmalıyıq. Təbii ki, onlar bundan ruhlanaraq, tək olmadıqlarını dərk edərək, daha ciddi şəkildə qarşıya qoyduqları hədəflərə çata bilərlər. Bu baxımdan bizim Müzəffər Ali Baş Komandan, müdrik prezidentimiz var. O, təkcə Azərbaycanın imkanlarını deyil, Türk dünyasının imkanlarını bu baxımdan səfərbərliyə almağa başlayıb.

 

- Türkiyə və Azərbaycanın birgə hərbi təlimləri ilk növbədə cənub qonşumuzun təhdidlərinə cavab idi. Eyni zamanda hər iki liderin təlim iştirakçılarına birbaşa müraciəti bütövlükdə Türk düşmənlərinə açıq, ciddi və qəti xəbərdarlıq sayılmalıdır. Sizcə, bundan sonra üstümüzə gələnlərin sayı azalacaqmı, hədlərini bilənlər olacaqmı?

 

- Bəli, bu günlərdə “Qardaş Yumruğu” adlı hərbi təlimlər keçirildi. Qardaş Türkiyə ilə hərbi təlimlərimiz ənənəvi xarakter daşıyır və bu, Azərbaycan ordusunun güclənməsinə heç şübhəsiz ki, əhəmiyyətli təsir göstərir. Nəzərə alsaq ki, ölkə Prezidenti Vətən Müharibəsindən sonra “Biz ordumuzu Türkiyə modeli əsasında yenidən quracağıq”- söyləmişdi. Bu mənada qarşıya qoyulan vəzifələr həyata keçirilməkdədir və həqiqətən bu istiqamətdə böyük irəliləyişlər var. Bu təlimlər də heç şübhəsiz ki, özünün töhfəsini verir. Son təlim xüsusilə əhəmiyyətlidir. Bu təlimdə Türkiyə və Azərbaycan qoşunlarının bütün seqmentləri iştirak edirdi. Eyni zamanda Türkiyə və Azərbaycanın müdafiə nazirləri, onlarla bərabər həm də yüksək səviyyəli hərbçilər, generallar həmin təlimi izlədilər, birgə təlimlərə yüksək qiymət verdilər. Sonda isə həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm Azərbaycan Prezidenti İlham Əliyev bu təlimin yüksək səviyyədə başa çatması münasibətilə hərbçilərimizi təbrik etdilər. Bu, əlbəttə, təkcə İrana “həddini bil, həddini aşma” mesajı deyil. Əgər həddini aşarsansa, bax, onda tankların Arazdan keçərək qarşı tərəfin sədlərinə sızan görərsən...Necə ki, hərbi təlimdə bu, xüsusi vəzifə olaraq qarşıya qoyulmuşdu...Tanklar çayın üstünə atılmış körpülərdən keçdilər, artilleriya hədəflərə atəş açdı, Türkiyənin F-16-ları Azərbaycan səmasında, birbaşa sərhəddə uçuşlar etdi, İrana gözdağı verdi və ordakı soydaşlarımızı ruhlandırdı. Onlar da gördülər ki, Türkiyə və Azərbaycan güneyli soydaşlarımızla bərabərdir. Bu, təkcə fars-molla rejiminin aqressiyasına qarşı deyildi, həm də güneyli soydaşlarımıza bir dəstək idi. Bu baxımdan bağlanmış Şuşa Bəyannaməsi qardaş dövlətlərin bütün imkanlarını koordinasiya edir. Azərbaycan və Türkiyəyə qarşı istənilən dövlət açıq şəkildə hücum edərsə, aqressiyasını ortaya qoyarsa, Türkiyə və Azərbaycanın qəhrəman və igid əsgərləri bir yerdə düşmənə qarşı mübarizə aparacaqlar. Hadisələrin gedişatı göstərir ki, bütün Türk dövlətləri bu prosesə qoşulmaqdadır. Azərbaycan və Türkiyə prezidentlərinin Qazaxıstan, Özbəkistan, Qırğızıstana intensiv və ardıcıl xarakter daşıyan səfərləri təsadüfi deyil. Aparılan müzakirələr, əldə olunan razılıqlar, imzalanan sənədlər göstərir ki, yaxın zamanda Türkiyə-Azərbaycan yüksək səviyyəli birliyinə bütün qardaş xalqlar və dövlətlər qoşulacaqlar. Artıq qoşulublar və bu, açıq şəkildə özünü ifadə edəcək. Bu, böyük bir gücdür. Hər hansı qüvvə bu gücün qarşısında dayanmaq imkanında deyil.

 

- Fəzail bəy, əksər müşahidəçilər şübhə etmir ki, İran-Azərbaycan münasibətləri əvvəlki kimi olmayacaq, artıq “ox yaydan çıxıb”. Bu mənada Azərbaycanın həm təhlükəsizliyimizin təminatı, eyni zamanda Güney Azərbaycan, ordakı milyonlarla soydaşımızla bağlı görməli olduğu işlər var. Siz parlamentdəki çıxışınızda güneyli tələbələrin Azərbaycanda, güzəştli şərtlərlə təhsil almasını təklif etdiniz, digər həmkarlarınızın da bənzər təklifləri olub. Həmçinin Güney türklərinin haqq və hüquqlarının beynəlxalq təşkilatlara daşınması da ali vəzifələrdəndir. Bu mənada əlavə nə deyə bilərsiniz?

 

- Tamamilə doğru deyirsiniz. Mənim gəldiyim qənaət ondan ibarətdir ki, İran fars-molla rejimi uzun yaşamayacaq. Eyni zamanda o, nə qədər özünü yaxşı göstərməyə çalışsa da, Azərbaycanla onun arasında onun arasında əvvəlki münasibətlər olmayacaq, bu, şəksizdir. Bunun isə günahı fars-molla rejiminin özündədir. Azərbaycan müstəqillik qazanandan bu günə qədər, əvvəl gizli şəkildə bizə qarşı düşmənçilik edirdilərsə, 44 günlük müharibə dövründə yarı gizli, yarı açıq bu düşmənçiliklərini ortaya qoydular, Ermənistanla bərabər oldular. Son vaxtlar da nəinki İran hakimiyyət dairələri, eyni zamanda onların ideologiyası altında beyinləri yuyulan insanlara qədər Azərbaycana qarşı şər, böhtan, qərəz dolu münasibətlər ifadə olunur, bizim ünvanımıza hədyanlar yağdırılır. Belə bir rejimlə, belə zəkasız, düşüncələri orta əsrlərə gedib çıxan, başı əmmaməli, içi də, çölü də qaranlıq bir dünyaya bənzəyən insanlarla əlbəttə, biz əvvəlki münasibətlərdə olmayacağıq, o niyyətimiz də yoxdur. Hər halda ölkə prezidentinin söylədiyi fikirlərin altında böyük mənalar yatır. İran-Azərbaycan sərhədlərində xüsusi təyinatlılarımızın, artilleriya və təyyarələrimizin iştirakı ilə hərbi təlimlərimizdən sonra Türkiyə ilə də birgə təlimlər keçirdik. Bundan sonra molla rejimi ilə bizim nə münasibətimiz ola bilər ki? Əvvəli münasibətlərdən söhbət gedə bilməz və bunun günahı İran fars-molla rejimindədir. Sizin dediyiniz kimi, büdcənin müzakirəsi zamanı Milli Məclisin platformasında önə çəkdim və təhsil sistemimizə ayrılan vəsaitdən 10-15 milyonunu güneyli soydaşlarımızın Azərbaycanın ali məktəblərində təhsil alması və yaşaması təklifini irəli sürdüm. Çox arzulayardım ki, bu təklif büdcənin üçüncü oxunuşunda nəzərə alınsın.

 

Güney Azərbaycan müstəqillik qazandıqdan sonra məktəblər açılacaq, ali məktəblər təsis ediləcək. O zaman soydaşlarınız üçün kadrlar lazım olacaq. Ona görə də gecikmədən Azərbaycanın və Türkiyənin imkanlarından istifadə edib, türk və Azərbaycan dilində güneylilərin təhsil almaları, onların ən müxtəlif peşələrə yiyələnməsi üçün imkan və şərait yaratmalıyq. Çünki bu, bir strateji məsələdir.

 

- Bu yerdə bir suala cavabınız çox maraqlıdır. Millət vəkilisiniz, Güneydə real vəziyyəti bilmək istəyirsiniz, narahatlığınız var. Vəziyyətlə yerindəcə tanış olmaq üçün Milli Məclisin, şəxsən sizin də daxil olduğunuz nümayəndə heyəti Güney Azərbaycana, Təbrizə, Ərdəbilə, Urmiyaya səfər etmək üçün təşəbbüs qaldırıla bilərmi?

 

- Gəlin real danışaq. Dediyiniz məsələ çox ciddi məsələdir. İndiki durumda bu, real görünmür. Bu, molla rejimini kifayət qədər qıcıqlandırar və heç arzulamadığımız bir situasiya yarana bilər.

 

- Yəni həbs oluna bilərsiniz?

 

- Həbs də oluna bilərik. Həbs nədir ki? Həbsdən qorxmaq lazım deyil. Fars-molla rejimindən nəyi desən, gözləmək mümkündür. Belə bir səfər reallaşarsa, mənə elə gəlir ki, bu səfərin sonu ölümlə də bitə bilər və iki dövlət arasında münasibətlərin tamamilə müharibə vəziyyətinə də gətirib çıxarar.

 

- Hər halda siz təşəbbüs qaldıra, səfirliyə müraciət edə bilərsiniz ki, təhlükəsizliyin təmin olunması şərtilə parlamentarlarımızın səfəri təşkil oluna bilər. İran tərəfi ara-sıra jurnalistlərin səfərini təşkil etməyə hazır olduğunu da bildirir. Belə olan təqdirdə millət vəkillərimiz niyə Güney Azərbaycana getmək istəməsin?

 

- Mən çox böyük məmnuniyyətlə, Təbrizə gedərdim, nə həbsdən qorxuram, nə ölümdən çəkinirəm. Bu yaxınlarda cənublu soydaşlarımızla görüşümüz oldu. Onlara da dedim ki, mən çox böyük məmnuniyyətlə Təbrizə getməyə, ordakı soydaşlarımızla bir yerdə olmağa, onların milli azadlıq mübarizəsində iştirak etməyə hazıram. Ancaq mənim ora getməyim təkcə mənim qərarımla olmur. Yəni bu, tamamilə başqa şərtlərlə həyata keçirilir və reallaşır. Yaxud da jurnalistlərin. Biz Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Bu baxımdan bizim atmış olduğumuz addımlara görə həm də dövlətimiz məsuliyyət daşıyır. Bu addımlar bizə xeyirmi olar, yoxsa ziyanmı? Bizim xoşməramlı səfərimiz bizim dövlətimizə hər hansı problem yarada bilərmi? Təbii ki, onları da düşünmək lazımdır. Həmçinin təklifi vermək kifayət deyil, onun reallaşmasını da göz önünə gətirmək gərəkdir.

 

- Bu günlərdə deputat həmkarınız Qüdrət Həsənquliyev Azərbaycanın Respublikasının Şimali Azərbaycan adlandırılması təklifini səsləndirdi. Sizin bu təklifə münasibətiniz necədir?

 

- Bu bir fikirdir, ancaq ciddi müzakirə tələb edir. Ayrı-ayrı xalqların bir neçə dövləti var, ayrı-ayrı adlar, yaxud bir ad altında. Məsələn, iki Koreya, yaxud vaxtilə Yəmən ikiyə bölünmüşdü. Eyni millət olan, amma müxtəlif dövlətlər şəklində formalaşanlar da var. İngilislər, almanlar, slavyanların və digərlərinin nümunisində bu faktlar mövcuddur. Bu, konstitusion dəyişiklikdir, həm də ciddi, siyasi mahiyyət daşıyan bir yanaşmadır. Əgər biz konstitusion dəyişiklik edib, Şimali Azərbaycan Respublikası adını referenduma çıxarsaq, onu qəbul etsək, bütün dünya biləcək ki, Azərbaycanın şimalı varsa, deməli, onun cənubu da var. Necə ki, ölkə prezidenti bu baxımdan unikal bir bölgü apardı: Şərqi Zəngəzur. Bu gün hər kəsə, dünyaya da bəllidir ki, Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bu, artıq siyasi və coğrafi leksikonda yer tutub. İndi ola bilsin ki, bəli, Azərbaycanda konstisusiya dəyişiklikləri həyata keçirilərsə, bu təkliflə çıxış etmək olar və bu təklifə ümumi yanaşmanın necə olduğunu aydınlaşdırarıq. Mən ümumiyyətlə, bu təklifə mənfi yanaşmıram.

 

Musavat.com

Tarix: 9 Dekabr 2022, 10:55   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin