BURADA REKLAMINIZ OLA
BİLƏR

İsa Həbibbəyli istefa versin, korrupsiya ilə məşğul olan övlad böyüdən adam niyə AMEA-ya rəhbərlik edir? – SENSASİON AÇIQLAMA

“Vasif Talıbovun Naxçıvanın Xalq artistlərinə küçə süpürtdürməsi barədə eşitməmişəm. Yəqin ki, mətbuatın da müəyyən günahı var, bu məsələləri vaxtında hallandırmayıb. Sonuncu dəfə Naxçıvanda 20 il bundan əvvəl olmuşam. Başına gələn, başmaqçı olar. İndiyə qədər çox məsələnin haylı-küylü başlanğıcını görsək də, nəticəsini görmədik. Naxçıvan camaatına, orada zəhmət çəkən insanların hamısına münasibətim normaldır. Naxçıvan mənim üçün həmişə ecazkar, qədim tariximizi, mədəniyyətimizi yaşadan müqəddəs bir yerdir. Orada baş verən hadisələrdə qərəz də var, günahlar da, korrupsiya da... Rüşvət harda yoxdur ki? Hər yerdə var. Bu məsələlərin sırf hüquqi, rəsmi, dövlət səviyyəsində nəticəsi bəlli olsun, ondan sonra münasibət bildirək. Naxçıvandan çıxarılan, incik düşən adamlar danışırlar, onların haqlarıdır. Amma bizim belə haqqımız yoxdur. İndi “istintaq”, “yoxlanış” deyirlər, kimlərisə aparıb-gətirirlər... Hələlik, müdaxilə etmək həm qərəzçilik, həm maneə, həm də birtərəfli haqsızlıq, ədalətsizlik olar. Heç kimin haqqına girmək, böhtan atmaq istəmirəm”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Xalq artisti, kinorejissor Əbdül Mahmudbəyov deyib.

Xalq artisti AMEA-nın prezidenti İsa Həbibbəylinin oğlu Səhət Həbibbəylinin Naxçıvanda baş verən prorseslər zamanı salxanılması barədə yayılan xəbərlərə də fikir bildirib: “Çox təəssüf etdim. Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərinin oğlu, sən demə, Naxçıvanda gömrükdə işləyirmiş. Nə vaxta qədər AMEA-nı eksperimental laboratoriyaya, cəriməxanaya döndərəcəklər? Kimsə işdən azad olunur oraya göndərirlər... Milli Elmlər Akademiyasının prezidenti dəqiq elmlərlə məşğul olan adam olmalıdır. Humanitar sahə ilə, nağılla, dastanla elm olmur. Buna ciddi etirazımı bildirirəm. Mətbuatda da oxudum, İsa Həbibbəyli deyir ki, guya oğlundan xəbəri yoxdur. Camaatı axmaq yerinə qoymaq lazım deyil. Kor da bilir ki, balıq şordur... Məni yandırıb-tökən budur: niyə AMEA “təcrübə” ocağına, “ştrafnoy batalyon”a dönüb? Elmdən, tarixdən söhbət gedirsə, millətlə razılaşdırmaq lazımdır. Bu, millətin Akademiyasıdır. Həmişə onlara qarşı “vuruşmuşam”. Hətta müharibə zamanı ermənilərin top-tüfəngindən çox, təbliğatları işləyirdi. Prezidentimizin üstünə ən aqressiv xarici mətbuat hücum edirdi. Ermənilər hamısının cibinə pul qoyub, göndərmişdilər üstümüzə. Prezident müharibə cəbhəsini qoyub, təkbaşına onlarla vuruşdu. Bir nəfər AMEA-dan dilini qatlayıb bir kəlimə söz danışmırdı, amma mən danışırdım. Naxçıvandakı hadisələr birinci deyil ki, görə-görə gəlirik. Nəticə isə yoxdur, olmur. Söhbət alimdən, elmdən gedir. Mətbuatda oxuduğumu deyirəm. Camaat dilənçi kökündə gedib Türkiyədən özünə üç-beş manat pul gətirir, sən onu alıb, 120 milyon pul yığırsan. O ailə hansı mənəviyyatla bu xalqa əxlaqdan, tərbiyədən, mədəniyyətdən, tarixdən, elmdən dərs verə bilər, elm ocağına rəhbərlik edə bilər? Bu mümkündürmü? Söhbət İsa müəllimdən, Əli müəllimdən, Vəli müəllimdən getmir. Konkret olaraq mətbuatda dövlətin verdiyi statistikadan çıxış edərək deyirəm ki, bir ailənin övladı korrupsiya, cinayətlə məşğuldursa, belə övlad böyüdən adam hansı mənəvi haqla Azərbaycan Milli Elmlər Akademiyasına rəhbərlik edir? O, niyə prezident seçilməli idi? Məgər Azərbaycanda alim yoxdur? Parlamentdə oturur, orda oturur, burda oturur... Bu, nə olan şeydir, başım çıxmır. Bu da övladının əməlləri. Nə oldu? AMEA müqəddəs bir yedir. Cənab Prezidentdən xahiş edirəm, AMEA-da ailəsi, övladı, nəsli-nəcabəti büllur kimi saf, təmiz olan, həqiqi elmlə məşğul olan adamlar rəhbər seçilsin. Çox ürəyim ağrıdı. Bunların istefa vermək qabiliyyətləri də yoxdur. Bu qədər rüsvayçılıqdan sonra, gərək, İsa Həbibbəyli özü ərizəsini versin ki, mən daha elmə rəhbərlik etmirəm. Get, ailənə rəhbərlik elə. Deyəndə də inciyirlər. Cinayət varsa, cəzası olmalıdır. İstəyir lap belə mənim dədəm olsun, deputatın dədəsi olsun. Əgər xalqa, dövlətə, dövlətçiliyə qarşı cinayət edibsə, amansızcasına cəzalandırılmalıdır, vəssalam...”

 

Aytəkin Qardaşova

Tarix: 9 Dekabr 2022, 17:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin