BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğan 7 ay maaş almayacaq

““Biz bizə yetərik, Türkiyəm”, bu milli həmrəylik kampaniyamızın adıdır. Mən 7 aylıq maaşımı bağışlayaraq bu kampaniyaya start verirəm. Millət vəkilləri və nazirlərimiz də bu gün 5 milyon 200 min lirə bağışladı”.

 

Pravda.az-ın xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Tarabya meydanındakı Huber köşkündə nazirlərlə keçirilən videokonfransdan sonra verdiyi açıqlamada bu fikirləri bildirib.

 

R.T.Ərdoğan  “COVİD-19”-la mübarizə tədbirləri ilə əlaqədar Türkiyədəki bütün xeyriyyəçi və imkanlı şəxslərə səslənib: “Bu kampaniyaya 11 milyon dollar xeyiryyəçilərimizdən dəstək gəlib. Mən buradan bütün iş adamları və xeyiryyəçilərimizə səslənirəm: İnşallah yaşadığımız sıxıntılı günləri geridə buraxacağıq, bu kampaniyada fəallığınızı əsirgəməyin. Zəkatlarını vermək üçün Ramazan ayını gözləyənlər indidən zəkatlarını bağışlaya bilərlər”.

 

R.T.Ərdoğan bildirib ki, koronavirusla əlaqədar Türkiyədə olan bütün məlumatlar şəffaf şəkildə yayılır. Prezident deyib ki, yaşanan ağır günlərin qəhrəmanları olan səhiyyə işçilərinə əlavə dəstək tədbirləri nəzərdə tutulub: “6 milyard lirəlik əlavə dəstək ayırırq. Səhiyyə işçilərimizin hər birinə 100 giqabayt pulsuz internet də veriləcək”.

 

Prezident həmçinin bildirib ki, ölkədə çarpayılıq xəstəxanaların sayı yetərli qədərdir və əlavə xəstəxanalar da istifadəyə verilməkdədir: “Hazırda ölkədə 42 məntəqədə virusa yoluxan xəstələr karantin altındadır”.

 

R.T.Ərdoğan deyib ki, Türkiyə hər şərt altında istehsalını davam etdirməkdədir: “İstehsalatda çalışanlarımızın təhlükəsizliyinin təminatı nəzarətimizdədir”.

 

Prezident  Türkiyədə tənəffüs sistemi cihazlarının istehsalının sürətlə davam etdiyini də vurğulayıb

 

Yeni növ koronavirusla mübarizə tədbirləri ilə bağlı xarici ölkələrə də dəstək verildiyini deyən ölkə başçısı son olaraq İtaliyaya bir gəmi məhsul göndərildiyini, bu dəstəyin davam edəcəyini, aprelin 2-də isə İspaniyaya bir təyyarə ləvazimat göndəriləcəyini qeyd edib: “Çətinlik yaşayan digər ölkələrə də dəstək veririk və bu tədbirlər davam edəcək”.

 

Aprel, may, iyun aylarında dövlət yataqxanalarında yaşayan tələbələrdən aylıq ödənişlərin alınmayacağını deyən Türkiyə Prezidenti tələbələrin kredit və burs ödəmələrində də hər hansı bir kəsinti olmayacağını və tələbələrin kredit geriödəməsinin müddətinin uzadılacağını bildirib. 

 

Qeyd edək ki, R.T.Ərdoğanın başçılığı ilə keçirilən toplantı bu gün yerli vaxtla 15.45-də başlayıb. 4,5 saatdan çox çəkən iclasda Prezidentin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun və mətbuat katibi İbrahim Qalın da iştirak edib.

Tarix: 30 Mart 2020, 23:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin