BURADA REKLAMINIZ OLA
BİLƏR

"Dövlət vətəndaş cəmiyyətinin inkişafında maraqlıdır" - RƏY

Demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçən Azərbaycanda müstəqilliyin yenidən bərpasından sonra vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu ilə bağlı mühüm addımlar atılıb. Vətəndaş cəmiyyəti Hüquqi dövlət quruculuğunun ayrılmaz hissəsi kimi dövlətçiliyin əsaslarının möhkəmlənməsi baxımından əvəzedilməzdir. Bununla bərabər, vətəndaşların hər biri üzərinə düşən məsuliyyəti dərk etməli, insan və vətəndaş hüquqlarına hörmətlə yanaşmalıdırlar.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib ki, hüquqi dövlət quruculuğu məsələsi həmişə aktualdır. 

 

 

“Biz Azərbaycan Xalq Cəbhəsini yaradan zaman hüquqi dövlət modeli ortaya qoymuşduq. Hüququn aliliyi, demokratik cəmiyyət, hakimiyyətin bölünməsi kimi dəyərləri irəli sürmüşdük. Qanunverici, icraedici, məhkəmə hakimiyyətinin ayrı olmasını nəzərdə tuturduq. Vətəndaş cəmiyyəti vətəndaşın liberal hüquqlarının qorunmasıdır. Yəni dövlət, cəmiyyət və fərdin hüquqları toqquşan zaman fərdin hüquqları üstün tutulmalıdır. Yeri gəlmişkən, Vəhdət Partiyasının proqramına görə, dövlətə münasibətdə milliyik, cəmiyyətə münasibətdə sosial dəyərləri, fərdin hüquqlarının müdafiəsində isə liberal dəyərləri üstün tuturuq. Dövlət quruculuğunda hər şey milli dövlətin yaranmasına və inkişafına yönəlməlidir. Cəmiyyətin hüquqları sosial cəhətdən müdafiə olunmalıdır. Pensiya təminatı, əməkhaqqı və s. Amma fərdin öz azadlıqları da vətəndaş cəmiyyətində təmin olunmalıdır. Fərdin maraqları ilə dövlətin maraqları toqquşursa və bu, dövlətin deyil, fərdin hüquqlarına aiddirsə, elə qanunlar qəbul olunmalıdır ki, fərdin hüquqları müdafiə olunsun. Əlbəttə ki, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu ilə bağlı gəncliyimdən bu günə qədər arzularım olub. Çox arzulayırıq ki, vətəndaş cəmiyyəti olsun, hüququn aliliyi gözlənilsin, korrupsiya və rüşvətxorluq minimuma ensin, əxlaq və mənəviyyat üstün mövqe qazansın. Haqq öz yerində olsun, heç kim nahaq yerə incidilməsin. Ümumiyyətlə, mənəviyyat üstün olsun. Hesab edirəm, vətəndaş cəmiyyətinin ən mühüm məsələlərindən biri normal cəmiyyət olmasındadır. İnsanlar kütlə deyil, xalq olsunlar. Ciddi maariflənmə aparılsın. Təhsil, səhiyyə öz yerində olsun. Yəni vətəndaşların arzuladıqları məsələləri mən də arzulayıram. Mənzillərlə, yaxşı işlə təmin olunsunlar. Narazılıq minimuma ensin. Bütün vəzifəli şəxslərin qeyri-hüquqi hərəkətləri barədə məhkəməyə şikayətlər olunsun ki, qanunlar düzgün icra edilsin”, - deputat qeyd edib.

 

“Hilal” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Arzuman Abdulkərimov isə xatırladıb ki, Azərbaycan respublika quruluşlu hüquqi dövlətdir.

 

Arzuman Abdulkərimov Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvü  seçildi Pravda.az

 

“Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı dövlətin prioritetlərindən biridir və onun marağında olan məsələdir. Vətəndaş cəmiyyəti xalqla dövlət, hökumət, icra hakimiyyəti arasında körpü, bufer rolunu oynayır. Vətəndaş cəmiyyətinin rolu ölkədə gedən prosesləri izləmək, neqativləri çatdırmaq, bəzi məsələlərdə idarəetməyə dəstək olmaqdır. Düşünürəm, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı çoxşaxəlidir. Hətta son dövrlər, xüsusilə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılmasından sonra bu məsələdə yeni nəfəs, yeni yanaşmalar tətbiq olunmaqdadır. Bu, ümumi işin xeyrinə olacaq. Vətəndaş cəmiyyətinin inkişafı sahəsində Agentliyin müstəsna rolu var. Doğrudur, bəzi qrant məsələləri də mövcuddur. Düşünürəm, bu, daha da genişləndirilməlidir. Agentlik əvvəllər çox kiçik qrantlar verirdi, amma son iki ildən etibarən artıq kiçik, orta və böyük qrant müsabiqələri elan olunur. Bu qrantların bölgüsü belə ədalətli aparılır. Çünki Agentliyin Müşahidə Şurasında tanıdığımız və ədalətinə inandığımız şəxslər yer alırlar. Kimlərinsə hansısa formada narazılıqları ola bilər. Layihələrin bölgüsündən sonra narazılıqlarla bağlı Şuraya müraciət daxil olur. Şura üzvləri müraciətlərin araşdırılmasında çox aktiv rol alıb. Bir sözlə, dövlət Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında maraqlıdır. Təbii ki, vətəndaş cəmiyyətinə xarici təsirlər də var. Amma hər birimiz bunun qarşısının alınması üçün səylər göstərməliyik. Xaricdən hansısa müdaxilələr edilməsinə, qeyri-leqal yollarla Azərbaycanın QHT-ləri vasitəsilə qrantlar gəlməsinə, burada gələcəkdə xaricin beynəlxalq güc mərkəzlərinin, Azərbaycanı sevməyən qüvvələrin missioner fikirlərini həyata keçirmələrinə də dövlət ciddi nəzarət etməlidir. Hesab edirəm, gələcəkdə də vətəndaş cəmiyyətinin fəaliyyətinin gücləndirilməsi ilə bağlı çox mühüm addımlar atılacaq”, - o vurğulayıb.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusu üzrə dərc olunub. 

  

Aytəkin Qardaşova 

 

Tarix: 18 May 2024, 13:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin