BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qaragilə” ilə gündəm olan deputat Vüqar İskəndərov: “15-ə yaxın musiqi alətində ifa edə bilirəm...”

“Bilirsiniz ki, Milli Məclisdə Azərbaycan-Şimali Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. İşçi qrupun Şimali Kipr Türk Respublikasına ilk rəsmi səfəri oldu.  Mən də həmin nümayəndə heyətinin tərkibində ölkəyə səfər etdim. Bu, Şimali Kiprə birinci səfərim deyildi. Əvvəl də orada olmuşdum. Səfər ən yüksək səviyyədə təşkil olunmuşdu. Ölkə Prezidenti, Baş nazir, nazirlər, parlament sədri, millət vəkilləri, hamısı yanımızda oldular. Səfər çərçivəsində keçirilən görüşlər də çox məhsuldar oldu. Həm də orada Azərbaycan Mədəniyyəti Mərkəzinin açılışında iştirak etdik. Çox əlamətdar bir gün idi. Sözün əsl mənasında, tarix yaşadığımızın fərqində idik. Bu, tarixdə qalacaq. Təbii ki, gələcəkdə Şimali Kipr Türk Respublikası tanınacaq, inkişaf edəcək. Şimali Kiprin Prezidenti Bakıda səfərdə olub,  cənab İlham Əliyev tərəfindən də qəbul edilib. Azərbaycandan ora ilk rəsmi səfər edən 6 deputatın hər birinə şərəfdir ki, tarixi günləri onlarla birgə yaşadıq. Səfərimiz çərçivəsində həm də ikitərəfli münasibətlər, parlament diplomatiyası sahəsində görüləcək işlər müzakirə olundu. Qarşılıqlı intensiv səfərlərin baş tutması üçün bütün vacib addımların atılması məsələləri də müzakirə olundu”. 

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Vüqar İskəndərov Şimali Kiprə səfəri zamanı “Qaragilə” mahnısını ifa etməsindən danışarkən deyib. 

 

“Səfərin son günü Şimali Kiprin Prezidenti Ersin Tatarın ziyafəti var idi. Həm Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti, həm  Türkiyə Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupu, həm də Azəbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bir yerdə oldu. Türkiyədən dəvət olunmuş rəsmilər, müğənnilər, film qəhrəmanları, tanınmış idmançılar da həmin ziyafətdə iştirak etdilər. Türkiyəli millət vəkili, dostum orada beş-altı türk xalq mahnısı ifa etdi. Onun ifası çox yaxşı alındı. Sonra Türkiyə Taekvondo Federasiyasının prezidenti də qalxıb bir neçə mahnı ifa etdi. Hətta müğənni xanımla duet ifa etdilər. Sonra yenidən mənim dostum olan millət vəkili qalxıb “Çırpınırdı Qara dəniz” mahnnısını oxudu. Təbii ki, onlar müəyyən boğazları o qədər də bilmirlər. “Çırpınırdı Qara dəniz”in son bəndini qalxıb onunla birgə ifa etdim. Sonra bir ajiotaj yarandı. İstədilər ki, mən də oxuyum. Yəqin ki, səsimi bəyəndilər. Öz millət vəkillərimiz, azərbaycanlı dostlarımız da təkid etdilər ki, oxumaq lazımdır. Həqiqətən, Azərbaycanın xalq musiqisi də orada təmsil olunmalı idi. Bunu əvvəlcədən düşünmüşdüm, musiqiçilərə yaxınlaşmışdım. Lakin onlarda texnika yox idi ki, heç olmasa, telefondan, “Youtube”dan musiqi versinlər.  Düşünmüşdüm ki, olsa, “Qaragilə” mahnısını oxuyacağam. Mahnını da bilmirdilər. Mən məcbur oldum, dedim ki, mən oxuyacağam, siz də mənim səsimlə, avazımla musiqini ifa edin. Musiqisiz mahnı ifa etmək çox çətindir. Təbii ki, biz peşəkar musiqiçi deyilik. Bütün xalq musiqiləri ziyafətdə iştirak edən siyasilər tərəfindən ifa edildi. Mən də Azərbaycanı təmsil etməli idim və etdim. “Qaragilə” hamı tərəfindən sevilən xalq mahnımızdır. Bu mahnının digər mənası isə bütün Azərbaycanı özündə əks etdirməsidir. Təbii olaraq çox yüksək səviyyədə qarşılandı. Videonu tam çəkməyiblər. Sonda hamı ayağa qalxıb, alqışladı. Parlament üzvü olaraq rəsmi hissədən sonra qeyri-rəsmi hissədə bu tərəfimizi də göstərdik. Mənim musiqi təhsilim olub. Musiqi məktəbində tar sinfini bitirmişəm, 15-ə yaxın musiqi alətində ifa edə bilirəm. Oxumaq isə hərdən olur, hobbi kimi. Bəzən dostlarımızla da oxumuşuq. Hətta tanınmış musiqiçilərimizlə də belə hallar olub. Musiqini sevirəm, düşünürəm ki, musiqi duyumum var. Amma mən siyasətçiyəm. Missiyam tamamilə başqadır. Bacarığımız varsa, belə məqamlarda göstərməliyik. Edə biləriksə, niyə də yox? Həm musiqimiz, həm mədəniyyətimiz təbliğ olundu. Həm də göstərdik ki, siyasətçilərimiz belə məsələləri də bacarır. Türkiyənin millət vəkilləri etdilərsə, biz də göstərdik ki, hamıdan yaxşı bacara bilərik. Əslində, heç nə etməmişəm. Amma minnətdaram ki, cəmiyyət belə müsbət reaksiya verdi. Əsas dövlətimizi, xalqımızı təmsil etməkdir. Şimali Kipr səfərində Azərbaycan dövlətini və xalqını təmsil edirdik. Necə ki 3 gün ərzində rəsmi görüşlərdə səfərimizin əsas məqsədinə çatdıqsa, ziyafət hissəsində də mədəniyyətimizi təmsil etdik. Çox sağolun ki, kiçik məsələyə bu qədər böyük qiymət vermisiniz”, - deputat bildirib. 

 

Aytəkin Qardaşova 

 

Tarix: 18 May 2024, 18:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin