BURADA REKLAMINIZ OLA
BİLƏR

Günel Mövlud: “Bəlkə sevgili də artıq sevişmək üçün deyil, “relationship”ə girmək üçündür?!”

“Yüz adam yüz söz desin, heç kim məni inandıra bilməz ki, insanlar ailə arasında, evdə, restoranda, piknikdə, gəzintidə telefonlarını hər dəqiqə yoxlamasalar, işləri batar, hansısa dünyaca vacib bir hadisəni ötürərlər, dünya dağılar birdən xəbərləri olmaz, ya da belə-belə fatal şeylər baş verə bilər. Buna görə də, rəsmi olsun, ya səmimi, isti olsun, ya soyuq, intim olsun, ya qeyri-intim, insanların görüş əsnasında, süfrə başında telefonda qurdalanmağı əsəblərimi dəhşətli dərəcədə korlayır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Günel Mövlud bildirib.

 

“Yəni hər şey bir yana, adam balaca və kasıb da olsa, bir ölkənin prezidenti ola, baş naziri ola, cəhənnəm, eləcə naziri ola, bir az anlayarsan, öz-özünə deyərsən ki, əşi, nazir adamdır, bəlkə hardasa nəsə baş verib, həll etməsə, sabah prezident bunun üzünə itin sözünü deyər, qoy işində olsun. Amma baxırsan ki, avaranın biridir, iluzunu heç kimə, heç nəyə bir qram xeyri yoxdur, ümumiyyətlə, işi yoxdur, bu adam heç nə ilə məşğul deyil, amma bir əl, bir göz telefondadır. Bir əlində çəngəldir, bir əlində telefon. Bir əlində çay stəkanıdır, bir əlində telefon. Bir əlində çörək dilimidir, bir əlində telefon. Hələ arada çaşıb, çörək yerinə telefonu dişləyən də olur. Mən anlaya bilmirəm, süfrədə, yolda, görüşdə telefon qurdalayan adamlar bununla nə edirlər? Nə etmək istəyirlər? Bilmirəm, bəlkə mesaj verirlər ki, mən çox işgüzar adamam. Bəlkə mesaj verirlər ki, məni itirib-axtaran adamlar dəhşətli dərəcədə çoxdur, vacib adamam, bir əlim telefonda olmasa dünya dağılar, sarsılar məhvərindən? Bilmirəm, bəlkə darıxırlar, bəlkə danışmağa mövzu tapmırlar, bəlkə yorulublar, insanlardansa texnika onlara daha maraqlıdır. Bəlkə gerçək dünyadansa, virtualı üstün tuturlar. Bilmirəm. Səbəb nə olur olsun, buna tolerant ola bilmirəm. Oldu, işin çoxdur, başqa vaxt danışarıq. Bəlkə söhbətimiz sənə maraqlı deyil, onda niyə gəlmisən? Bəlkə danışacaq sözümüz qurtarıb, onda niyə bir masa ətrafında oturmuşuq? Bəlkə indi dünya dağılır, tamam, dağılsın, sən ki allah deyilsən. Odur ki, son bir ildə həmsöhbət olduğum adamın bir əli, bir gözünü telefonda görsəm, mədəni şəkildə izah edirəm ki, bizim daha danışmaq və birlikdə oturmaq üçün səbəbimiz yoxdur. Bəlkə də kənardan yekəxana, təkəbbür kimi görünə bilər. Olsun. Amma mən bu texnoloji tərbiyəsizliyə dözə bilmirəm. Telefonu, virtual dünyanı canlı söhbətdən, canlı enerjidən, gerçəkdən, istidən üstün tutan insanlara vaxt ayırmaq istəmirəm. İstəyirəm ki, təbiətə çıxmışamsa, ağaclara baxım, yarpaqlara baxım, otlara baxım, meyvəni ağacdan, gülü koldan dərməyin gözəlliyini yaşayım, unutmağa başladığıməz tüstü, his, ot, su, torpaq, yovşan, gül qoxusuna dalım, bir parçası olduğumuz təbiətlə adam balası kimi təmasa girim. Bu zövqü telefonla burnumdan gətirənlərə qarşı səbirli davrana bilmirəm. Nə bilim, bəlkə bizim nəsil texnologiyadan geri qalır, bəlkə artıq ağaclar, otlar, güllər, quşlar ancaq şəklini çəkmək üçündür, “İnstagram” üçündür, “Facebook” üçündür, bəlkə tüstü qoxusu ancaq bu qoxuya rast gəldiyinizi status yazmaq üçündür, bəlkə yemək də artıq yemək üçün deyil, “İnstagram”da şəklini göstəmək üçündür, bəlkə sevgili də artıq sevişmək üçün deyil, “relationship”ə girmək üçündür?! Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram...” – G.Mövlud qeyd edib.

Tarix: 16 Dekabr 2022, 11:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin