BURADA REKLAMINIZ OLA
BİLƏR

Azər Qərib: “Kim bizi bütün gecə boyu canlı musiqi ilə təmin edəcək, yeni söyüşlər öyrədəcək, dava səhnəciklərini quracaq?”

“Bilirəm həsəd aparacaqsınız, amma deyəcəm. Bizim Şəhriyar küçəsindəki evimiz elə bir yerdə yerləşib ki, tam ödənişsiz olaraq səhərə qədər canlı musiqi dinləyə bilirik! Bilirəm, inanmaq çətindir, amma, sadəcə, inanın mənə. Bir qəpik belə ödəmədən! Təsəvvür edirsiniz, necə də şanslıyıq? Əvvəl "Daş Dövrü Restoranı" adlanırdı obyekt, səhərə qədər ətraf binaları titrədən canlı musiqi gedirdi, sonra isə içəridəkilər çıxıb dostcasına dava edirdilər. Deyim sizə, mən gənclik vaxtı baxdığım Hollivud aktyorları qələt edirdi, səs-küy, saç yoldu, bıçaq dirədi, əlvan qarğışlar, adamın qulağı feyziyab olurdu. Həm də yeni söyüşlər öyrənirdik bütün qonşularla birgə, bunu hansı pulla almaq olar? Əfsuslar sonra "Daş Dövrü" getdi və tam səmimi deyim, biz çox nigaran qaldıq ki, bəs indi nətər olacaq işimiz, incəsənətdən məhrummı olacayıq? Amma şükürlər olsun ki, intizarımız çox çəkmədi, “Gold” gəldi və pulsuz gecə tamaşaları yenidən başladı”.

 

Pravda.az-ın xəbərinə görə, bunu tanınmış jurnalist Azər Qərib bildirib.

 

““Gold" da gedəsi olub, zalda üzərlik yandırmırdılar və gözə gətirdilər onları da. Yerinə isə çox təvəzökarın birisi gəldi və sadəcə “Restoran" adlandırdı özünü, deyirəm necə də halaldır belə başı aşağı yüksək mədəniyət ocağlarına. İndi biz nəhayət ki, yenidən səhərə qədər canlı musiqi dinləyə bilirik. Düzdür, musiqinin səsindən divarlarımız oynayır, amma anlaşılandır, açığı mən özüm də mətbəxdə bu musiqinin sədaları altında rəqs edirəm xəlvəti, sizdən nə sirrim. Ona görə mən qanun aliliyinin qəti şəkildə əlehinəyəm və bunu bəyan edirəm! Baxın, "23.00-dan sonra səs salmaq olmaz" qanunu qələbə çalsa, biz nə edəcəyik? Kim bizi bütün gecə boyu gur canlı musiqi ilə təmin edəcək, yeni söyüşlər öyrədəcək, dava səhnəciklərini quracaq? Əlbəttə, heç kim, kimin nəyinə lazım, kimin vecinə sadə insanların problemləri? Bununla bağlı bu ərazidə həmin məsələlərə cavabdeh olan bütün qurumlara həm öz adımdan, həm ətraf binaların bütün sakinləri adından dərin təşəkkürümü bildirmək istəyirəm. Sağ olun, var olun ki, bu qanunsuzluğa göz yumursunuz, sevilirsiniz! Siz olmasaydınız, gecə rahat yatıb yuxumuzu ala bilərdik, amma həyat insana yalnız bir dəfə verilir, onu da yuxuyamı sərf edək? Sadəcə, üzr istəyirəm şifahi minnətdarlığa görə, amma söz verirəm, bir az başım açılsın, bir-bir qonşuların qapısını döyüb imza toplayacam ki, rəsmi olaraq yazılı şəkildə kollektiv təşəkkürnamə göndərək sizin hamınıza. Təki siz göz yummağınızda davamlı olun...”, - A.Qərib qeyd edib.

Tarix: 16 Dekabr 2022, 12:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin