BURADA REKLAMINIZ OLA
BİLƏR

"Uşaqların sağlam böyümələri, yüksək mənəvi dəyərlərə bağlı bir nəsil kimi yetişməsi üçün addımlar atılır" - RƏY

Ölkəmizdə uşaq və gənclərin mənəvi və fiziki inkişafı üçün dövlət səviyyəsində geniş şərait yaradılıb, uşaq və gənclərə hərtərəfli stimul verən qayğı siyasəti mövcuddur. Uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması və tənzimlənməsi, uşaq və gənclərin fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması istiqamətində milli konsepsiyası inkişaf etdirilir. Hazırda gənclərimiz Azərbaycanın təbliği baxımından əhəmiyyətli təsir vasitəsinə çevrilib.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib ki, Azərbaycanda uşaq və gənclərin fiziki, mənəvi inkişafı üçün dövlət tərəfindən bir çox mühüm tədbirlər həyata keçirilir.

Deputat vurğulayıb ki, bu məsələyə ölkə rəhbərliyi səviyyəsində xüsusi diqqət və qayğı var: “Gənclərimizin fiziki və mənəvi inkişafı məqsədilə bütün zəruri tədbirlərlə yanaşı, bu yöndə sürətlə yeniliklər baş verir. Dünyada qlobal proseslər gedir. Bu sahədə çalışan hər bir dövlət qurumunun üzərinə böyük vəzifələr düşür. Dövlət qurumları, mediamız, vətəndaş cəmiyyətimiz - hər birimiz çalışmalıyıq ki, uşaqların fiziki və mənəvi inkişafı üçün bütün lazımi addımları ataq. Uşaqların sağlam böyümələri, həm də milli-mənəvi dəyərlərimizə sadiq, yüksək mənəvi dəyərlərə bağlı bir nəsil kimi yetişməsi üçün addımlar atmalıyıq və atırıq. Bu gün qarşımızda çox ciddi vəzifələr var. Dövlətin yaratdığl şəraitdən, müəyyənləşdirdiyi və verdiyi imkanlardan maksimum istifadə etmək, uşaq və gənclərin fiziki, mənəvi inkişafı sahəsində irəliləyişə nail olmaq üçün çalışmalıyıq”.

 

Sosioloq Elçin Bayramlı isə deyib ki, uşaqların və gənc nəslin sağlam fiziki, mənəvi inkişafının təmin olunması hər bir cəmiyyətdə ən vacib problem, əhəmiyyətli məsələdir:

Elçin Bayramlı:

“Azərbaycanda bu sahədə son vaxtlar vəziyyət yaxşı deyil. Etiraf edək ki, hər iki tərəfdə ciddi problem mövcuddur. Məsələnin iki aspekti var – fiziki və mənəvi inkişaf. Fiziki inkişaf uşaqların təhsil, yaşamaq, normal tibbi yardım almaq, normal qidalanmaq, təhlükəsizlik hüququ kimi təməl ehtiyaclarının lazımi qaydada təmin olunmasıdır. Məsələn, Sovet dövründə uşaqların həm dərsləri, həm də asudə vaxtları düzgün və səmərəli təşkil olunurdu. Uşaqlar pulsuz şəkildə məktəbdənkənar yaradıcılıq və idman kurslarına cəlb olunur, mərhələli şəkildə tərbiyə edilirdilər. Uşaqlıqdan sağlam ruhda tərbiyə aşılanırdı, gələcək üçün sistemli şəkildə kadrlar yetişdirilirdi. Son vaxtlar məsələ tamamilə aradan qalxıb. Adi insanların uşaqlarını idman kurslarına, yaradıcılıq mərkəzlərinə göndərmələri üçün maddi imkanları çatmır. Belə kurslar ayda minimum 50 manatdan başlayır. Nəzərə alsaq ki, bir ailədə iki və daha çox uşaq ola bilər. Onların hər biri kursa getsə, aya neçə yüz manat vəsait edir. Bu isə ailənin ümumi gəliri qədərdir. Deməli, əhalinin əksər hissəsi üçün bu, mümkün deyil. Belə bir halda narkomaniyanın yayılması, uşaq cinayətlərinin artması, uşaqların psixologiyalarının korlanması kimi problemlər açıq-aşkar özünü göstərir və artmaqdadır. Məsələ həll olunmalıdır. İnkişaf əsasən dövlətin üzərinə düşür. Təbii ki, valideynlərin də burada rolu var. Valideyn uşaqların sağlam qidalanmasını, sağlam tibbi yardım almasını təmin etməlidir. Amma bunu dövlətin yaratdığı imkanlar çərçivəsində edə bilər”.

 

E.Bayramlı uşaq və gənclərin mənəvi inkişafının təmin olunması məsələsinə də toxunub: “Mənəvi inkişaf üçün həm ailədə, həm məktəbdə uşaqlara “müasirlik” deyilən tərbiyə metodu yox, sırf ənənəvi, milli-mənəvi dəyərlər üzərində, düzgün tərbiyə verilməlidir. Ailələr isə artıq uşaq tərbiyəsini arxa plana, “azadlıq”, “sərbəstlik” adı altında tamamilə kənara atıblar. Uşaqların tərbiyəsi internetə həvalə olunub. Hərəsinin əlinə iri smartfon verilib. Azad internetdə - dəhşətli bir məkanda uşaqlar müdafiəsiz buraxılıb. Valideyinin ya buna bəzi hallarda vaxtı çatmır, ya da həvəsi yoxdur. Məktəblərin də əlindən tərbiyə funksiyası alınıb, yalnız təhsil verən funksiya qalıb. Uşaqlara məktəbdə kurikulum sistemi, yeni və müasir yanaşmalar – adı “innovativ yanaşma” qoyulsa da, bu, heç də yaxşı yanaşma deyil. Çünki uşaqlara məktəbdə həddindən artıq özbaşınalıq, sərbəstlik hüququ tanınıb. Müəllimlərin onları tərbiyə etmək, nəzarət etmək hüquqları isə tamamilə məhdudlaşdırılıb. Ətraf mühit də o qədər yaxşı deyil. Uşaqlar küçədə, eləcə də internet məkanlarında mənfi meyillərə məruz qalırlar. Bu məsələdə artıq dövlətin rolu üstündür. Eyni zamanda həm valideyinin, həm də cəmiyyətin”.

 

Sosioloq məsələdə medianın da rolunu xüsusi vurğulayıb: “İndi uşaqlar kitab oxumurlar. Kitab oxumadan böyüyən uşaqdan yaxşı heç nə gözləmək olmaz. Onların məşğuliyyətləri necə təmin olunur? Vaxtları ancaq internetdə mənasız videolara, aqressiv oyunlara həsr olunur, real ünsiyyət aradan qalxır, bir növ virtual dünyada yaşayır. Bu, zonbiləşməyə aparıb çıxarır, yad ideologiyaların təsiri altına düşür. Yerli istehsal çizgi filmlərimiz, demək olar, çox azdır. Uşaqlar körpəlikdən yad mədəniyyətlərin hazırladığı filmlərlə, tele-istehsallarla böyüyür, onları tanıyır və milli köklərindən aralı düşür. Fikir vermişəm, gənclərimizin çoxu klassik kinolarımızdan, ədəbiyyatımızdan, folklorumuzdan xəbərsizdirlər. Təbii ki, kiçik bir hissəni çıxmaq şərti ilə, yaxşı oxuyan tələbələr var. Sağlam gənclik, sağlam cəmiyyət istəyiriksə, uşaqları, gəncləri düzgün tərbiyə etməliyik. Cənab Prezidentimiz dəfələrlə vurğulayıb ki, Azərbaycan dövləti milli-mənəvi dəyərlər üzərində bərqərardır və belə də inkişaf edəcək. Bu prinsiplə məsələyə yanaşılmalıdır. Valideynlər də məsuliyyətli olmalıdırlar. Təhsil sistemi də məsələyə düzgün yanaşmalı, son vaxtlar apardığı eksperimentlərə son qoymalıdır. Normal milli təhsil və tərbiyə sistemi formalaşmalıdır. Əks halda, sağlam gələcəkdən söhbər belə gedə bilməz. İndidən artıq əlamətlərini görürük. Sonrakı dövrdə elmə, idmana yönəldilmiş gənclərin işlə təminatına, elmi yaradıcılıqla, mədəni, idman sahələrində özünü realizə etməsinə imkan yaradılmalıdır. Məsələn, uşaq verilişləri yox səviyyəsindədir. Gənclərin asudə vaxtları üçün intellektual yarışlar keçirilməlidir. AZTV-də, İctimai TV-də bu, var. Amma özəl kanallar, kommersiya kanalları bu işdə maraqlı deyillər. Əksinə, gənclərin tərbiyəsini pozmağa yönəlmiş, milli-mənəvi dəyərlərimiz əleyhinə zərərli təbliğatla məşğul olurlar. Bu aparılan təbliğat qloballaşma proqramı çərçivəsində gedir. Milli dəyərlər sıradan çıxır. Nəticədə boşanmalar üzrə dünya “liderləri”ndən biriyik. Ailə institutumuz dağılır. Narkomaniya, işsizlik sürətlə artır. Bu isə milli genefondun zədələnməsi, məhv olmasıdır. Burada artıq kompleks yanaşma olmalıdır. Dövlət siyasəti müəyyənləşdirilməlidir. Uşaqların sağlam fiziki və mənəvi inkişafı ilə bağlı xüsusi dövlət proqramı elan olunmalıdır. Dövlət medianı da, cəmiyyəti də, ictimai institutları da buna məcbur etməlidir. Onlar da buna borcludurlar. Sosial məsuliyyət anlayışı var. Hətta şirkətlər belə bu işə dəstək verməlidirlər”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Tarix: 17 Dekabr 2022, 13:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin