BURADA REKLAMINIZ OLA
BİLƏR

"Mülki əhalinin Laçın dəhlizindən keçməsinə şərait yaradılması Azərbaycan xalqının niyyətinin məhz davamlı sülhlə bağlı olduğunu sübut etdi" - RƏY

“Qarabağdakı dinc aksiyalar bir daha nümayiş etdirdi ki, Azərbaycan öz haqqı uğrunda təkcə hərbi yolla deyil, həm də dinc yollarla sistemli mübarizə aparmağı bacarır. Azərbaycan xalqı heç vaxt öz haqqından imtina etməyəcək. Azərbaycan xalqı milli məsələlərdə hər zaman həmrəydir. Bütün bunlar növbəti dəfə xalqımızın təqdimatı üçün göstərici rolunda çıxış edir. Bəli, hər zaman Ermənistana, ermənilərə sülh təklif etmişik. Lakin dünya ermənililiyi Ermənistanı işğalçı siyasət həyata keçirməyə təhrik etdi, Azərbaycan ərazisində separatizmi maliyyələşdirdi, körüklədi. Bu baxımdan, Azərbaycan xalqı dünyaya nə dərəcədə sülhsevər, yüksək mədəni səviyyəyə, siyasi mədəniyyət səviyyəsinə malik olduğunu nümayiş etdirir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Deputat bildirib ki, Azərbaycan ərazisində yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul edərək tam təhlükəsizlik şəraitində mövcud ola bilər, inkişaflarını sürdürə bilərlər:

 

“Azərbaycanda bu istiqamətdə kifayət qədər aydın müşahidə olunan təcrübə, reallıq mövcuddur. Ölkəmizin etnik tərkibi kifayət qədər zəngindir. Vaxtilə ulu öndər Heydər Əliyev demişdi ki, Azərbaycan ərazisində yaşayan bütün xalqların nümayəndələri Azərbaycanın milli sərvətidir. Dünyanın başqa heç bir dövlətində, xalqında bu cür yanaşma mövcud deyil. Bu, məhz Azərbaycanın, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yanaşmasıdır. Azərbaycandakı multikulturalizm mühiti dünyanın heç bir yerində yoxdur. Multikulturalizmin Azərbaycan modeli bütün dünya üçün örnəkdir. Heç bir xalqın nümayəndəsi Azərbaycanda diskriminasiyaya məruz qalmayıb. Azərbaycan ərazisində yaşayan ermənilərin hüquqi vəziyyəti, ümumiyyətlə, vəziyyəti məsələsi Azərbaycanın daxili işidir və biz bunu üçüncü tərəflə müzakirə etmək fikrində deyilik. Azərbaycan ərazisində yaşayan ermənilərin təhlükəsizliklərinin təmin olunması, hüquqlarının qorunması Azərbyacanın daxili işidir və Azərbaycan həm təhlükəsizliyə, həm də ermənilərin hüquqlarının qorunmasına hər zaman təminat verir. Müxtəlif xalqların nümayəndələrinin Azərbaycanda vəziyyəti buna bariz nümunə, ən yaxşı təcrübə göstəricisidir”.

 

E.Mirbəşiroğlu qeyd edib ki, torpaqlarımızı, ərazilərimizi qoruduğumuz kimi milli sərvətlərimizi də qoruyacağıq: “Əlimizdən gələni edəcəyik və etməkdəyik. İşğal dövründə Ermənistan Azərbaycan ərazilərinə ölçüyəgəlməz dərəcədə zərər vurdu, Azərbaycana qarşı ekoloji terror həyata keçirdi. Bu terror sistemli və hərtərəfli xarakter daşıyır, məqsədli həyata keçirilirdi. Bu, təkcə Azərbaycanda yaşayan bugünkü nəslə yetirilən zərər deyil, Ermənistan artıq gələcək nəsillərə də çox böyük zərər vurub. Buna görə də Ermənistan, dünya ermənililiyi, Azərbaycan ərazisində separatizmi dəstəkləyən dairələr məsuliyyət daşıyır və mütləq şəkildə cavab verməli olacaqlar. Qarabağda keçirilən dinc aksiyalar bir daha nümayiş etdirdi ki, biz dinc, yanaşı yaşamağı bacaran xalqıq. Mülki əhaliyə münasibətdə hər cür zorakılığın əleyhinəyik və mülki əhalinin Laçın dəhlizindən keçməsinə şərait yaradılması, sülh çağırışlarının edilməsi bir daha Azərbaycan xalqının niyyətinin məhz davamlı sülhlə bağlı olduğunu sübut etdi. Hazırda ermənilərin yaşadıqları ərazilərimizdə milli sərvətlərimiz, faydalı qazıntılarımız cinayətkar şirkətlər tərəfindən qeyri-qanuni istismar olunur. Təbii ki, bunun qarşısını almalıyıq. Çünki ermənilərin yaşadığı Azərbaycan ərazilərində sərvətlərimizin talanması separatizmə də rəvac verir. Əldə olunan qeyri-qanuni gəlirlər Xankəndi və ətraf ərazilərdə erməni separatizminin ayaqda qalması üçün maliyyə dəstəyi rolunda çıxış edir. Təkcə ekologiyamızı deyil, təhlükəsizliyimizi təmin etmək üçün bu aksiyaları davam etdirməliyik. Bununla faydalı qazıntıların qeyri-qanuni istismarının, talanmasının qarşısını almaqla yanaşı, ərazilərimizdə erməni separatizminin maliyyə dayaqlarını da aradan qaldırmış olacağıq”.

 

Aytəkin Qardaşova

Tarix: 19 Dekabr 2022, 14:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin