BURADA REKLAMINIZ OLA
BİLƏR

Elektron siqaret görün nələrə yol açır – Həkim AÇIQLADI

“Elektron siqaret ilk dəfə 2003-cü ildə, sonradan 2006-cı ildə Çində satışa çıxarılıb. Elektron siqaret Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən siqareti, tütün və tütün məmulatlarını tərgitmə metodlarından biri kimi satışa verilib. Buna görə də insanlar, xüsusən gənclər arasında elektron siqaretdən istifadə kütləvi şəkildə yayıldı. Bu siqaretin ənənəvi siqaretdən daha az zərərli olduğu deyildi. Daha ucuz qiymətə başa gəldiyinə görə kütləvi yayılması genişləndi”.

 

Bu sözləri Pravda.az-a müsahibəsində pulmonoloq Sevda Aslanova deyib.

 

Onun sözlərinə görə, elektron siqaret son 15 ildir, istehsal olduğundan orqanizmdə ənənəvi siqaretə nisbətən daha çox, ya az zərər verdiyi barədə yetəri qədər tədqiqat aparılmayıb: “Təbii ki, bir sıra çalışmalar var. 2015-ci ildə tədqiqatlar aparılmağa başlayıb. ÜST tərəfindən siqareti tərgitmə metodu kimi önə sürülsə də, sonradan məlum oldu ki, elektron siqaret nikotin əsaslı və nikotin əsassız buraxılıb. Aydın oldu ki, elektron siqaretdən istifadə heç də ənənəvi siqaretin tərgidilməsi üçün uğurlu metod deyil. Hətta siqareti tərgitmək istəyənlərin 80%-i elektron siqaretdən asılı vəziyyətdə qaldı. Yalnız 20%-i tütün məmulatlarını tərgidə bildi. Elektron siqaretin ənənəvi siqaretdən daha az zərərli olduğu deyilir, amma aparılan çalışmalar göstərir ki, elektron siqaretlər ürək və beyin damar xəstəlikləri, kəskin ağ ciyər zədələnmələri, ağ ciyərlərin xroniki obstruktiv xəstəliyini, yəni əsasən bronxlarda, sonradan dolayısı ilə ağciyərlərdə dəyişikliklər törədir, ağciyər toxumasının zədələnməsinə gətirib çıxarır. Elektron siqaretdən istifadə nəticəsində sərbəst oksigen radikalları artır, orqanizmdə nitrik oksid ifrazının azalması hesabına vazospazm baş verir. Beləliklə, ürək və beyin damar sistemi, eyni zamanda ağ ciyər toxuması zədələnir. Əsas fəsadları bunlardır. Elektron siqaretin yetəri qədər ziyanlı olduğu, eyni zamanda tərkibində olan dadlandırıcılar, digər kimyəvi maddələr hesabına konsaragen olduğu da aşkarlanıb”.

 

Aytəkin Qardaşova

Tarix: 20 Dekabr 2022, 14:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin