BURADA REKLAMINIZ OLA
BİLƏR

Zəlimxan Məmmədlidən Saakaşvili ilə bağlı açıqlama: “Avropa dövlətləri nə etməli idilər? Tiflisə hücummu etməli idilər?”

“Real olaraq Gürcüstanda rusofillərin hakimiyyəti var. Oliqarx olaraq Bidzina İvanişvilinin Gürcüstana gəlməsi demokratiyanın qarşısını almaq, demokratiyanın carçısı Mixail Saakaşvilini aradan götürmək üçün idi. Prosesin içində oldum, bilirəm ki, səs almaqdan ötrü insanlara kifayət qədər kapital payladılar. Bu gün Saakaşvilinin varlığı Rusiyanın, oliqarxiyanın maraqlarına qətiyyən uyğun deyil. Saakaşvilinin post-sovet məkanında, Ukraynada, xüsusilə Donetskdə apardığı fəaliyyəti, Rusiyaya qarşı dirənişi Rusiya bağışlamaq istəmir. İndiki zamanda təlimat, mənə belə gəlir ki, prosesi Saakaşvilinin tamamilə fiziki cəhətdən məhv olmasına qədər aparmaqdır. Gürcüstan hakimiyyəti də bu öhdəliyi yerinə yetirir…”

 

Bu sözləri Pravda.az-a Borçalı İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin müzakirəyə səbəb olan son görüntüləri barədə danışarkən deyib.

 

O bildirib ki, ayrı-ayrı institutlarda müəyyən çağırışlar var, amma bu çağırışlara yerli hakimiyyət – Gürcüstanın siyasi hakimiyyəti əməl etmir, qulaq ardına vurur: “Saakaşvilinin Avropaya gedən qapısını da müəyyən qədər bağlayan faktorlardan biri budur. Həm də Saakaşvili üçün tibbi ekspertlər göndərdilər - təbii ki, siyasi hakimiyyətlərin burada rolu var. Qapını açdılar ki, Saakaşvilinin qanında zəhərlənmə olub-olmadığı barədə analizlər götürülsün. Bəlli oldu ki, civədən zəhərlənmə var. Hətta bunun üçün rəy də verildi ki, Saakaşvili daha ixtisaslı klinikada müalicə olunmalıdır. Lakin yenə də bu, Putin-İvanişvili komandasının siyasi olan bir məsələnin üzərində etdiyi alver və isrardır. Real olaraq ABŞ və Avropa dövlətləri nə etməli idilər? Tiflisə hücummu etməli idilər? Çağırışlarını edirlər, amma əməl olunmur. Bu səbəbdən yerdə dirəniş önəmlidir. Hər halda Saakaşvili bir islahatçı kimi uzun on illər yox, yüz illər tarixdə qalacaq. Onun apardığı islahatlar unikal və özünəməxsusdur. Mən bu islahatlara “Saakaşvili metodu” deyirəm. Bu metod post-sovet məkanında, xüsusilə Qafqaz dövlətlərində kifayət qədər sıçrayışa və demokratiyaya doğru meyillənməyə gətirib çıxardı. Təbii ki, bu, demokratiyanın düşməni olan Rusiyanın maraqlarına uyğun deyildi. Ona görə də proseslər gedir. Hər halda Qərb dövlətləri, o cümlədən Gürcüstan cəmiyyəti daha radikal tələblər qoymalı, belə böyük bir islahatçının, demokratın məhvinə göz yummamalıdırlar. Mübarizənin bütün vasitələrindən istifadə olunmalıdır ki, Saakaşvilini indiki zamanda girovluqdan çıxartsınlar. Eyni zamanda Gürcüstanın Prezidenti Salome Zurabişvilinin əfvetmə imkanları var. Xanım Zurabişvilidən prezident səlahiyyətindən istifadə edərək Saakaşvilinin əfv olunması, onun bu durumdan çıxarılması ilə bağlı qəti addımlar atmasını xahiş edir, eyni zamanda soydaş kimi tələb də edirəm…”

 

Aytəkin Qardaşova

Tarix: 26 Dekabr 2022, 16:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin