BURADA REKLAMINIZ OLA
BİLƏR

Soyadları “-ov”, “-yev”lə bitən deputatların sayı açıqlandı

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin sonuncu plenar iclasında soyadların milliləşdirilməsi məsələsinə toxunaraq, təklif edib ki, 2023-cü ildən etibarən Azərbaycanda soyadlardan “-ov”, “-yev” sonluğu götürülsün. Sabir Rüstəmxanlının təklifi bir çoxları tərəfindən müsbət qarşılanıb. Bu təklif eyni zamanda soyadında “-ov”, “-yev” sonluğu olan deputatları müzakirə obyektinə çevirib. Deputatların Sovet dövründən qalan soyad sonluqlarından niyə hələ də imtina etməmələri tənqid olunur.

 

Pravda.az “-ov”, “-yev” soyad sonluğu olan deputatların statistikasını aparıb.

 

Məlum olub ki, parlamentdəki 118 deputatdan cəmi 10 nəfərinin soyad sonluğu “-lı”, “-li” şəkilçisi ilə bitir – Musa Qasımlı, Əli Hüseynli, İsa Həbibbəyli, Sabir Rüstəmxanlı, Tahir Kərimli, Azər Kərimli, Erkin Qədirli, Müşfiq Məmmədli, Aqiyə Naxçıvanlı, Fəzail İbrahimli. Maraqlıdır ki, hazırda Milli Məclisdə soyadı “-ov”, “-yev”lə bitən 88 nəfər deputat var. Deputatlardan 8 nəfərinin soyadı isə fars mənşəli şəkilçi “-zadə” ilə bitir – Əminə Ağazadə, Aydın Mirzəzadə, Asim Mollazadə, Əliabbas Salahzadə, Cavanşir Paşazadə, Ziyad Səmədzadə, Pərvin Kərimzadə, Mahir Abbaszadə. Digər deputatların soyad sonluğu isə yoxdur – Fazil Mustafa, Aqil Abbas, Zahid Oruc, Ramil Həsən, Fatma Yıldırım və s.

 

Pravda.az-ın əməkdaşı Sabir Rüstəmxanlının təklifi ilə bağlı deputat Rüfət Quliyevin fikirlərini öyrənməyə çalışıb.

R.Quliyev hesab edir ki, soyad sonluğunun dəyişdirilməsi hər kəsin öz işidir:

 

“İstər soyadını dəyişər, istər soyadındakı sonluqları götürər… Bu, konkret olaraq insanların özündən asılıdır. Mən belə düşünürəm”.

 

Qeyd: Soyad sonluğunu dəyişmək istəyən vətəndaşlar qeydiyyatda olduqları ərazidəki “ASAN xidmət" mərkəzinə yaxınlaşıb, cəmi 10 manat dövlət rüsumu ödəməklə məsələni həll edə bilərlər. Soyadların tam dəyişdirilməsi isə bir qədər uzun prosesdir…

 

Aytəkin Qardaşova

Tarix: 3 Yanvar 2023, 15:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin