BURADA REKLAMINIZ OLA
BİLƏR

Vətəndaşlara qarşı dələduzluq edən qadına elektron qolbaq taxıldı

Gədəbəy Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Səbinə Quliyevanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Marif Kazımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi Səbinə Quliyevanın şikayətini təmin etməyib.

 

İttihama görə, Şəmkir rayon sakini, 1983-cü il təvəllüdlü Səbinə Quliyeva həmyerlisi F.Alıyevin barəsində Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə Şəmkir Rayon Məhkəməsində baxılan cinayət işi ilə bağlı onun xeyrinə hökm çıxarılmasına köməklik göstərəcəyinə dair yalandan vəd verib. O, F.Alıyevi aldadıb 2014-cü ilin iyun ayının sonundan avqust ayının sonunadək olan müddət ərzində Şəmkir şəhərində hissə-hissə ümumilikdə 6350 manat məbləğində pulu

dələduzluq yolu ilə ələ keçirib.

 

Bundan başqa, Səbinə Quliyeva Şəmkir şəhərində yaşayan S.Mirzəyevanın əri S.Məmmədovu əvvəllər işlədiyi Daxili İşlər Nazirliyinin Şəmkir regional Mühafizə İdarəsinə işə bərpa etdirəcəyini yalandan vəd edərək, qadından 2018-ci ilin may ayında ümumilikdə 2000 manat məbləğində pul alıb.

 

Bundan əlavə, o, Şəmkir rayonu, Yeni-Həyat kəndində yaşayan Ə.Əliyevin mülki işlə bağlı Ali Məhkəmə tərəfindən onun xeyrinə qərar çıxarılmasına köməklik göstərəcəyinə dair yalandan vəd verərək, ondan 2019-cu ilin aprel ayından 2020-ci ilin fevral ayının sonlarınadək olan müddət ərzində Şəmkir, Bakı və Gəncə şəhərlərində hissə-hissə ümumilikdə 1950 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirib.

 

Həmçinin, Səbinə Quliyeva Şəmkir rayonu, Qaracəmirli kəndində yaşayan R.Hacıyevin oğlu S.Rzayevi Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə işə düzəldəcəyini yalandan vəd edərək, ondan 2020-ci ilin mart ayı ərzində Bakı, Gəncə və Şəmkir şəhərlərində hissə-hissə ümumilikdə 9002 manat məbləğində pulu dələduzluq yolu ilə alıb.

 

Qadın bir neçə şəxsə də eyni əməllə dələduzluq edib, verdiyi vədə əməl etməyib.

 

Daha sonra vətəndaşların şikayəti əsasında saxlanılan Səbinə Quliyeva barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 6 Yanvar 2023, 08:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin