BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bizim kəndimiz" şirkətinin pullarını "Topaz"da uduzan şəxs məhkəmə zalında həbs edildi

Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Vasif Tahirlinin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya protesti təmin edilib, apellyasiya şikayəti isə qismən təmin olunub. Birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

 

Belə ki, onun 2 il 3 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. Vasif Tahirlinin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunaraq, həbs qətimkan tədbiri seçilib və dərhal məhkəmə iclas zalından həbs olunub. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

İttihama görə, 1994-cü il təvəllüdlü Vasif Tahirli öz qulluq mövqeyindən istifadə etməklə, ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla talayaraq mənimsəyib.

 

Belə ki, təqsirləndirilən şəxs "Bizim kəndimiz" MMC-də 11 mart 2021-ci ildən satınalmalar üzrə mütəxəssis vəzifəsində işləyib. Təqsirləndirilən şəxs həmin cəmiyyətlə aralarında bağlanmış müqaviləyə görə, ona təhkim olunan paytaxt ərazisindəki mağazaya payladığı malların gündəlik satışından əldə edilmiş pul vəsaitini MMC-nin Səbail rayonu, Zərifə Əliyeva küçəsi 55-də yerləşən ofisində səlahiyyətli nümayəndələrə və ya müvəkkil edilmiş banklara təhvil verilməsi ilə bağlı üzərinə qoyulmuş vəzifələri icra etməyib.

 

O, 31 may 2021-ci ildə qeydiyyat dəftərinə imza ataraq nağd şəkildə aldığı 4000 manat pulu isə təyinatı üzrə ödəmədən şəxsi ehtiyaclarına, yəni “Topaz” idman mərc oyunlarına sərf edib.

 

Beləliklə, Vasif "Bizim kəndimiz" şirkətinin ümumilikdə 16 148 manat pulunu mənimsə yolu ilə ələ keçirib.

 

Səbail Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 3 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş isə apellyasiya şikayəti verib.

 

Kamal Məmmədov

Tarix: 12 Yanvar 2023, 14:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin