BURADA REKLAMINIZ OLA
BİLƏR

Əhalinin məşğulluğunun təmin etmək üçün dövlət səviyyəsində güzəştlər edilir - RƏY

Regionların inkişafı ölkənin davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Hazırda regional iqtisadi siyasətin əsas hədəfləri regionlarda iqtisadi aktivliyin artırılmasına, regionlara daxili və xarici sərmayələrin cəlbinə, texnologiyaların tətbiq olunmasına, istehsal və ixrac imkanlarının artırılmasına yönəldilib. Vətən müharibəsində əldə etdiyimiz Zəfərlə Azərbaycanda regionların sosial-iqtisadi inkişafının yeni mərhələsi başlanıb. Şübhəsiz ki, Qarabağın ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək.

 

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Müşfiq Cəfərov Pravda.az-a deyib ki, Azərbaycan qlobal iqtisadiyyata sürətlə inteqrasiya olunaraq demokratik inkişaf yolunda atılan ardıcıl addımlarla regionda böyük nüfuz sahibinə çevrilən müstəqil dövlət kimi qısa zamanda böyük nailiyyətlər əldə edib.

Deputat vurğulayıb ki, dövlətin uğurları hər bir vətəndaşın mənafeyinə xidmət edir: “Cənab Prezident İlham Əliyev son beş ildə regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlayıb, bu istiqamətdə kompleks tədbirlər həyata keçirib. Cənab İlham Əliyevin icra başçılarının qarşısına qoyduğu ən böyük hədəf rəhbəri olduqları bölgələrin problemlərini və həlli yollarını öyrənib, ölkə rəhbərliyinə təqdim etmələri olub. Bu gün, doğrudur, Azərbaycan qısa müddətdə dünyanın sürətlə inkişaf edən, bütün sahələrdə yeniləşən dövlətlərindən birinə çevrilib. Regionların iqtisadi artımının təminatı üçün bir çox dövlət proqramları həyata keçirilib. Əsasən regionlarda kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafına yardım göstərib, o cümlədən emal müəssisələrinin yaradılmasını, xidmət və digər infrastruktur obyektlərin, turizmin inkişafını və bütün bunların fonunda çoxlu yeni iş yerinin açılmasını təmin etmək məqsədi güdən bu dövlət proqramları regionların tarazlı inkişafına yönəlməklə yanaşı, həm də yerlərdə enerji infrastrukturunun, nəqliyyat-kommunikasiya sisteminin bərpası, habelə elmi-texniki tərəqqi, mədəni yüksəliş, müasir informasiya texnologiyalarının tətbiqi məsələlərini özündə ehtiva edib. Lakin hər bir qəbul olunmuş proqramın uğurlu həyata keçməsi üçün həmin proqramın icraçı heyətinin tərkibindən də çox şey asılıdır. Regionlarda kənd təsərrüfatını inkişaf etdirmək üçün işlər görülürsə, mütləq yerli sahibkarlar o proqramı əhatəli şəkildə bilməli və onlara nəyin lazım olub-olmadığını müəyyənləşdirməlidir”.

 

M.Cəfərov deyib ki, bəzən böyük maliyyə ayrılan proqramlar özünü tam doğrultmur və ya davamlılığı olmur: “Bunun əsas səbəbi bölgələrlə bağlı düzgün araşdırmalar aparılmamasıdır. Xüsusilə, dünyada baş verən müharibələr və pandemiya bir daha regionlarda iqtisadi inkişafın mühüm parçası olan kənd təsərrüfatının inkişafının bir ehtiyac olduğunu sübut etdi. Ərzaq təhlükəsizliyinin təminatında regionların əvəzsiz rolu var. Təmsil etdiyim Gəncə şəhərində sənaye parklarının yaradılmasını dəfələrlə təklif etmişəm. Əvvəllər bu barədə qərar qəbul olunmuşdu, sonra icrası dayandı. Demək olar ki, Azərbaycanın ikinci ən böyük şəhərində buna həm ehtiyac, həm də şərait var…”

 

İqtisadçı Pərviz Heydərov isə bildirib ki, cənab Prezident İlham Əliyev hakimiyyətə gələndən bəri regionların sosial-iqtisadi inkişafı ilə bağlı müvafiq dövlət proqramları həyata keçirilir:

Oxu.az - Elmin inkişafı büdcədən nə dərəcədə asılıdır?

“Bu proqramların həyata keçirilməsi barədə dövlət başçısı səviyyəsində həmişə müvafiq toplantılar olur, həmin proqramların icrası nəticəsində əldə edilən işlər nəzərdən keçirilir, qiymətləndirilir. Hər bir proqram yekunlaşdıqdan sonra yeni dövlət proqramına başlanılır. Ötən müddət ərzində regionların sosial-iqtisadi inkişafı ilə bağlı dörd dövlət proqramı həyata keçirilib. Bunun nəticəsində regionlarımızda çox böyük işlər görülüb, müvafiq nəticələr əldə edilib. Geniş miqyaslı infrastruktur layihələri həyata keçirilib, ölkə üzrə avtomobil yollarının çəkilməsi, kommunikasiya şəraitinin yaxşılaşdırılması, regionlarda əhalinin məşğulluğunun təmin edilməsi üçün tələb olunan müvafiq şəraitin yaradılması istiqamətində çox böyük addımlar atılıb. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı tələblər, çağırışlar elədir ki, yeni-yeni vəzifələr qarşıya qoyur. 44 günlük müharibədən sonra işğal altında olan ərazilərimizin azad edilməsi ortaya daha böyük çağırışlar, tələblər çıxardı. Hazırda Qarabağda geniş yenidənqurma və bərpa işləri gedir. Müharibə başa çatan kimi bu işlərə başlanılıb. Qarabağa 2021-ci ildə ilkin olaraq 2,2 milyard manat vəsait ayrılıb, ötən il də eyni 2,2 milyard ayrılsa da, soradan bu məbləğ artırıldı. Bu il isə 3 milyarddan çox vəsait ayrılması nəzərdə tutulub”.

 

Ekspert bildirib ki, regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi istiqamətində işlər getdikcə genişləndirilir: “İşğaldan azad olunan ərazilərimizdə sahibkarlar üçün müvafiq güzəştlər tətbiq edilib. Əhalinin məşğulluğunun təmini üçün hökumət dövlət səviyyəsində güzəştlərə gedir. Həm vergi istiqamətində, həm əlverişli investisiya mühitinin yaradılması sahəsində müvafiq addımlar atılır. Kompleks şəklində geniş miqyaslı güzəştlərin məqsədi yerli sahibkarları Qarabağda iş görməyə dəvət etməkdir, həm də qonşu xarici ölkə investorlarının, sərmayəçilərinin də bu regionla ayaqlaşmasına şərait yaratmaqdır. Əlbəttə, işğaldan azad olunan ərazilərdə görülən işlərlə bərabər digər regionlarımız da diqqətdən kənar qalmır. Digər regionların inkişafı istiqamətində görülən işlərin davam etdirilməsi də əsas məsələlərdən biri sayılır. Xüsusən yeni sənaye şəhərlərimizin, ələlxüsus da Bakının həddindən artıq yüklənməsinin qarşısını almaq məqsədilə bölgələrdə məşğulluğun artması, emal, sənaye, istehsal sahələrinin, kənd təsərrüfatının və digər sahələrin inkişafı üçün müvafiq şəraitin yaradılması baxımından indiyə qədər həyata keçirilən təşviq işləri, stimullaşdırıcı tədbirlər daha da genişləndirilməlidir. Bütün bunlar özünü büdcəyə verdiyi fiskal siyasətində, o cümlədən müvafiq investisiya mühitinin yaradılması üçün dövlət tərəfindən daha böyük güzəştlərə gedilməsi baxımından getdikcə özünü daha çox büruzə verməlidir. Beləliklə, ölkə iqtisadiyyatının ümumi inkişafında regionların payının artmasına daha çox nail olarıq. Təqdirəlayiq haldır ki, mərkəzdən digər bölgələrin maliyyələşdirilməsi son illər ərzində xeyli azalıb. Bunu maksimum səviyyəyə çatdırmaq lazımdır ki, regionlarımız maliyyə baxımından özləri özlərini tam şəkildə təmin edə bilsinlər. Bölgələrdə iqtisadi inkişaf elə bir səviyyəyə gəlib çatmalıdır ki, təşəbbüskarlıq elementləri, hisləri nəticəsində kiçik və orta biznesin inkişafı özünü geniş şəkildə göstərə bilsin”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

Tarix: 14 Yanvar 2023, 11:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin