BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş məcburi köçkünlərə verilən müavinət kəsiləcək? - AÇIQLAMA

Keçmiş məcburi köçkünlərə verilən aylıq müavinətin artırılmaması müzakirələrə səbəb olub. İddia edilir ki, Qarabağ probleminin  həlli bu məsələni gündəmdən kənarlaşdırıb.

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Aqil Məmmədov isə Pravda.az-a açıqlamasında deyib ki, məcburi köçkünlərə verilən vahid aylıq müavinətin hazırda artırılmaması ilə bağlı səslənən fikirlər əsassızdır.

Deputat bildirib ki, narahatlığa əsas yoxdur: “Bu məsələyə baxıla da bilər, baxılmaya da. Bütün məcburi köçkünlər əsas istəyirlər ki, ata-baba yurdlarına qayıtsınlar, orada yaşasınlar, həyatlarını qursunlar. Dövlət onlar üçün lazımi şəraiti qurub, verəcək. Cənab Prezidentin Sərəncamı ilə imzalanan sosial paketlərin həyata keçirilməsi son beş ildə ən böyük layihələrdən biri oldu. Müəyyən məsələlər var ki, bunları ardıcıllıqla, mərhələli şəkildə həyata keçirmək lazımdır. Birdən-birə desək ki, bütün sahələr üzrə artımlar edin, bir az uyğun gəlməzdi. Keçmiş məcburi köçkünlərin aylıq müavinətlərinin artırılıb-artırılmaması ilə bağlı heç bir rəsmi açıqlama yoxdur. Ola bilər, cənab Prezident, bəlkə də, bir-iki ay sonra bu məsələyə toxunsun. Əvvəllər də bu barədə müzakirələr olmuşdu ki, məcburi köçkünlər ata-baba yurdlarına qayıtdıqdan sonra da bir neçə il vahid aylıq müavinətlərini alacaqlar. Ölkə başçısı artıq bununla bağlı anons verib. Yəni vahid aylıq müavinətin dərhal kəsilmə ehtimalı hələlik yoxdur. Düzdür, müəyyən məqamlar bunu göstərir ki, ola bilsin, torpaqlarımızın işğaldan azad edilməsi müavinətin artırılmamasına təsir edib. Amma bunu biz fikirləşirik. Ölkə rəhbəri sabah hansısa dəyişiklik edə bilər”.

 

Deputat xatırladıb ki, keçmiş məcburi köçkünlərin Qarabağa qayıdışı ilə əlaqədar “Böyük Qayıdış” proqramı qəbul olunub: “Bilirsiniz ki, 2020-ci ilə qədər dövlət səviyyəsində 110-dan artıq məcburi köçkün qəsəbəsi salınıb, vətəndaşlarımıza verilmişdi. Artıq bunun dayandırılması təəssüf doğurmamalıdır. Qəsəbələr məcburi köçkünlərə verilmədi. Həmin qəsəbələrin ehtiyacı olan ailələrə verilməsi, bir qisminin satışa çıxarılması ilə bağlı müəyyən məsələlər ortadadır. Bu da təbiidir. Artıq məcburi köçkünlər burada yox, ata-baba yurdlarında məskunlaşmağı daha üstün tuturlar. Məncə, bu atılan addım da ən doğrusudur. Çalışmalıyıq ki, burada çəkiləcək xərclər işğaldan azad olunmuş ərazilərə yönəldilsin. Qarabağda yeni-yeni yaşayış məntəqələrinin tikilməsi işini aparmalıyıq. Dövlət proqramı çərçivəsində vətəndaşlarımızın məşğulluq məsələsi də gündəmdədir. Məsələ tək bununla bitmir. Keçmiş məcburi köçkünlərimizin ata-baba yurdlarına sərmayə qoyan sahibkarlarla bağlı da güzəştlər edilib. Dəniz səviyyəsindən yüksəkliyə görə müavinət alınması, vergilərdən azad olma məsələləri, xaricdən idxal olunan mallardan ƏDV tutulmaması və s. güzəştlər nəzərdə tutulub. Allahın izni ilə bütün bunlar tətbiq olunacaq”.

 

Aytəkin Qardaşova

Tarix: 18 Yanvar 2023, 09:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin