BURADA REKLAMINIZ OLA
BİLƏR

“Əziz bakılılar və şəhərimizin qonaqları...” – Bakı metrosunda bu ifadə dəyişdirilir?

Metro stansiyalarında səslənən “Əziz bakılılar və şəhərmizin qonaqları” xitabı müzakirələrə səbəb olub. Bu ifadə ayrıseçkilik kimi qiymətləndirilir, dəyişdirilməsi təklif edilir.

 

Məsələyə aydınlıq gətirən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Pravda.az-a açıqlamasında deyib ki, heç bir ayrıseçkilikdən söhbət gedə bilməz.

 

Qurum rəsmisi qeyd edib ki, metro nəqliyyat növü sırf şəhər üçün nəzərdə tutulur: “Yəni metropoliten hər hansı bir ölkənin, yaxud digər coğrafi ərazi bölgü vahidinin deyil, məhz şəhərin adı ilə bağlı olur. London metrosu, Roma, Nyu-York metrosu... Gördüyünüz kimi, Böyük Britaniya, ABŞ metrosu anlayışı yoxdur. Şəhərdaxili nəqliyyat növü olduğu üçün ilk növbədə şəhərin sakinlərinə müraciət olunması onların metrodan daha çox istifadə etməsinin göstəricisi kimi qəbul oluna bilər. Məsələnin kökünü anlayıram. “Bakılılar” hər hansı bölgü prinsipi kimi deyil, sırf Bakı şəhərinin sakinləri, bu şəhərdə yaşayan insanlar və təbii ki, şəhərə gələn qonaqlara hörmət əlamətini göstərən müraciət forması kimi qəbul olunub. Bu, təkcə günümüzdə deyil, uzun illər ərzində tətbiq olunmuş formatdır”.

 

B.Məmmədov bildirib ki, müraciətin dəyişdirilməsi kimi məsələlərə “Bakı Metropoliteni”ndə zamanla baxılır: “Müraciətin forması, məzmunu, onun dəyişdirilməsi ilk növbədə sərnişin auditoriyasına təsir baxımından kifayət qədər diqqətçəkən mövzu olur. Zamanı çatanda istər səsləndirmənin müxtəlif müəlliflər, insanlar tərəfindən aparılması, daha diqqətçəkən olması üçün tematik mövzu kimi dəyişdirilməsi… “Bakı Metropoliteni”nin əsas prinsipləri sərnişinlərin hərəkət təhlükəsizliyidir. Metrodan istifadə qaydalarını sərnişinlərə çatdırmaq üçün məzmunun mahiyyətindən kənara çıxamamaq şərtilə müxtəlif vasitələrdən, yollardan istifadə oluna bilər. “Bakılılar” regionçuluq psrinsipi ilə deyilmir. Metroda sözügedən ifadənin səsləndirilməsində hər hansı bölgüçülük və digər niyyətlər heç vaxt olmayıb, bundan sonra da olmayacaq”.

 

Aytəkin Qardaşova

Tarix: 18 Yanvar 2023, 11:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin