BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədri: “Çörək almağa pulu yoxdur, deyirlər ki, sizə sosial yardım düşmür”

“Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyi barədə dəfələrlə danışmışıq. İstər əlilliyin müəyyən olunması, yaxud əlilliyin ləğvi, pensiyaların hesablanması, hətta Vətən müharibəsində əlillik dərəcəsi almalı olan veteranlara əlilliyin verilməməsi və bir çox məsələlərlə bağlı ƏƏSMN hazırda ən çox şikayət olunan nazirlikdir. Belə bir təəssürat yaranır ki, bu nazirliyin məqsədi heç də aztəminatlı təbəqənin yaşayışını yaxşılaşdırmaq, onlara işıq olmaq, şans yaratmaq yox, ayrılan büdcənin özlərində saxlanılması üçün müxtəlif bəhanələr və prosedur pozuntuları tapmaqdır. Elə bil ƏƏSMN-lə vuruşmalısan ki, ordan nəsə yardım ala biləsən. Yəqin, Sahil Babayev belə bir göstəriş verib ki, maksimum heç kimə heç nə verməyin, büdcəni qoruyub-saxlayaq, ilin sonunda da mən Prezidentə məruzə edim ki, nazirlik bu qədər pula qənaət edib. Hansı ki heç kəsə sirr deyil, o qədər pul elə Azərbaycanın aztəminatlı təbəqəsinin ehtiyaclarıdır. O pullar onsuz da ehtiyacı olan insanlara çatdırılmalıdır, bu ildən gələn ilə büdcədə saxlanılmalı deyil...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

 

O bildirib ki, bu məsələdə niyyət fərqlidir: “Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinin niyyəti aztəminatlı ailələrin yaşayışını yaxşılaşdırmaq deyil. Görünən budur. Niyyətləri Prezidentə yaxşı işlədiklərini sübut etmək üçün büdcədə əlavə gəlirlərin qalmasıdır, vəssalam. Birbaşa bizə şikayətlər də daxil olur - adamların bir tikə çörək almağa pulları yoxdur, amma ƏƏSMN deyir ki, yox, sizə sosial yardım düşmür. Bəs bu sosial yardımlar kimə düşür? Sosial yardımların iki-üç ayını kiməsə verəndə düşür, amma verməyəndə düşmür? Rüşvət verəndə düşür. Bilirsiniz, bunlar artıq Azərbaycanın heç kəsə sirr olmayan acı reallıqlarıdır. Sahil Babayev bu işin öhdəsindən nə qədər gəlir, ya gəlmir, bunu qiymətləndirmək iqtidarın işidir. Amma mənə və aztəminatlı təbəqəyə görə, Sahil Babayev bu işin öhdəsindən qətiyyən gələ bilmir, narazılıqlar pik həddədir. Tez bir zamanda bu məsələ öz həllini tapmalıdır!”

 

Aytəkin Qardaşova

Tarix: 19 Yanvar 2023, 11:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin