BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Təkcə könüllünün fəaliyyət göstərdiyi qurum pulsuz əmək əldə etmir, könüllü də pulsuz şəkildə bilik və təcrübə qazanır”

“Bu gün ölkəmizdə könüllük hərəkatı geniş vüsət alıb. Şəxsən bu proqramın lazımlı olduğunu düşünürəm. Könüllü fəaliyyət göstərdiyi qurum və ya şirkətin potensial gələcək işçi qüvvəsidir. Çünki onlar könüllü fəaliyyəti dövründə həmin qurumun iş prinsipini tamamilə mənimsəyir və kadra ehtiyac olduqda qurum və ya şirkət kənardan kadr təyin edib, həmin kadrın yetişməsinə vaxt itirmir. Artıq hazır kadr qurumun iş fəaliyyətini, potensialını artırır, həm də gənc könüllü işlə təmin olunur. Bir çox qurumlarda əvvəlcə könüllü kimi fəaliyyət göstərmiş xeyli sayda kadr var ki, bu gün onlar aparıcı və rəhbər vəzifələrə də təyin olunurlar…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

Deputat bildirib ki, könüllülüyün öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növü olduğunu hər kəs əvvəlcədən bilir: “Yəni bundan narazı olan varsa, təbii ki, öz iradəsi daxilində bu seçimi etmir. Hazırda dünyada ictimai və cəmiyyət maraqları naminə təmənnasız əmək sərf edən insanların sayı günbəgün artır. Xarici könüllülük proqramlarına nəzər salsaq, görərik ki, bu, nəinki gənclər üçün, hətta orta yaş və təqaüddə olan insanların da seçimi olur. İnsanlar təqaüdə çıxsalar da, könüllü kimi cəmiyyətə öz bilik və bacarıqları ilə faydalı olmağa çalışırlar. Könüllülük fəaliyyəti komanda ruhunu artırır, kollektivlə işləmək bacarığını inkişaf etdirir. Halbuki insanlar bunları öyrənmək üçün pul ödəyərək müəyyən təlimlərə qoşulurlar. Yəni burada təkcə könüllünün fəaliyyət göstərdiyi qurumlar pulsuz əmək əldə etmir, könüllülər də pulsuz şəkildə bilik və təcrübə qazanırlar. Hazırda könüllük nəinki ölkə daxilində geniş yayılıb, hətta Azərbaycan gəncləri müəyyən beynəlxalq təcrübə proqramlarında könüllü kimi iştirak edib, tərcübə qazanırlar. Demək, burada qarşılıqlı maraqlar təmin olunur və hər iki tərəf bir-birinə fayda verir”.

 

Aytəkin Qardaşova

Tarix: 21 Yanvar 2023, 14:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin