BURADA REKLAMINIZ OLA
BİLƏR

Mədəniyyət Nazirliyi Tünzalə Əliyeva ilə bağlı məlumat yaydı

Mədəniyyət Nazirliyi Əməkdar artist Tünzalə Əliyeva ilə bağlı nekroloq yayıb.

 

Pravda.az xəbər verir ki, nekroloqda deyilir:

 

“Azərbaycan mədəniyyətinə itki üz verib. Teatr və kino aktrisası, respublikanın Əməkdar artisti Tünzalə Əliyeva uzun sürən xəstəlikdən sonra yanvarın 22-də, ömrünün 50-ci ilində vəfat edib.

 

Tünzalə Məcid qızı Əliyeva 1973-cü il fevralın 15-də Gəncə şəhərində anadan olub. 1993-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. Gəncə Dövlət Kukla Teatrında, Gəncə Dövlət Dram Teatrında çalışıb. 2003-cü ildən yaradıcı fəaliyyətini Bakıda, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının truppasında davam etdirib. Teatrın repertuarındakı bir sıra tamaşalarda yaddaqalan obrazlar (Natella – M.Haqverdiyev, "Qısqanc ürəklər"; Şahnaz – A.Rəhimov "Pul hərisləri"; Mehriban – Ə.Nesin, "Toros canavarı", Sənəm – Ü.Hacıbəyli, "O olmasın, bu olsun" və s.) yaradıb. Həmçinin müxtəlif filmlərdə çəkilən, əyləncəli televiziya proqramlarında iştirak edən aktrisa geniş tamaşaçı rəğbəti qazanıb.

 

Tünzalə Əliyevanın yaradıcı fəaliyyəti dövlət tərəfindən qiymətləndirilib, 2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.

 

Allah rəhmət eləsin”.

Tarix: 22 Yanvar 2023, 16:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin