BURADA REKLAMINIZ OLA
BİLƏR

Qaçaqmalçılıqda ittiham edilən müəllimlərlə bağlı qərar verildi

Ali Məhkəmədə qaçaqmalçılıqda və külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilən Ruslan Əliyevin və Salehə Əsədovanın barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onların kassasiya şikayəti təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, İran vətəndaşı olan Rəhim adlı şəxslə cinayət əlaqəsinə girən R.Əliyev və S.Əsədova saxlanan zaman onların üzərindən 1 kiloqram heroin və 500 ədəd metodon psixotrop həb aşkarlanaraq götürülüb.

 

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin təkrar qaçaqmalçılığı), 234.4.2 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə) maddələri ilə ittiham elan edilib.

 

Təqsirləndirilən R.Əliyev ifadəsində taksi fəaliyyəti ilə məşğul olduğunu, həmyerlisi S.Əsədovanı ara-sıra Bakıdan Lənkərana aparıb-gətirdiyini deyib.

 

Bildirib ki, S.Əsədova ona İranda yaşayan Rəhim adlı tanışının Azərbaycana heroin keçirərək satdığını deyib və onlarla birgə işləməyi təklif edib.

 

R.Əliyevin ifadəsindən belə məlum olub ki, həbs olunan günədək bu şəkildə işləyiblər. Salehə ilə birgə rayonlara gedib “mal”ı iranlının dediyi yerdən götürüb, onun özünün dediyi adamlara da satıblar.

 

Həbs olunmazdan bir neçə saat əvvəl Rəhim Ruslana zəng vurub deyib ki, Biləsuvar rayonunda 1 kiloqram heroin və 500 ədəd metodan olacaq, oraya gedib “malı” götürmək, Salehəyə çatdırmaq lazımdır.

 

Axşam saatlarında əlində narkotik bağlaması olan R.Əliyev həmyerlisinin qapısını döyüb “mal”ı ona vermək istədiyi zaman mülki geyimli şəxslər onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını deyiblər.

 

Təqsirləndirilən S.Əsədova ifadəsində Rəhim adlı şəxsi İrana gəzməyə getdiyi vaxtlardan tanıdığını, onun ailəsi üzvləri ilə səmimi münasibət qurduğunu, ara-sıra İrana ya həkimə, ya da bazarlığa gedib-gələndə sonuncunun ailəsi ilə birgə yaşadığı evdə qonaq qaldığını göstərib.

 

Söhbət əsnasında Rəhim ona uzun zamandan bəri İrandan Azərbaycana heroin və psixotrop maddələr göndərdiyini, bu yolla pul qazandığını söyləyib: “Harada işlədiyimi soruşduqda əvvəllər müəllimə işlədiyimi dedim. “Rəhim” də dedi ki, mən də əvvəl müəllim işləmişəm, sonra özüm çıxmışam işdən. Birgə işləməyi təklif etdi. Əvvəlcə razılaşmadım”.

 

Maddi sıxıntı içərisində olduğunu deyən S.Əsədova sonradan iranlının təklifi ilə razılaşıb.

 

S.Əsədova heroinin satışından əldə olunacaq pulun 200 manatının Ruslana, 700 manatının isə ona çatacağını deyib.

Tarix: 27 Yanvar 2023, 09:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin