BURADA REKLAMINIZ OLA
BİLƏR

Hüseyn Abdullayevin anası əfvlə bağlı müraciət etdi: “İnanıram ki, cənab Prezident humanist addım ataraq oğlumu azadlığa buraxacaq…”

2018-ci il aprelin 22-də Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən sabiq deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva oğlunun əfv olunması üçün Prezident İlham Əliyevə müraciət edib.

 

Z.Abdullayeva Pravda.az-a müsahibəsində deyib ki, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciət ünvanlayıb, bildiriş də alıb.

 

“Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da məktub göndərmişəm. Hüseynin əfvlə bağlı müraciət edib-etməməsi barədə isə xəbərim yoxdur. Bazar ertəsi yanına gedəndə soruşacağam…”, - Z.Abdullayeva bildirib.

 

O, Hüseyn Abdullayevin səhhətində ciddi problemlər olduğunu deyib: “Səhhətində problemlər çoxdur. Təzyiqi 200-ə qalxır. Başqa ciddi problemi də var. Açıqlaya bilmirəm. Əməliyyat lazımdır. Bilmirəm, necə olacaq. Qanunla təşkil etdim, həkim göndərdik, baxdı. Həkim dedi ki, mənə yüz min də versələr, orda əməliyyat edə bilmərəm, çünki həbsxanada bu, mümkün deyil, şərait yoxdur. Şəhərə də buraxmadılar. İndi isə vəziyyəti çox pisdir. Nə açıqlaya bilirik, nə də heç kimə şikayət edə bilmirik. Bir ana üçün bu, çox çətindir…”

 

Z.Abdullayeva əfvlə bağlı müraciətinin nəticəsi olacağına çox ümidli olduğunu bildirib: “Hüseyn mərhum prezident Heydər Əliyevin ən yaxın silahdaşı olub. May ayının 10-da - Heydər Əliyevin 100 illik yubileyində Hüseyni azadlığa buraxmasalar, mənim daha heç kimə sözüm yoxdur. Onu buraxmamaq Allahın qarşısında ən böyük günahdır. Hər kəs bilir ki, Hüseyn bu dövlətçilik üçün Heydər Əliyevin zamanında nələr edib. Çətin anlarda dövlətə necə dayaq olub, bunu Allah bilir. Biz heç nə demirik, açıqlamırıq. Hüseyn günahsız yerə cəza çəkir. Əfvlə bağlı müraciətimdə də hər şeyi yazmışam. Bundan artıq daha necə müraciət olar, başqa nə yaza bilərəm? Mənim 72 yaşım var. Həyat yoldaşım da üç ildir ki, rəhmətə gedib. Tək yaşayıram. Uşaqlarımın ailəsi var, amma mən heç kimlə yaşamaq, kiməsə minnətçi olmaq istəmirəm. Mənə hörmətləri var, hər gün biri tələb edir, deyirlər ki, “bizə gəl…” Amma mən tək yaşamaq, dərdimi özüm çəkmək istəyirəm. Hüseyn də mənim tək qalmağıma görə çox narahatdır. Deyir ki, onsuz da günahsız “yatıram”, mən ancaq səni düşünürəm. Əfv müraciətini ya mən, ya Hüseyn etsin, nə fərqi var?”

 

Z.Abdullayeva Prezident İlham Əliyevə öz xahişini çatdırıb: “Mən anayam, cənab Prezident, xahiş edirəm. Mənim balamı azad edin. Hüseynə o qədər əzab verdilər ki... Kürdəxanı təcridxanasında 22 ay mənimlə görüşdürmədilər, nə də telefonla danışdırdılar. Vəkilləri yanından gəlib dedilər ki, guya Hüseyn yaxşıdır. Amma belə deyilmiş. İndi səhhətini deyir, mənim ciyərlərim paralanır. Mən inanıram ki, cənab Prezident Hüseyni həm atasının ruhu xatirinə, həm də mən – ananın xatirinə azad edəcək. Mən 40 gün hər cümə axşamı Heydər Əliyevə öz atam, doğmam kimi məclis vermişəm. Prezidentdən sonra Fəxri Xiyabana millətlə birgə mən girmişəm. Hər dəfə anım günlərində çiçək alıb, özüm tək başıma gedib məzarını ziyarət edib gəlirəm. Səhər saat 08:00-da gedirəm ki, heç kim məni görməsin. Amma görənlər olur, tanıyırlar. Çünki qəlbimiz həmişə onunladır. Fəxri Xiyabanda da buna şahiddirlər. Hüseyn həmişə Heydər Əliyevi rəhmətlə anır. Artıq nə qədər yaşayacağımı bilmirəm. İnanıram ki, cənab Prezident humanist addım ataraq Hüseyni azadlığa buraxacaq, onu anasına qovuşduracaq…”

 

Qeyd: Hüseyn Abdullayev barəsində Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə ittiham irəli sürülüb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Hüseyn Abdullayev 6 il azadlıqdan məhrum edilib, əmlakları müsadirə olunub. Bundan başqa, onunla birgə ittiham olunan Namiq Babayev 4 il, Nazim Əliyev 3 il azadlıqdan məhrum ediliblər. İş üzrə digər təqsirləndirilən şəxslərə şərti cəza verilib. Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva da cinayət işi üzrə təqsirli bilinib. O, 4 min manat cərimə olunub.

 

Aytəkin Qardaşova

Tarix: 4 Fevral 2023, 13:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin