BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan hüquqi dövlət quruculuğu yolunda böyük inkişaf yolu keçib” - RƏY

Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş azadlıqlarının, hüquqlarının təmin olunmasını dövlətin ali məqsədi elan edib. Konstitusiya ölkədə aparılan irimiqyaslı islahatlar üçün möhkəm qanunvericilik bazası yaratmağa şərait yaradıb. Dövlət tərəfindən vətəndaş cəmiyyətinin, demokratik hüquqi dövlətin bərqərar olunması, habelə hər bir şəxsin hüquq və azadlıqlarının təmin edilməsi, eyni zamanda vətəndaşlarımızın hüquqi, siyasi, sosial mədəniyyət səviyyələrinin yüksəldilməsi, siyasi, sosial fəallıqlarının artırılması sahəsində mühüm addımlar atılıb

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov deyib ki, Azərbaycan Respublikası demokratiya, insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan hüquqi dövlət quruculuğu yolunda böyük inkişaf yolu keçib:

“Bu ölkədə yaşayan insanların layiqli rifah, həyat səviyyəsinin, şəraitinin, cəmiyyətdə özlərini təsdiq etmək imkanlarının artırılması üçün çox böyük işlər görülüb. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1998-ci ildə Milli Dövlət Proqramı təsdiq edilib. Bu isə əsas insan hüquqları sahəsində çox vacib bir sənəd kimi qiymətləndirilməlidir. Demokratik hüquqi dövlət və vətəndaş cəmiyyətinin inkişafı, insanların hüquq və azadlıqlarının formalaşdırılması, onların müdafiəsinə yönələn səmərəli tədbirlər nəticəsində artıq ölkəmizdə bir çox nailiyyətlər əldə olunub. Ölkə Prezidenti cənab İlham Əliyev 2011-ci ildə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramını təsdiq edib. Bu proqramda insan hüquq və azadlıqlarının müdafiəsi, səmərəliliyinin artırılması, cəmiyyətdə hüquqi mədəniyyətin formalaşdırılması, inkişaf etdirilməsi, bunun üçün normativ hüquqi bazanın, hüquq-müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur. Bununla bağlı Prezident Administrasiyasına, Milli Məclisə, Konstitusiya Məhkəməsinə, Baş Prokurorluğa, İnsan Hüquqları üzrə Müvəkkilə, Mətbuat Şurasına və s. tapşırıq və tövsiyələr verilir ki, həmin qurumlar bütün məsələlərin həll olunması üçün lazımi işləri görsünlər. Son illərdə Milli Fəaliyyət Proqramı istiqamətində çox vacib addımlar atılıb. Həm Cinayət Prosessual Məcəlləsində, həm də Cinayət Məcəlləsində yeni çağırışlara uyğun müvafiq qanunlar qəbul edilib. Penistensiar sistemdə yeni formalaşdırılmış və beynəlxalq konvensiyalara uyğun işlərin görülməsi, dünya standartlarına uyğunlaşdırılması, uşaqların cinsi istismarının qarşısının alınması, onların müdafiəsi üçün beynəlxalq hüquqi standartlara uyğunlaşdırılmış yeni qanunlar qəbul olunub. Hüquqi şəxslər tərəfindən insan hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə miqrantlarla, cəzaçəkmə müəssisələrində yatan insanlarla bağlı cinayət məsuliyyətinin müəyyən edilməsinə dair təkliflər hazırlanıb. Bir neçəsi artıq qəbul olunub. Bütün bunlar beynəlxalq konvensiyalara uyğun, beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınaraq yeni qanunların qəbul edilməsi, müasir standartlara uyğun müvafiq dövlət orqanlarının formalaşdırılması – hər biri ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşlarımızın hüquqi mədəniyyət səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərdən sayılmalıdır. Təbii ki, yeni çağırışlar var. Dünyada bir çox sistem, qəbul edilmiş qərarlar, qanunlar sürətlə dəyişir. Dünyada siyasi mənzərə də yenidən formalaşdırılır. Buna uyğun olaraq dövlətlər milli fəaliyyət proqramlarını yeniləyirlər. Azərbaycan dövləti də bu məsələlərə həssas yanaşır. Dövrün tələblərinə uyğun yeni qanunların qəbul edilməsi, yeni təkliflərin verilməsi labüddür. Həmişə də belə olacaq. Bu yolda Azərbaycan dünyanın bir çox aparıcı dövlətləri sırasındadır. Cəmiyyət inkişaf etdikcə bütün bu məsələlər həmişə dövlətin əsas diqqət mərkəzində olan, prioritet vəzifə kimi qalacaq”.

 

Sabiq deputat, politoloq Yusif Bağırzadə isə deyib ki, vətəndaşlarımızın siyasi fəallığının artırılmasının ən başlıca şərti onların siyasi mədəniyyətinin yüksəldilməsindən ibarətdir:

“Başqa sözlə desək, siyasi mədəniyyətin yüksəldilməsi siyasi fəallığın artırılmasına birbaşa təsir göstərir. Hər birimiz son bir neçə ildir ki, Azərbaycan cəmiyyətində siyasi mübarizənin və siyasi münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu müşahidə edirik. Əhalinin populizmə meyilli təbəqəsinin kəmiyyətcə azalması, siyasi sistemlə münasibətdə müxalifətin reallığı qiymətləndirmə cəhdlərinin artması, həmçinin daha dinc mübarizə və mədəni mübarizə üsullarına yer ayırması bu mərhələnin əsas cəhətlərindəndir. Heç şübhəsiz ki, ölkədə mövcud olan yeni siyasi konfiqurasiya, hakimiyyət və siyasi partiyalar arasında mövcud olan dialoq mühiti, ən nəhayət, yeni qəbul olunmuş “Siyasi partiyalar haqqında” qanun vətəndaşlarımızın siyasi fəallığının arıtırılmasında mühüm rol oynayır. Vətəndaşlarımızın siyasi fəallığının artırılması, eləcə də siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, təbii ki, olduqca vacibdir. Ölkədə qəbul olunmuş qanunlar, Konstitusiya, habelə ölkə olaraq qoşulduğumuz beynəlxalq sənədlər bu istiqamətdə öz müsbət töhfələrini verir. Azərbaycan dövləti bu yöndə çox dərin, məzmunlu, hüquqi prinsiplərə əsaslanan qanunvericilik bazası formalaşdırıb, çünki vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial, siyasi fəallığının artırılması dövlətin ən əsas siyasi xətlərindən biridir və belə də olmalıdır. Vətəndaşların siyasi fəallığının, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi ölkənin siyasi mühitinə və siyasi münasibətlərə birbaşa təsir göstərir”.

 

Politoloq bildirib ki, siyasi fəallığın artırılması vətəndaşımızın siyasi mədəniyyət səviyyəsindən birbaşa asılıdır: “Siyasi mədəniyyət anlayışı iki mənada işlənir. Geniş mənada siyasi mədəniyyət bəşər cəmiyyətinin yaratmış olduğu ümumi mədəniyyətin bir hissəsi kimi işlənir, yəni bu halda iqtisadi, dini,  əxlaqi mədəniyyət olduğu kimi, hər bir cəmiyyətdə siyasi mədəniyyət də mövcuddur. Onlar bir-biri ilə sıx bağlıdır. Dar mənada isə siyasi mədəniyyət hər bir fərdin, sosial qrupun, sinfin və ya millətin siyasi davranış və fəaliyyət qaydalarının, onların siyasətə, siyasi hakimiyyətə münasibətlərinin ifadəsi kimi başa düşülür.  Demokratiyanın inkişafı, demokratik rejimin meydana gəlməsi və formalaşması hər şeydən əvvəl yüksək siyasi mədəniyyət tələb edir və onun sayəsində mümkündür. Siyasi mədəniyyət bütövlükdə siyasi davranış, siyasi biliklərə yiyələnmək, siyasi baxışları qiymətləndirmək, nəhayət, siyasi fəaliyyət mədəniyyətidir. Siyasi mədəniyyət cəmiyyətin siyasi həyatında davranış normalarını, fəaliyyət qaydalarını müəyyən etməklə yanaşı, həm də bu norma və qaydaları təyin edir. Bütün bunları nəzərə alaraq qeyd edə bilərik ki, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin əsas əlamətlərindən biri insanlarda siyasi mədəniyyətin tərbiyə edilməsidir. Siyasi mədəniyyətin ən vacib təzahürlərindən biri qərarların qəbul edilməsinə vətəndaşların təsiri, onda iştirak etməsi səviyyəsidir. Xalqın müxtəlif səviyyələrdə siyasi fəaliyyətdə iştirakı idarəetmənin demokratik formasının inkişafına səbəb olur. Bu baxımdan da cəmiyyətdə siyasi mədəniyyətin inkişafında siyasi partiyaların və ümumilikdə siyasi təsisatların rolu əvəzsizdir”.

 

Y.Bağırzadə vurğulayıb ki, siyasi mədəniyyətin formalaşmasında və inkişafında çoxpartiyalılığın da böyük rolu var: “Çoxpartiyalı sistemlərdə siyasi partiyaların bu və ya digər qərarların qəbuluna təsiri daha effektli formada baş verir. Siyasi partiyaların üzvlərinin və ayrı-ayrı informasiya vasitələrinin köməyi ilə cəmiyyəti bu və ya digər qərarların qəbulu üçün səfərbər etməsi, müxtəlif səviyyəli seçkilərdə iştiraka stimullaşdırması, referendum yolu ilə qəbul edilən qərarlarda mövqe ortaya qoymağa dəvət etməsi siyasi mədəniyyətin vacib elementlərindən biri olmaqla yanaşı, siyasi fəallığın artırılmasına birbaşa təsir edir. Bu mənada da siyasi mədəniyyətin inkişafında siyasi partiyaların üzərinə çox böyük vəzifə düşür. Amma siyasi fəallığın artırılmasını və eləcə də siyasi mədəniyyətin inkişafını təkcə siyasi partiyaların üzərinə qoymaq da düzgün deyil. Belə ki, siyasi mədəniyyətin geniş şəkildə inkişafı kompleks yanaşma tələb edir və burada ayrı-ayrı dövlət qurumlarının da üzərinə böyük vəzifə düşür. Çünki siyasi mədəniyyətin inkişafı həm də cəmiyyətin siyasi cəhətdən yeniləşməsi səviyyəsi ilə ölçülür. Buna isə sosial-siyasi həyatda geniş islahatların keçirilməsi ilə nail olmaq olar. Tam məsuliyyəti ilə demək olar ki, son bir neçə ildir, məhz bu istiqamətdə həyata keçirilən islahatlar, hakimiyyət və siyasi partiyalar arasında münasibətlərin inkişafı istiqamətində atılan addımlar nəticə etibarilə yeni siyasi mədəniyyət formalaşmasına öz müsbət təsirini göstərib”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

Tarix: 4 Fevral 2023, 15:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin