BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda musiqi dinləməyə görə qətl törədən şəxs kassasiya şikayəti verdi

Bakıda qətl törətməkdə təqsirləndirilən Rəhman İsmayılovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.

 

Şikayət hakim İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası fevralın 9-na təyin edilib.

 

Qeyd: Rəhman İsmayılov aralarında yaranmış mübahisə zəminində Cəlal Marifzadəni qətlə yetirib. Hadisə 11oktyabr 2019-cu ildə paytaxtın Nərimanov rayonunda baş verib. Belə ki, Rəhman bibisigilə qonaq gedib. Fərdi yaşayış evinin qarşısında o, bibisi, bibisinin gəlini və həyat yoldaşı ilə birlikdə mahnıya qulaq asıb. Rəhman bu zaman səsgücləndiricidən istifadə edib.

 

Məhəllə sakini Cəlal Marifzadə ona yaxınlaşaraq mahnının səsini azaltmasını istəyib. Bu zaman aralarında mübahisə yaranıb.

 

İttihamda göstərilib ki, Rəhman Cəlalın bu hərəkətlərindən qəzəblənib. Bibisinin evindən bıçaq götürərək Cəlalın yaşadığı mənzilə gedən Rəhman onun evdən çıxmasını gözləyib.

 

Cəlal evdən çıxan zaman Rəhman onunla mübahisə etməyə başlayıb. Cibindən bıçağı çıxaran Rəhman Cəlalın qarın nahiyyəsinə bir neçə zərbə endirib. Cəlal aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

 

Törətdiyi əmələ görə Rəhman İsmayılova Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Elan edilmiş ittihamla Rəhman İsmayılov özünü qismən təqsirli bilib. Sərbəst ifadə verən Rəhman İsmayılov qeyd edib ki, hadisənin baş verməsinə səbəb Cəlalın söyüş söyməsi olub.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib. Onun cəzasının əvvəli 12 oktyabr 2019-cu il tarixdən hesablanmaqla və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

Məhkəmə hökmü ilə razılaşmayan cinayət işinin baxılmasında iştirak etmiş dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxsin varisinin vəkili və nümayəndəsi apellyasiya şikayəti  verərək birinci instansiya məhkəməsinin hökmünün ləğv olunmasını və təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli cəza təyin olunması barədə yeni ittiham hökmünün çıxarılmasını xahiş edib.

 

Bakı Apellyasiya Məhkəməsi protesti və şikayəti təmin etməyib. Bu qərarından narazı qalan dövlət ittihamçısı kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş edib. Ali Məhkəmə kassasiya protestini təmin edib. Rəhman İsmayılov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə Bakı Apellyasiya Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilib və iş yeni apellyasiya baxışına təyin olunub.

 

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, dövlət ittihamçısının verdiyi apellyasiya protesti təmin edilib və zərərçəkmişin hüquqi varisinin vəkili və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmü ləğv edilib və iş üzrə yeni ittiham hökmü çıxarılıb.

 

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə təqsirli bilinib, cəzasının əvvəli 12 oktyabr 2019-cu il tarixdən hesablanmaqla və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 6 Fevral 2023, 08:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin