BURADA REKLAMINIZ OLA
BİLƏR

Nərimanov RİH-dən daha bir şikayət - Prezidentə müraciət edildi - FOTO

Nərimanov rayonu Mayakovski 15 ünvanında yerləşən bina sakinləri onlara təklif edilən kompensasiyanın məbləğindən narazıdırlar.

 

Bu barədə sözügedən binada yaşayan sakinlərin Pravda.az-a ünvanladıqları şikayətdə qeyd olunub.

 

Sakinlər bildiriblər ki, onlar təzyiqlərə görə Prezident İlham Əliyevə məktub yazaraq kömək istəyiblər.

 

Məktubu olduğu kimi təqdim edirik:

 

“Cənab Prezident!

 

Sizə müraciət edərək 61 mənzilli binanın, 250-dək sakinin son ümidi olan evimizlə əlaqədar yaranan problemin həlli ilə bağlı kömək istəyirik. Hazırda 61 ailə Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15 ünvanındakı dördmərtəbəli binada yaşayırıq. 2022-ci ilin dekabr ayında Nərimanov rayon İcra Hakimiyyətinin və Mənzil İstismar Sahəsinin nümayəndələri bizə bildirdilər ki, yaxın vaxtlarda yaşadığımız bina söküləcək və sökülərkən ədalətli şəkildə kompensasiya veriləcək, yaxud yaxın ərazidə tikiləcək binalarda mənzillə təmin olunacaqsız. Lakin 20.01.2023-ci il tarixdə bizə qeyri-rəsmi bildiriş verilmiş və Nərimanov RİH baş məsləhətçisi Eldəniz Əbdülov 1 kvadrat metr üçün 2000 manat kompensasiyanın veriləcəyini söyləmişdir. Xatırladaq ki, binadakı mənzillərin kvadratmetri bir otaqlılarda 14-20 kvadratmetr, 2 otaqlılarda isə 30-40 kvadratmetr arasında dəyişir.

 

Cənab Prezident, Sizə müraciət etməklə bildiririk ki, binada yaşayan ailələr kompensasiyanın məbləğindən razı deyil. Belə ki, yaşadığımız ərazidə verilən kompensasiya hesabına ev almaq qeyri-mümkündür. “Montin” qəsəbəsi və Nərimanov metrosu ətrafında, mənzillərin tam təmirsizi 1 kvadrat metr üzrə minimum 2000-2500 manata satılır. Sizdən xahiş edirik, dəfələrlə özünüzün də bəyan etdiyiniz kimi digər pilot layihələrdə olduğu kimi bizə elə bir kompensasiya məbləği verilsin ki, mənzilimizə uyğun bir mənzil ala bilək. Yaxud elə binanın yerləşdiyi ərazidəki yeni tikililərdə mənzillərlə təmin olunaq. Qeyd edək ki, bu ərazidə 1 otaqlı mənzillərin minimum qiyməti 85 min manat təşkil edir.

 

Dəfələrlə prezident seçkilərində Sizə səs vermiş, Sizin daxili və xarici siyasətinizi tam dəstəkləmişik. Sizin sayənizdə qalib Azərbaycanın vətəndaşı olmaqdan qürur duyuruq və Sizi ömürlük Prezident görmək istəyirik. Sizə arxalanırıq və son ümidimiz olan evimizin ədalətli prinsiplə qiymətləndiriləcəyinə inanırıq!”

 

Məsələ ilə bağlı Pravda.az Nərimanov Rayon İcra Hakimiyyətinə sorğu göndərib.

 

Qeyd: Rayon icra hakimiyyətinin başçısı Elgin Həbibullayevdir.

 

Aytəkin Qardaşova

Fotoları təqdim edirik
Tarix: 6 Fevral 2023, 10:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin