BURADA REKLAMINIZ OLA
BİLƏR

“Məhkəmənin öz hökmündə ibtidai istintaq zamanı əldə edilmiş sübutlara istinad etməsi normal haldır”

“Bir çox həmkarlarımız arasında belə bir fikir mövcuddur ki, məhkəmə ibtidai istintaq zamanı əldə edilmiş sübutlara istinad edə bilməz. Bu cür düşünən yoldaşlar buna arqument olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş “məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslanmalı olmasına dair” dair müddəasıdır. Əlbəttə sübutlar, onların toplanması, qiymətləndirilməsi çox dərin mövzdur və belə bir qısa statusda buna tam aydınlıq gətirmək və şərh etmək tam olaraq mümkün deyildir. Hesab edirəm ki, “məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslanmalı olmasına dair” dair müddəası şərh edilərkən nəzərə alınmalıdır ki, ilkin sübutlar cinayət işi üzrə ibtidai istintaq zamanı toplanır. Məhz ona görə də bu mərhələ ibtidai anlayışına sahibdir. Məhkəmə həmin sübutları məhkəmə baxışı zamanı tədqiq edərək müəyyən bir nəticəyə gəlir. Məhkəmənin sübutları tədqiq etmək anlayışı hər-hansı bir şahidin məhkəmədə verdiyi ifadənin mütləq doğruluğu və mötəbərliliyi anlamına gəlməməlidir. Əks təqdirdə ibtidai istintaqın aparılmasının və orada sübutların toplanmasının heç bir əhəmiyyəti olmazdı”.

 

Pravda.az-ın xəbərinə görə, bunu vəkil Vüqar Babayev bildirib.

 

Onun sözlərinə görə, məhkəmə tədqiqatı sübutların elanı, dəqiqləşdirmələrin aparılması, sualların verilməsi, çarpaz dindirmələrin aparılması, zərurət olduğu təqdirdə yeni sübutların tələb edilməsi və digər hərəkətlərdən ibarət olan bir prosesdir: “Nəzərə almaq lazımdır ki, bir sıra sübutlar çox halda məhkəmə baxışı zamanı yenidən toplanmır. O, cümlədən hadisə yerinə baxış, ifadələrin yerində yoxlanılması və sairə sübutlar əsasən ibtidai istintaq hərəkətləri ilə toplananlardan ibarətdir. Əgər bu məntiqlə yanaşsaq, o zaman həmin sübutların da mötəbər və təkzibedilməzliyi də şübhəli olardı və məhkəmənin yekun nəticəyə gəlməsində heç bir əhəmiyyət kəsb etməzdi. Yəni hər bir halda zərurətin olub-olmamasından asılı olmayaraq yuxarıda sadalanan hərəkətləri də, yəni məsələn cinayət işinin materiallarında ekspert rəyinin olub-olmamağından asılı olmayaraq yenidən mütləq qaydada ekspertiza keçirməli, hadisə yerinə baxış keçirməli və sairə sübutları yenidən toplamalı olardı. Təqsirləndirilən, zərər çəkmiş şəxs, şahid və ya hər-hansı bir digər şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadədən mahiyyəti üzrə əhəmiyyətli dərəcədə fərqlənən ifadə verərsə bu artıq yeni sübutdur və məhkəmə həmin şəxsin ifadəsini onun ibtidai istintaq, məhkəmə baxışı zamanı verdiyi ifadələrlə, iş materiallarında olan digər sübutlarla müqayisəli təhlilini aparmalı, işin faktik hallarına əsasən və iş materiallarında olan digər əlaqəli sübutları tədqiq edərək həmin ifadələrdən hansının daha mötəbər olması qənaətinə gəlməlidir. Sübutların bu cürə qiymətləndirilməsi özü də məhkəmə tədqiqatıdır və heç də hər bir halda məhkəmə istintaqı zamanı əldə edilən və ittiham tərəfinin məhkəməyə təqdim etdiyi sübutdan daha mötəbər olması anlamına gəlmir və yaxud da əksinə, ibtidai istintaq zamanı əldə edilmiş sübutlar üstün və mütləq deyildir. Ona görə də məhkəmənin öz hökmündə ibtidai istintaq zamanı əldə edilmiş sübutlara istinad etməsi normal haldır və məhkəmənini yekun qərarının mütləq qaydada əsassızlığı kimi qiymətləndirilə bilməz”.

Tarix: 10 Fevral 2023, 09:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin