BURADA REKLAMINIZ OLA
BİLƏR

Media Reyestri daha bir problemi üzə çıxardı: Uzun illərdir, mediada çalışan jurnalistlərin iş stajı sistemdə niyə az hesablanır?

Media İnkişafı Agentliyinin rəsmi internet saytına daxil olaraq qeydiyyatdan keçmək istəyən jurnalistlərin bir çoxu bildirirlər ki, onların iş stajının müddəti əmək kitabçalarında göstərilən müddətdən dəfələrlə az görünür. Bu problemlə üzləşən jurnalistlərdən biri də tanınmış teleaparıcı Aytən Səfərovadır. O bildirib ki, mediada çalışmağa başladığı 1996-cı ildən etibarən bu günə qədər bütün fəaliyyəti rəsmi şəkildə əmək kitabçasında qeyd olunub. Buna baxmayaraq, onun 26 illik iş stajı MEDİA-nın saytında 6 il, 1 ay kimi görünür. Onun sözlərinə görə, 26 il ərzində, təxminən, 5 il VÖEN-ə keçirilsə də, sonradan yenə ənənəvi qaydada işləyib. Belə olan halda, bunun məsuliyyətini kim daşıyır? Media nümayəndələrinin iş stajının düzgün hesablanmamasına cavabdeh kimdir?

 

Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən hüquqşünas Əkrəm Həsənov deyib ki, bu məsələnin yalnız bir cavabı ola bilər:

“Jurnalisti işə götürən şirkət, ya media qurumunun rəhbərləri işçilərinin rəsmi işçi olmalarını dövlətdən gizlədiblər. Belə çıxır ki, onlar Dövlət Sosial Müdafiə Fondundan məcburi sığorta haqqı, dövlət büdcəsinə gəlir vergisi ödəməyiblər. Bunu başqa cür izah etmək olmur. Hər jurnalistin staj müddətində illər, təbii ki, həmin illərdə qanunvericilik də fərqli olub. 2500 manata qədər 14%, 2500 manatdan yuxarı isə 25% gəlir vergisidir. Yəqin ki, 14% vergini ödəməyiblər. DSMF-dən isə 25%-i gizlədiblər. Yəni 22%-i işə götürən ödəməli idi, 3%-i də işçinin maaşından tutub ödəməli idilər. 25%+14%=39% yayınma olub. Yayındıqları üçün dövlətə məlumat verməyiblər, əmək kitabçasında yazsalar belə, işçini də aldadıblar. Aytən Səfərovanın sözündən belə başa düşdüm ki, hansısa məqamda deyiblər “gedin VÖEN alın, fərdi sahibkar olun”. Bu, niyə olub? Çünki təxminən, 2014-cü ildən Azərbaycanda əmək müqavilələrinin elektron sistemi var. Hər şey sistemdə qeydiyyatdadır. Yəqin ki, sistem çıxanda, həmin media qurumları jurnalistləri fərdi sahibkar ediblər. Daxil olan məlumatlardan belə görürəm ki, günah işə götürəndə - media qurumunun rəhbərliyindədir. İşçini işçi kimi dövlətə göstərməyiblər. Səbəbi budur. Həmin jurnalistlər şikayət etməlidirlər. Məsələn, Aytən Səfərova deyir ki, əlindəki əmək kitabçasında imzalar, möhürlər var. Müraciət etməlidirlər, məsələ araşdırılmalı, buna yol verən şəxslər məsuliyyətə cəlb olunmalı, dövlətdən gizlətdikləri vergini ödəməlidirlər. Bu yolla jurnalistlərin iş stajları bərpa oluna bilər. Başqa yolu yoxdur”.

 

Aytəkin Qardaşova

Tarix: 13 Fevral 2023, 17:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin