BURADA REKLAMINIZ OLA
BİLƏR

Kamal Yaşar: “Səssizliyi pozdum”

Xəbər verdiyimiz kimi, tanınmış rejissor, dublyaj aktyoru Kamal Yaşar iki gün öncə - fevralın 13-də Prezident İlham Əliyevə açıq müraciət edib. Aktyor “Facebook” hesabında videogörüntülü şəkildə ünvanladığı müraciətdə dublaj etdiyi cizgi film qəhrəmanlarının səsi ilə dublyaj sahəsinin və bu sahədə çalışan aktyorların problemlərindən danışıb.

 

Pravda.az xəbər verir ki onun müraciəti sosial şəbəkələrdə böyük rezonans doğurub, geniş kütlə tərəfindən paylaşılıb. Müraciətdən bir gün sonra - fevralın 14-də isə Mədəniyyət TV-də müəllifi və aparıcısı olduğu “Kinokitab” layihəsi dayandırılıb.

 

K.Yaşar məsələ ilə bağlı əlavə şərh vermək istəmədiyini deyib.

 

“Mən incəsənət xadimiyəm. Bu məsələdə də özünüifadəmin məhz bu yolla daha uyğun olduğunu düşünərək belə yanaşma sərgiləmişəm. Çəkdiyim videoda hər şey sadə, açıq və aydın bəllidir. Əlaqədar qurumlar illərlə bu sahəni başsız qoyduqları üçün mən bunu etmişəm, məcbur qalıb ölkə başçısına bu cür müraciət etmişəm. Bundan sonrası isə artıq mənə aid deyil. Mənim işim problemi, dərdi duyurmaq idi və bu, mənim fərdi-şəxsi yox, ümumən incəsənətin dərdidir. Bunun da başbilənləri var. Əgər düzəlməlidirsə, düzələcək. Düzəlməməlidirsə, mənim adi oyunçu kimi bunu düzəltməyə heç bir gücüm yoxdur. Bu, illərdir belə davam edirdi. Mən səssizliyi pozdum. Amma edə biləcəyim bundan artığı deyil. Əgər dövlət səviyyəsində diqqət olsa, bu sahənin problemlərini konseptual şəkildə yazıb, planlayıb sistemləşdirmək və həll etmək mənim üçün su içimi kimidir. Mən və həmkarlarım durumu düzəltmək üçün dərhal səfərbər ola bilərik. Amma bu, gərək yuxarıdan həll olunsun. Bu qədər sadə. Olmayacaqsa da, olmayacaq, məndən bu qədər. Məsələyə həssaslıqla yanaşan hər kəsə təşəkkür edirəm”, - aktyor bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 15 Fevral 2023, 13:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin