BURADA REKLAMINIZ OLA
BİLƏR

Fəhlənin ölümündə günahlandırılan şirkət rəhbəri ilə bağlı verilən qərar açıqlandı

“Kranpartner” MMC-nin baş direktoru Emil Paşayevin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

 

Qeyd: 2021-ci il iyunun 19-u saat 13 radələrində Xaçmaz rayonu ərazisində yerləşən “Xaçmaz Yaşayış Kompleksi”ndə Kamran Cəfərovun təmir-tikinti işləri apararkən aldığı xəsarətlər nəticəsində ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

 

Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, “Kranpartner” MMC-də quraşdırıcı kimi çalışan 1994-cü il təvəllüdlü Kamran Cəfərov kranın seksiyalarının quraşdırılması işlərini apararkən krandan yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Daha sonra Emil Paşayevin barəsində Cinayət Məcəlləsində 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə o, 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalındaca həbs edilib. Həmçinin 41 yaşlı E.Paşayev azadlığın məhdudlaşdırılması ilə bağlı cəzadan sonra 2 il müddətə “tikinti quraşdırma və tikinti təhülkəsizlik sahəsində rəhbər və maddi-məsul” vəzifə tutma hüququndan məhrum olunub. Bu hökmdən məhkum narazı qalıb və apellyasiya şikayəti verib. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü təqsirləndirilən şəxsə cəza təyini hissəsində dəyişdirilib.

 

Belə ki, Emil Paşayevin 5 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti 4 il 6 ayadək endirilib. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Xatırlatma: “Kranpartner” şirkəti kranların quraşdırılması, onlara texniki xidmətin göstərilməsi kimi fəaliyyətlərlə məşğul olur.

 

Kamal Məmmədov

Tarix: 16 Fevral 2023, 08:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin