BURADA REKLAMINIZ OLA
BİLƏR

Nuriyyə Hüseynova “Qorqud” ansamblının ləğvindən danışdı: “Əməyin nə dəyəri, nə qiyməti var, işləyən adam lazım deyil...”

Xəbər verdyimiz kimi, AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən, Folklor İnstitutunun Musiqi folkloru şöbəsi ləğv edilib və bu səbəbdən institutun Elmi Şurasının qərarı ilə “Qorqud” ansamblının da fəaliyyətinə xitam verilib.

 

“Qorqud” ansamblının rəhbəri, Əməkdar artist Nuriyyə Hüseynova Pravda.az-a müsahibəsində AMEA-nın qərarı ilə bağlı etirazını bildirib.

 

O deyib ki, təkcə Musiqi şöbəsi yox, AMEA-da bir çox qurumları ləğv edirlər: “Niyə ləğv etdiklərinin səbəbini bilmirəm. Bizə, sadəcə deyiblər ki, gəlin hamınız ərizə yazın. Çox üzülürəm. Mən sənət insanıyam, səhnədəyəm, səfərlərim, səhnə, televiziya fəaliyyətim, ictimai insan kimi fəaliyyətim dayanmır. Ansamblda oldum-olmadım, bu, həmişə davam edəcək. Sadəcə, işləmək istəyirdim. Biz yaradıcı insanlarıq, bizim üçün hər yerdə iş də var. Fəaliyyətimiz təkcə ansambldan ibarət deyil ki, deyəm “bağlandı, qaldıq havada”. Xeyr. Məsələ bu deyil. Söhbət ansamblın üzvlərindən gedir, özümü kənara qoyuram. Ansamblın elə üzvləri var ki, gözlərini ordan aldıqları maaşa dikiblər. Birtəhər, zülmlə dolanırlar, toya, şou proqrama getmir, sırf ciddi musiqiyə xidmət edirlər. Onsuz da maaşlar azdır, ansambldan elə yüksək maaş da almırdıq… Bəziləri sənətə yaxşı yaşamaq, maddiyyat üçün gəlir. Gündəlik insanları əyləndirəcək musiqilərlə üzə çıxırlar, insanlar da onlara daha çox meyil edir. Onların qazanc yeri, toyları, tədbirləri həmişə olur. Amma ciddi sənətə xidmət edən insanlar yalnız maaşla dolanırlar. Ansamblın ləğv edildiməsi ilə bağlı qərar veriləndə deməyə söz tapmadım.  Dedim ki, artıq sözün bitdiyi yerdir. Bundan sonra necə olacaq, deyə bilmərəm. Xatırlayıram ki, cənab Prezident İlham Əliyev folklor ansambllarının inkişafı ilə bağlı çıxış etmişdi. Həmin çıxışdan sonra bizi V Xarıbülbül Beynəlxalq Folklor Festivalına dəvət etdilər. Bölgələrimizdə fəaliyyət göstərən bir çox folklor ansamblları ilə birgə festivalda çıxış etdik. Möhtəşəm tədbir idi. Xalqın milli-mənəvi sərvəti onun folkloru, milli ənənələri, keçmişidir. Biz bununla varıq. Düşündük ki, bundan sonra fəaliyyətimiz daha gözəl olacaq, irəli gedəcəyik, inkişaf edəcəyik. Amma qışın bu oğlan çağında, insanların dolanışığının çətin vaxtında, bu bahalıqda, iş yeri tapmamış deyirlər ki, ansambl ləğv edildi. Musiqi folkloru şöbəsi AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun nəzdinə verildi. Şöbənin işçilərini də ora göndərdilər. Düşündüm ki, yəqin, bizi də göndərərlər. Amma olmadı. Birbaşa dedilər ki, hamı gedib özünə iş tapsın. İşi olmayan da gedib evdə otursun...”

 

O, ansamblın üzvlərinin AMEA-nın qərarı ilə bağlı müraciət edib-etmədikləri sualına isə belə cavab verib: “Mən demokratik bir insanam. Demokratiyanı anarxiya hesab edən adamları tənqid edirəm. Demokratiya “anarxiya” demək deyil. İnsan kimi demokratiyanı sevirəm. Kiməsə basqı etməyi, kimisə nəyəsə məcbur etməyi sevmirəm. Ayrı-ayrılıqda hər kəsi danışdırsanız, görərsiniz. Hətta İnstitut mənə ayrıca bir otaq da vermişdi, öz otağım idi. Amma mən o otağa bir dəfə olsun, girmirdim ki, özümü rəhbər kimi aparım. Uşaqlara deyirdim ki, biz yaradıcı insanlarıq, sənət adamlarıyıq. Bizim işimiz səhnədir, ortaya gözəl işlər qoymaqdır. Nə rəhbər? Hamımız sənət dostlarıyıq. Həmişə də belə olub. Buna görə də ansamblın heç bir üzvünə deyə bilmərəm ki, etiraz et. Bilmirəm bunun kökündə nə durur. Ola bilsin, AMEA maaş verə bilmir, ona görə ansambl bağlanır”.

 

N.Hüseynova bildirib ki, “Qorqud” ansamblının öz dəsti-xətti var: “Mən işləməyi çox sevirəm. Sənətimi o qədər çox sevirəm ki. 30 ildən artıqdır, ansambl “İrs” adı ilə fəaliyyət göstərirdi. Sidqi Mustafayev pensiyaya gedəndən sonra ansambla rəhbərlik etdim. 2014-cü ildən bu günə qədər ansamblımızın Beynəlxalq Muğam Mərkəzi ilə birgə imzaladığımız müqaviləyə əsasən, AZTV-nin də lentə aldığı dövlət tədbirləri, böyük layihələr oldu. Hamısının ideya müəllifi mən idim. Vətən müharibəsində qazandığımız qələbə ilə bağlı ötən il gözəl bir konsert proqramımız baş tutdu. Sonra qazilərimiz, şəhid ailələrimiz üçün bir tədbir keçirdik. Nəsimiyə, Hüseyn Cavidə həsr olunmuş gecə, AXC-nin 100 illiyi ilə bağlı, eyni zamanda “Şuşa İli” çərçivəsində tədbir keçirdik. Bu kimi xeyli tədbirlərimiz oldu. Bilmirəm hansını deyim. Naxçıvanda böyük alim, folklorşünas, 174 növ “yallı” növünü nota köçürən bir insan – Əkrəm Məmmədlinin varlığını belə hiss etməmişdilər. Mən onu Bakıya gətirdim, kitabının təqdimatını etdik, böyük tədbir keçirdik. Uzun illər “İrs” ansamblında fəaliyyət göstərən Mələkxanım Əyyubovanın 60 illik yubileyini qeyd etdik. Sonuncu tədbirimiz Əhməd Cavada həsr olunmuş gecə idi. Bundan sonra növbəti tədbirimiz fevralın 15-də Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bir millət, iki dövlət” tədbiri olacaqdı. Tədbir Mədəniyyət Nazirliyi, AMEA, Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi idi, Türkiyədən gələn sənətçi Orxan Çakmakın dəstəyi ilə keçiriləcəkdi. Türkiyədə baş verən fəlakət səbəbilə tədbir təxirə salındı, fevralın 23-nə keçirildi. Yəqin ki, AMEA-nın adı artıq qeyd olunmayacaq. Türkiyədən də sənətçilər gələcək. Tədbirin proqramına dəyişiklik etdik, şən musiqilər çıxarıldı. Əsas Allah bizə maneə olmasın, bəndənin maneə olması mənim üçün önəmli deyil. Martın 16-na Yunis Əmrə İnstitutu ilə birgə Beynəlxalq Muğam Mərkəzində “Aşıq Veysəl”in gecəsini hazırlayırıq. Bu, mənim işimdir, zövqlə, sevə-sevə edirəm. Əməyimlə, zəhmətimlə buralara qədər gəlib çıxan sənətçiyəm. Amma belə çıxır ki, işləyən adam lazım deyil. Gözləyək…”

 

N.Hüseynova bildirib ki, Türkiyədə folklor musiqiləri, milli ansambllar həddən artıq çoxdur: “Türk Dünyası ilə bağlı tədbirlərə gedəndə hamısını görürəm. Bir qrupda 70-80 nəfər adam olur. Hamısı da dövlətdən maaş alır. Amma bizdə folklor ansamblı, demək olar, yoxdur. Rayonlarda var, amma dövlət səviyyəsində deyil. Mədəniyyət evlərinin nəzdində olurlar, ya da özəl fəaliyyət göstərirlər. “Qorqud” ansamblı isə sırf dövlətdən maliyyələşirdi. Çox deyildi, bir idi. Kaş belə olmazdı. Heç yaxşı şey deyil. Həmişə deyirsən ki, il ildən daha gözəl olacaq. Biz yaşımızın ən gənc vaxtlarından bu sənətə gəldik. Mən müsabiqədən keçib, ən birinci Heydər Əliyevin göstərişi ilə Bakıya gəlmişəm, ulu öndərin göstərişi ilə Bülbül adına məktəbdə, Konservatoriyada təhsil almışam. Bu boyda əziyyət, təhsil… Həm ailə, ev, uşaq, həm bu sənətin yükü… Çox çətindir. Mən bu yükü üzərimə alıb, çox çətinliklə bu günə qədər daşıyıb gətirmişəm. Düşünmüşəm ki, hər il daha yaxşı olacaq, əməyimə, zəhmətimə dəyər veriləcək. Gözləyə-gözləyə gəldik, müəyyən yaşa çatdıq. Gördük ki, yox, əməyin nə dəyəri, nə qiyməti var. Dünən şou ilə gəlib üzə çıxan, ölkənin mənəviyyatını pozan adamlar səndən qat-qat öndədir. Həm maddi, həm mənəvi – hərtərəfli səndən qat-qat üstün və gözəl yaşayır. Buna görə də insan qəribə hallara düşür ki, əcaba, onda mən nə üçünəm, kimə lazımam? Təkcə özümü nəzərdə tutmuram, mənim kimi xeyli sənət adamı var. Bu insanlara qarşı bu qədər laqeyd, diqqətsiz olmaq olmaz. Bu Vətən bizimdir. 44 günlük müharibədə oğlum, kürəkənim, bacımın oğlu – üç hərbçini Qarabağa, döyüş bölgəsinə göndərmişdim. Oğlum minlərlə yaralı əsgəri səhra hospitalında əməliyyatla həyata qaytarıb. Könüllü gedib, orda can qoyub. Bu ölkənin vətəndaşıdır, borcu idi, getməli idi. Kim hansı sahədə çalışırsa, əlindən gələni bu Vətən, millət, dövlət üçün etmək onun müqəddəs borcudur. Buna görə heç kimə təşəkkür düşmür. Bütün terror, xoşagəlməz hadisələr, zəlzələlər və s. niyə müsəlman ölkələrindədir? Niyə xristian ölkələrində baş vermir? Gəlin, bəzi şeyləri özümüzlə əlaqələndirək. Görək, “Quran”da yazılanlara, İslamın qaydalarına müsəlman ölkələrində nə dərəcədə əməl olunur? Əməl olunsaydı, Türkiyə kimi dindar bir ölkədə - ideal saydığımız Türkiyə dinə daha çox riayət edir – insan oğlu Allahın tövsiyyə etdiyi dürüstlüyə əməl edirmi? Etsəydi, bu faciə niyə yaşanırdı? Yerlə-yeksan oldu. Niyə? Göydən yerə gələn, toz olan binalar... Həlak olan dörd tələbəmizə baxanda ürəyimin yağı əriyir. Bacardığım qədər Vətənimə, mədəniyyətimə xidmət edirəm. Amma baxıram ki, bu qədər fəaliyyətimiz var, ölkəmizə sevgimiz, sayğımız… Görürəm ki, heç biri qiymətdə deyilmiş…”

 

Aytəkin Qardaşova

Tarix: 16 Fevral 2023, 09:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin